Rusiya xarici işlər naziri Sergey Lavrovun “Rossiya-24” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər, gözlənildiyi kimi, Ermənistanda isterikaya səbəb olub. Bu barədə danışmazdan öncə qeyd edək ki, Lavrov açıq mətnlə Ermənistanı işğalda və KTMT-yə qarşı məkrli mövqe tutmaqda ittiham edib.
Nazir bildirib ki, Ermənistan Azərbaycanın ərazilərini işğal etmişdi və Azərbaycan öz torpaqlarını geri qaytardı: “Ermənistan Azərbaycanın 7 rayonunu işğal etmişdi. Azərbaycan ərazilərini geri qaytardı”. Lavrov KTMT missiyasının Ermənistanın Azərbaycanla sərhəd hissəsində yerləşdirilməsi məsələsinə də toxunub: “Ermənistan və Azərbaycan Qafqazda vəziyyətin stabilləşdirilməsi yollarını axtarmağa davam edərkən KTMT kömək etməyə hazırdır. Ötən ilin sentyabrında toqquşma zamanı hər iki tərəfdən 300-ə yaxın insan həlak olmuşdu. Biz Ermənistanın xahişini aldıq. KTMT-nin baş katibi xüsusi ekspertlər missiyası ilə Ermənistan-Azərbaycan sərhədinə getdi və KTMT missiyasının Ermənistanın Azərbaycanla sərhəd hissəsində yerləşdirilməsi planını gətirdi. Bu plan kifayət qədər çoxdan hazır idi. Lakin Ermənistan tərəfi bizi tələsdirmədi və yekunda İrəvanda sammitdə biz müvafiq qərarla bunu bitirdik”. Amma Lavrov Ermənistanın bu qərarda Azərbaycanın qəti şəkildə qınanılmasını şərt kimi qoyduğunu və KTMT ölkələrinin buna razı olmadıqlarını xatırladıb: “Ona görə yox ki, kimisə himayə edək, kiməsə dəstək olmayaq. Sadəcə, Qarabağ müharibəsinin tarixi onilliklərlə dərinə gedir. Uzun illər Ermənistan Azərbaycanın yeddi rayonunu işğal etmişdi. Sonra Rusiya çoxsaylı variantlar təklif etmişdi ki, əvvəlki Ermənistan rəhbərliyi bunu çox müsbət qarşılamamışdı, həmin əraziləri, hansı ki, onlar heç vaxt iddia etmirdilər, əllərində saxlamağı arzulayırdılar. Bəli, Azərbaycan ona məxsus torpaqları geri qaytardı”. Lavrov Ermənistan və Azərbaycanın Avropa İttifaqı ilə birlikdə sülh müqaviləsini bağlamağa hazır olduqları haqqında sənədi imzaladıqlarını və həmin sənəddə sülh müqaviləsinin 1991-ci ilin Almatı Bəyannaməsinin şərtləri əsasında imzalanacağını xatırladıb: “Bizə hətta gələcək addımları müəyyənləşdirmək çətindir. Çünki Almatı Bəyannaməsində deyilir ki, yeni dövlətlər arasındakı sərhədlər Sovet İttifaqına daxil olan Sovet Respublikalarının inzibati sərhədləri olacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti isə Azərbaycan Sovet Respublikasının tərkibində olub. Ona görə də, burada vəziyyət çoxqatlıdır. KTMT-nin bu sadə olmayan vəziyyətdə sülhməramlı missiyasının yerləşdirilməsi planını hazırlaması faktı, düşünürəm ki, çox vacib nailiyyətdir. Bu təklif hələ də masa üzərindədir. Əgər bizim ermənistanlı müttəfiqlərimiz, dostlarımız əvvəlki kimi bunda maraqlıdırlarsa, KTMT sülhməramlı missiyasını bir-iki gün ərzində yerləşdirmək olar”.
