İranda şah tərəfdarları ortalığı daha da qarışdırdı...

3 Fevral 2023 18:25 (UTC+04:00)

İranda davam edən xalq etirazları fonunda son dövrlərdə rejimə qarşı çıxan müxalif qüvvələr arasında müəyyyən ziddiyyətlər müşahidə edilir. Belə ki, müxalifət qüvvələri arasında siyasi hegemonluğu ələ almaq yönündə rəqabət və mübahisələr olduqca artıb. Xüsusilə, dekabr ayının 31-də mühacirətdə yaşayan, İran müxalifətində nüfuzu olan bir neçə şəxsin sosial mediada birgə mətn paylaşması və keçən həftələrdə Pəhləvi tərəfdarlarının başlatdığı “vəkalət” kampaniyası ilə bu mübahisələr daha da alovlanıb.

İranın son şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvinin tərəfdarları tərəfindən başladılan “vəkalət” kampaniyası iranlı müxalifət qüvvələri arasında ciddi qütbləşmə və polemikaya səbəb olub. Xatırladaq ki, cari ilin yanvar ayının 17-dən bəri çox sayda Pəhləvi tərəfdarı sosial mediada farsca “mən vəkalət verirəm” həştəqi ilə yazılar paylaşaraq, Rza Pəhləvini beynəlxalq ictimaiyyətdə İran əhalisini təmsil etmək üçün vəkil təyin etdiklərini elan etməyə başlayıblar. Qarşı tərəfdə isə cümhuriyyətçi, feminist və solçu qruplardan bəzi qüvvələr, eləcə də türk, ərəb, kürd, bəluç, lur və türkmən kimi qeyri-fars icmalara mənsub siyasi fəallar Rza Pəhləviyə vəkalət kampaniyasını fərdiyyətçilik kimi dəyərləndirib və bunun İslam Respublikasına qarşı mübarizə aparan müxtəlif qüvvələr arasında mümkün ittifaqın təşkilinə əngəl törədəcəyini önə sürürlər. Kampaniyanın bəzi müxalifləri “mən vəkalət vermirəm” həştəqi ilə yazılar paylaşır. “Mən vəkalət verirəm"” kampaniyası Rza Pəhləvinin farsdilli “Manoto” televiziyasına müsahibəsində söylədiklərinə cavab olaraq başladılıb. Pəhləvi verdiyi müsahibədə deyir ki, “əgər biz sabah İran əhalisi adından beynəxalq səviyyədə gərəkli məsləhətləşmə və müzakirələri aparacağıqsa, bunun daxildəki siyasi məhbuslar, mədəni fəallar, habelə intellektual və siyasi cərəyanlar adından və onların dəstəyi ilə olduğunu göstərmək lazimdir”. Pəhləvinin bu sözlərindən çox qısa müddət sonra onun tərəfdarları, o cümlədən məşhur idmançılar, sənətkarlar, siyasi fəallar və jurnalistlər tərəfindən müsbət cavab gəldi. Lakin digər müxalif qüvvələr buna qarşı çıxır. Siyasi fəal Mehdi Cəlali Tehrani bildirir ki, Pəhləvi, ən azından, Azərbaycandakı qanlı repressiyanı Azərbaycanın nicatı günü kimi qiymətləndirdiyi gündən bəri xalq arasında nifaq salan adam oldu: “O öz türk vətəndaşlarının tarixi dərdlərini artırmağa, tarixi yaralarına duz səpməyə necə cürət edir?”. Siyasi şərhçi Yunus Şamili qeyd edir ki, Rza Pəhləvi tərəfdarlarının onu beynəlxalq ictimaiyyətdə İran xalqının təmsilçisi kimi tanıtmaq istiqamətində başlatdığı kampaniya bu təşəbbüsə qarşı olan müxalifətdəki demokrat qüvvələrin biri-birinə yaxınlaşmasına yol aça bilər: “İranın türk, ərəb, kürd, bəluç, lur və türkmən kimi qeyri-fars icmalarına mənsub siyasi fəallar, eləcə də cümhuriyyətçi, solçu və feminist qüvvələr müxalifətdə siyasi rəhbərliyi ələ keçirmək yönündə təşəbbüsləri tənqid edirlər. Onlar bu təşəbbüslərin İslam Respublikasına qarşı mübarizəyə zərər verdiyini önə çəkir”. Şamili müxalif qüvvələr arasında mümkün ittifaqlara diqqət çəkərək deyir ki, İran müxalifətində ittifaqlar və fərqli siyasi blokların yaranması İranın gələcəyi üçün arzu edilən siyasi alternativ əsasında olmalıdır: “Bu gün qurulan ittifaqlar gələcək üçün arzu edilən siyasi sistem və ya siyasi alternativ əsasında qurulmalıdır... İranın gələcəyi üçün forma olaraq üç alternativ meydandadır: krallıq, cümhuriyyət və federal cümhuriyyət. Amma məzmun və içərik olaraq iki alternativ var: təmərküzləşən sistem və təmərküzləşməyən sistem. Ona görə, bu gün İran rejimini devirmək istəyən qüvvələrin iki bloka ayrılması lazımdır. Birincisi, təmərküzləşən bir siyasi sistem istəyənlər, ikincisi təmərküzləşməyən sistem istəyənlər bir araya gəlməli və İran rejiminin devrilməsində rol oynamalıdırlar. Bu iki blok, yeri gələndə taktiki ittifaqlarla bəzi işlər görə bilər. Amma bir arada olmaları böyük yanlışlıq olar və böyük xətalara, hətta toplumda şübhələrə yol aça bilər”.

