Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə çoxpilləli töhfəsi...

3 Fevral 2023 19:26 (UTC+04:00)

“Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq”. Bu fikri prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında səsləndirib.

Dövlət başçısı xatırladıb ki, ötən ilin dekabrında enerji təhlükəsizliyi baxımından iki mühüm hadisə baş verib: “Azərbaycan və Rumıniya qaz təchizatı haqqında saziş imzaladı. Qaz təchizatı bu yaxınlarda başlayacaq. Beləliklə, Rumıniya “Cənub Qaz Dəhlizi” ölkələri qrupuna qoşulur. Ötən ilin dekabrında həmçinin Buxarestdə “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Bu bizim səylərimizin ümumu sinergiyasıdır. Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq. Bunlar mühüm hadisələr idi. Yanvar ayında isə biz Macarıstanla qaz təchizatı sahəsində Anlaşma Memorandumu imzaladıq. Beləliklə, biz komandamızın üzvlərinin sayını artırırıq”. Avropa ölkələrinin biri-birinin ardınca enerji resursları, xüsusən də təbii qaz üçün Azərbaycana üz tutması təsadüfi deyil.

Azərbaycan enerji müstəvisində özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Bu məsələnin başlanğıcı Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri ilə bağlıdır. 2002-ci il sentyabrın 18-də Bakıda - Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə bu kəmərin əsası qoyuldu. Nəhayət, 2005-ci ilin aprelində tikinti işləri yekunlaşdırıldı. Həmin il mayın 25-də Səngəçal terminalında xam neftin Bakı-Tiflis-Ceyhana vurulması ilə bağlı rəsmi tədbir keçirildi. Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları terminalda quraşdırılmış xüsusi qurğudakı sürgünü açdıqdan sonra kəmərlə ilkin neft axmağa başladı. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyunun 14-də “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftin ilk partiyası Ceyhan dəniz terminalında “British Hawthorn” tankerinə yüklənərək dünya bazarına yola salındı. 600 min barrel xam neft yüklənmiş həmin tankerin Ceyhan limanından yola salınması ilə Azərbaycan neftinin Bakı-Tiflis-Ceyhan boru kəməri ilə dünya bazarına ixracı başlandı. Kəmər indiyə kimi uğurla fəaliyyət göstərir. Onun vasitəsilə Orta Asiya ölkələrinin də nefti ixrac edilir. O da məlum həqiqətdir ki, Azərbaycanda yeni neft strategiyasının uğurla həyata keçirilməsi, neft sənayesinə geniş sərmayə qoyuluşu, neft əməliyyatlarında müasir texnika və texnologiyanın tətbiqi nəticəsində 1999-cu ildə nəhəng “Şahdəniz” qaz-kondensat yatağı aşkar edildi. Bundan irəli gələrək 2001-ci il martında  “Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə”,  həmin il sentyabrında  “Təbii qazın Gürcüstan Respublikası ərazisindən tranziti, nəql edilməsi və satışına dair Azərbaycan və Gürcüstan respublikaları arasında saziş” imzalandı.  6 il sonra, 2007-ci il iyulunda  Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tiflis-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil oldu.
Xatırladaq ki, uzunluğu 690 kilometr olan Bakı- Tiflis-Ərzurum və ya Cənubi Qafqaz Boru Kəməri kəməri 20 milyard kubmetrədək qazı nəql etmək gücünə malikdir. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tiflis-Ceyhan xam neft kəmərilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.
Bakı-Tiflis-Ərzurum kəmərinin fəaliyyətə başlaması Azərbaycanı ilk dəfə qaz ixracatçısına çevirdi. Kəmərin açılışından sonra Azərbaycan qazı Gürcüstan və Türkiyə bazarlarına ixrac olunmağa başladı və bu, eyni zamanda, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi” layihəsi üçün bünövrə yaratdı.