Ermənistan parlamentinin iqtidaryönlü deputatı Sarqis Xandanyan “Azatutyun” radiosuna müsahibəsində vurğulayıb ki, baş verənlərə görə Ermənistanı ittiham etmək lazım deyil və KTMT özü günahkardır: “Təəssüflər olsun ki, KTMT reallığı nəzərə almır və baş verənlərə qiymət vermir”. Lavrovun Ermənistanın uzun illər Azərbaycanın Qarabağ ətrafındakı 7 rayonunu işğal altında saxlaması, problemin həlli ilə bağlı Moskvanın təkliflərini rədd etməsi, bundan sonra Azərbaycanın ona məxsus torpaqları geri qaytarması ilə bağlı bəyanatına cavab olaraq erməni deputat bildirib ki, Ermənistan Rusiyanın bu mövqeyndən narazıdır: “Xeyr, bütün danışıqlar prosesi zamanı aydın idi ki, Ermənistan istənilən varianta razılaşdığı anda Azərbaycanın tələbləri getdikcə daha da artacaq və bu halda onlar Ermənistan üçün qəbuledilməz həddə çatacaq. Ona görə də Ermənistanı heç bir nəticə əldə etməməkdə qınamaq olmaz. Mən burada Ermənistanı günahlandırmağı məntiqli hesab etmirəm. Yaxşı olar Rusiya öz hərəkətlərinə baxsın”. Ermənistanın “Demokratik Alternativ” partiyasının sədri, erməni politoloq Suren Surenyantsın sözlərinə görə, Lavrovu ittiham etmək olmaz. Çünki Azərbaycan Rusiya və Qərb üçün daha vacib ölkədir: “Problem bizdədir, bizdə həmişə reallıqla heç bir əlaqəsi olmayan bir gözlənti meydanı yaradan qüvvələr var. Avropa İttifaqının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığı varsa, ona qarşı sanksiyalar tətbiq edə bilməz. Bu bir mesajdır ki, gedin, Azərbaycanla dialoq yolu ilə öz problemlərinizi həll etməyə çalışın və Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq üçün alət axtarmağa çalışmayın. Bu cür mesajlar nəhayət siyasi sahəmizin müəyyən hissəsinin illüziyalarını kökündən qopara bilər. İnsan illüziyalarla yaşaya bilməz. Həm Moskva ilə əlaqəli olan ruspərəstlər, həm də Brüssel və Vaşinqtonla əlaqəli olan qərbpərəstlər cəmiyyətdə bir tərəfdən Rusiya hakimiyyətinin, digər tərəfdən isə Avropa İttifaqı və ABŞ səlahiyyətlilərinin müəyyən etmədiyi gözləntilər zolağı yaradırlar. Bəli, Avropa İttifaqı Azərbaycana qarşı əməli addımlar atmayacaq. Hər şeyə daha çoxqatlı baxmalıyıq. Həm Rusiyanın, həm də Qərbin Azərbaycana qarşı hansısa sanksiyalar tətbiq edəcəyi və ya sərt addımlar atacağı ən azından sadəlövhlükdür. İstər Qərb tərəfdaşlarımız, istərsə də Moskva üçün Azərbaycan Ermənistandan qat-qat vacib tərəfdaşdır”. Rusiyalı politoloq Aleksey Naumov Lavrovun dediklərini təsadüf saymır: “Lavrovun sözləri Kremlin Cənubi Qafqaz regionunda ümumi xarici siyasət çərçivəsində Ermənistana münasibətini dəyişmək niyyətindən xəbər verir. Uzun illər Rusiyanın bu regiondakı siyasəti Ermənistanla müttəfiqlik sazişinin mövcudluğuna və Azərbaycanla dost, lakin təmkinli münasibətlərə əsaslanırdı. Hazırda İrəvan Bakı ilə münasibətlərinin nizamlanmasında Moskvanın vasitəçiliyindən imtina edir, Ermənistan liderləri və ilk növbədə Nikol Paşinyan Rusiya diplomatiyasına, sülhməramlılarına və ümumilikdə Kremlə qarşı təhqiramiz hücumlara yol verir. Buna görə də Rusiya Ermənistanla münasibətləri yenidən nəzərdən keçirməyə başlayır. İrəvanla müttəfiqlikdə Rusiya ancaq təhqir görür. Ermənistan daim yeni müttəfiqlər, vasitəçilər axtarır və Rusiyanın maraqları ilə rahat şəkildə alver edir. Azərbaycan isə, Rusiyanın düşdüyü çətin vəziyyətə baxmayaraq, müttəfiqlik öhdəliklərini yerinə yetirir və dostluq münasibətlərini tam şəkildə saxlayır. Rusiya ilə Azərbaycan arasında faktiki müttəfiqlik münasibətləri barədə bəyanat 2022-ci il fevralın 22-də, hamının Rusiyadan üz döndərməyə hazır olduğu vaxt verilib. İndi biz bunun Rusiya rəhbərliyinin çıxışlarında necə rəsmiləşdiyini görürük. Lavrovun bəyanatını alqışlayıram, çünki bu gün rus kabinetlər Rusiyanın Cənubi Qafqazda əsl dostu, müttəfiqi və tərəfdaşının kim olduğunu anlamağa başlayıblar”. Erməni analitik Hraçya Qalustyan isə məsələnin başqa tərəfinə nəzərə salır: “Şübhə etmirəm ki, Bakı Rusiyanın Baş naziri Mixail Mişustinin sözünə çox sevinəcək. Mişustin Ermənistanın Baş naziri Paşinyanla görüşündə bildirdi ki, Rusiya Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının tərəfdarıdır. Üstəlik, o, Laçın yolunda baş verənlərlə bağlı konkret heç nə demədi. Artıq Kreml açıq şəkildə Cənubi Qafqazda Azərbaycanı dəstəklədiyini vurğuladı. Söhbət ilk növbədə Zəngəzur dəhlizi layihəsindən gedir. Məlumdur ki, rəsmi Bakı əminliklə - Ermənistan razı olsa da, olmasa da - bu planı həyata keçirəcəyini qeyd edib. Paşinyan görüşdə Laçın yolundakı vəziyyətə diqqət çəksə də, Rusiya heç nə etmək fikrində deyil. Onların diqqəti Ukrayna ilə müharibəyə yönəlib. Kreml yenə uçot dərəcəsini yüksəltmək üçün oynayır. Rusiya Prezidenti Vladimir Putinin anlayışına görə, Kremlin dünya hökmranlığı uğrunda mübarizədə sadəcə olaraq uduzmağa haqqı yoxdur. O, ABŞ-ı dünya hegemonluğu taxtından sıxışdırıb çıxarmağı planlaşdırır. Bundan sonra digər dövlətlərlə məşğul olmaq asan və sadədir”.
Tahir TAĞIYEV