Siyasi fəal Duman Radmehrin sözlərinə görə, keçən sentyabr ayında İslam Respublikası əleyhinə baş qaldıran ümummilli etirazlardan sonra müxtəlif qruplar ixtilaf salan tələblərini bir müddət gündəmə gətirməməyə və əsas diqqəti hakimiyyətin devrilməsinə yönəltməyə çalışdılar, ancaq etirazların azalmağa başlaması ilə vəziyyət dəyişdi: “Yavaş-yavaş ki, İranda etirazlar səngidi, artıq hər kəs öz sözünü deməyə başladı. Buna da Pəhləvi və onun ətrafında olan adamlar səbəb oldu. Onlar əsas fikirlərini ortaya qoydular. Yəni geriçi və İran-fars milliyyətçiliyinə əsaslanan, başqa millətləri heçə sayan patriarxal bir baxış idi. Rza Pəhləvi özü minimum prinsipləri qəbul edən bütün demokratik qüvvələr, şəxslər, partiyalar və qruplarla əməkdaşlığa hazır olduğunu deyir. Pəhləvi İranın ərazi bütövlüyü, insan haqlarına əsaslanan dünyəvi demokratiya və əhalinin azad seçkilər yolu ilə siyasi nizamın şəklini təyin etmə haqqını üç minimum prinsip olaraq açıqlayıb. Ərazi bütünlüyü şərti əslində qeyri-fars icmaların hüquqlarını inkar etmək üçün bir bəhanədir. İranda milli məsələdən danışmadan və milli məsələnin çözümündən danışmadan gəlib ərazi bütünlüyündən danışmaq İran İslam Cümhuriyətinin indiki siyasətini eynən yürütmək deməkdir. Bu, milli qrupların haqqına dair hər hansı bir etiraz baş verdiyində onu ərazi bütünlüyü adı ilə basdırmaqdır. Biz İranda yüz ildir buna şahidik. Buna görə, ərazi bütünlüyündən öncə federalizmdən danışmalıdır. Təmərküzləşməyən dövlətdən danışmalıdır. Etnik icmaların dil haqları və öz müqəddəratını təyin etmə haqqından danışmalıdır. Sonra birisi gəlib bu hüquqlar xaricində separatçılıq etmək istəsə, o zaman ərazi bütünlüyünü şərt qoymalıdır və biz də onu qəbul etməliyik”. Duman Radmehr “Amerikanın səsi”nə açıqlamasında hazırkı mərhələdə müxalifət qüvvələri əsasında cəbhələşmələrə yol aça biləcək əsas ixtilaf mövzusunun qeyri-fars icmaların hüquqları məsələsi olduğunu ifadə edir: “İxtilaflarda əsas məsələ İranın gələcəyində qeyri-fars millətlərin hüquqlarıdır. Bunun üstündə fırlanır. Səltənətçilər, yəni Pəhləvi tərəfdarları bununla bağlı qərarlarını veriblər. Mövqeləri bəllidir, bunu istəmirlər. Cümhuriyyətçilər də bu mövzu ilə bağlı qərar kəsdirə bilmədikləri üçün iç ixtilaflara uğrayıblar və səsləri gərək olduğu qədər çıxmır... Məncə, belə olacaq ki, bundan sonra artıq əsas cəbhələr qeyri-fars millətlərin haqları üzərində bölünəcək. Bu da səbəb olacaq ki, qeyri-fars millətlər bir-birinə yaxınlaşsın”. Duman Radmehr əlavə edir ki, 1979-cu il İran inqilabında şiəçi ideologiya farslarla türkləri aşağı-yuxarı birləşdirdi: “Başqa millətlərin və sünnilərin etirazları da bir neçə ildə basdırıldı. İndi elə bir ideologiya ortada yoxdur. Artıq türklər də milli oyanışdan dolayı o dönəm olduğu kimi mərkəzin yanında deyillər. Bu da bir fürsət yaradır ki, İranda keçən yüz ildə həllini tapmayan milli məsələ öz həllini tapa bilsin. Bunun da gərəyi budur ki, İranın qeyri-fars millətləri bir-birinə yaxınlaşıb, sözlərini birləşdirsinlər. İxtilaflarının həlli üçün bir mexanizm müəyyənləşdirə bilməsələr də, bu ixtilafları bəlli bir zamana qədər təxirə salmaları lazımdır”.

Samirə SƏFƏROVA