Bundan sonra “Cənub Qaz Dəhlizi”nin fəaliyyətini təmin etmək məqsədilə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin reallaşdırılmasına  başlandı.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. Azərbaycan prezidentinin təşəbbüsü ilə yaradılan “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malikdir. Bu nəhəng layihə ilə bağlı ilk sənəd - Azərbaycan ilə Avropa Komissiyası arasında “Cənub Qaz Dəhlizi” layihəsi üzrə Birgə Bəyannamə 2011-ci ildə imzalanıb. O, həmin layihənin icrasının başlanğıc mərhələsi sayılır. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin iyirmi illiyində Səngəçalda Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçılarının, nazirlərinin və beynəlxalq şirkətlərin rəhbərlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” layihəsinin təməlqoyma mərasimi keçirilib. Azərbaycan strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı, səhmdarı və ev sahibinə çevrilib. Bu təşəbbüsə ilk olaraq Türkiyə və Gürcüstan, sonrakı dövrdə İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya qoşulub. Hazırda yeni və potensial tərəfdaşlar arasında Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro da yer alıb. “Cənub Qaz Dəhlizi”nin əsas hissələri olan TANAP  2018-ci il iyununda,  TAP isə ə 2020-ci il dekabrında istifadəyə verilib. Ötən ilin oktyabrında Bolqarıstana qaz ixracına start verildi ki, bu da “Cənub Qaz Dəhlizi”nin tam olaraq fəaliyyətə başlamasından xəbər verir. Dəhliz Bakıdan başlayaraq Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya qədər uzanır. Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan qaz TANAP və TAP kəmərləri vasitəsilə İon-Adriatik boru kəmərinə çatdırılacaq və Şərqi Avropa ölkələrinə paylanacaq. İlkin olaraq “Cənub Qaz Dəhlizi ilə 10 milyard kubmetr qaz ixracı planlaşdırılmışdı. Lakin Avropanın təbii qaza olan tələbatı dəhlizin genişləndirilməsi məsələsini aktuallaşdırdı. Ötən ilin iyulunda Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və enerji məsələləri üzrə komissar Kadri Simson Bakıya səfər etdilər. Səfər çərçivəsində Avropa İttifaqının təmsilçiləri Azərbaycan ilə “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsinə dair memorandum imzaladılar. Memoranduma əsasən, Azərbaycan Avropaya nəql etdiyi qazın həcmini 2027-ci ildə 20 milyard kubmetrə çatdıracaq. Bunun üçün isə “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi zərurətini meydana çıxarıb. Dəhlizin genişləndirilməsinin Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, ölkəmiz həm öz qazını, həm də Orta Asiya ölkələrində hasil edilən qazı tranzit olaraq Avropaya ötürmək imkanı qazanır. Bunun üçün “Transxəzər” kəmərinin də tikintisi zəruridir. Türkmənistan 35 milyard kubmetr qaz ixrac etmək potensialına malikdir. Özbəkistan və Qazaxıstanda hasil olunan və ixrac üçün nəzərdə tutulan təbii qazın həcmi isə təxminən 25 milyard kubmetrə yaxındır. Göstərilən həcmdə qaz “Transxəzər”, TANAP və TAP kəmərləri ilə nəql olunarsa, Avropa enerji təhlükəsizliyi təminatını şaxələndirməklə yanaşı, alternativ enerji mənbəyi də əldə etmiş olacaq. Avropa İttifaqı bu layihəni həm siyasi, həm də iqtisadi baxımdan dəstəkləyir. Avropa Komissiyasının sədr müavini Maroş Şevçoviç bəyan edib ki, “Transxəzər” kəməri Avropa üçün olduqca böyük əhəmiyyət kəsb edir və buna görə də bu beynəlxalq layihənin reallaşmasına investisiya cəlb etməklə yardım göstərəcək. Neft və qazla yanaşı, Azərbaycan Avropaya elektrik enerjisi də ixrac edəcək. Ötən ilin dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması da buna aydın misaldır. Sazişə əsasən, elektrik enerjisi kabeli Qara dənizin dibi ilə çəkiləcək və bu, Azərbaycandan olan yaşıl enerjini Avropaya gətirəcək. Bu isə o deməkdir ki, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyini daha dolğun və əhatəli şəkildə təmin edilməsində yaxından iştirak edəcək. Azərbaycan Avropa İttifaqı ilə enerji dialoqunda yeni mövzular olan “yaşıl enerji” və yaşıl hidrogen böyük perspektivi olan sahədir və Azərbaycan iqtisadiyyatına çox böyük fayda gətirəcək. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan cəmi iki il əvvəl azad edilmiş ərazilərin də potensialından istifadə olunması istiqamətində ciddi addımlar atmağa başlayıb. Qeyd edək ki, bərpaolunan enerjinin inteqrasiya edilməsi  üçün münasib interkonnektorlara  ehtiyac yaranır. Buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. Azərbaycan Avropanın enerji sahəsində geosiyasi və geostrateji əhəmiyyət kəsb edən dövlət olmaqla yanaşı, həm də Mərkəzi Asiya dövlətləri, xüsusilə Qazaxıstan və Özbəkistan üçün körpüdür. Məhz Azərbaycan sayəsində Orta Asiyanın da enerji resursları Avropaya çatdırılacaq.

Ramil QULİYEV