Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya 24” kanalına müsahibəsində deyib ki, Rusiyanın Ermənistanda KTMT missiyasının yerləşdirilməsi təklifi hələ də aktualdır, əgər Ermənistan hələ də maraqlıdırsa, missiya bir-iki gün ərzində yerləşdirilə bilər:
“…Qarabağ müharibəsinin tarixi onilliklərə gedib çıxır. Və Ermənistan uzun illər əvvəl Azərbaycanın 7 rayonunu işğal edəndə və sonra məsələni siyasi yolla həll etmək üçün çarəsiz qalanda Rusiya keçmiş Ermənistan rəhbərliyinə o qədər də yaxşı qəbul etmədiyi variantları təklif etmişdi. Onlar heç vaxt iddia etmədikləri əraziləri əllərində saxlamaq istədilər. Bəli, Azərbaycan ona məxsus olan torpaqları özünə qaytardı”.
Lavrovun məhz indiki məqamda Ermənistana açıq mətnlə onun işğalçı olduğunu xatırlatması nəyə görədir?
Böyük Dayaq Partiyasının sədri Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Lavrovun ifadə etdiyi fikirlər, səmimiyyətdən daha çox, real situasiyadan qaynaqlanır: “Rusiya siyasi çevrələrində Ermənistana fərqli münasibət bəsləyən xətlər mövcuddur. Lavrov hər zaman Ermənistana loyal münasibət bəsləyən, hətta deyərdim ki, İrəvana açıq dəstək verən çevrənin təmsilçisi sayılıb. İşğalın ən qızğın dönəmində belə Lavrov Ermənistanı açıq şəkildə işğalçı adlandırmırdı. Hər zaman münasibətləri eyniləşdirən bəyanatlarla çıxış edirdi. Tərəfləri ümumi sözlərlə sülhə çağırırdılar. İndi situasiya tam dəyişib. Azərbaycan öz gücünə ərazilərini azad edib. Ermənilərin işğal faktına son qoyub. Rusiya Ukraynadakı müharibə səbəbindən bütün dünyada təklənib. Əvvəlki gücdə deyil. Onun nisbətən zəifləməsindən istifadə etmək istəyən Ermənistan Moskvanın orbitindən qaçmaq istəyir. Bölgəyə Fransa və digər Avropa ölkələrinin qismində müşahidəçiləri gətirir. Əslində isə həmin müşahidəçilər yarımhərbi missiyadır. Çünki tərkibi əsasən keçmiş hərbçilərdən təşkil edilir. Faktiki olaraq, Ermənistan bununla Rusiyanın maraqlarını sıxışdırır. Bununla yanaşı, Ermənistan daxilində anti-Rusiya aksiyaları keçirilir. Əsas tələb kimi rus hərbi bazalarının Ermənistandan çıxarılması irəli sürülür. Bax, bütün bunlara görə, hətta ermənipərəst mövqeyi ilə seçilən Lavrov belə eeməniləri yerində oturda bilən sərt ritorikadan istifadə edir. Onun bəyanatına fikir verin. Həm deyir ki, Ermənistan işğalçı olub, həm də KTMT missiyasının Ermənistanda yerləşməsinin zəruriliyindən danışır. Bütün bunlar Ermənistana verilən ultimatum anlamına gəlir. Bir sözlə, İrəvan Moskvaya xəyanət edir və Qafqazda Rusiyanın çox ehtiyat etdiyi ikinci cəbhəni yaradır. ABŞ və Fransanın sifarişi ilə Rusiyaya qarşı olan Ermənistan üçün isə olduqca təhlükəli geopolitik oyunun həlledici mərhələsi başlanır və burada İrəvan ona verilən missiyanı yerinə yetriməyə hazırlaşır. Ermənistanın bu risqli geopolitik oyunu isə artıq Kremli Ermənistanla münasibətlərinə yenidən baxmağa vadar edir. Lavrovun demarşının başlıca səbəbi məhz bununla bağlıdır”.
Heç kəsə sirr deyil ki, Paşinyan ABŞ-dan maliyyələşən QHT-lərin köməyi ilə hakimiyyətə gəlib. Bunlar Soros fondu və digər təşkilatlardır. Bu maliyyəçilər əvvəlcədən qarşılarına Ermənistanı beynəlxalq münasibətlərin Rusiyayönümlü spektrından Amerikayönlü spektrına çevirmək vəzifəsini qoyublar. Bu proses tədricən həyata keçirilir, necə ki, Ukraynada da bunu belə etdilər. Tədricən Ukraynanı Rusiyadan qopardılar. Bir an içində Ermənistanı da Rusiyadan qoparmaq mümkün deyil. Bir neçə müddətdir ki, Paşinyanın əli ilə Ermənistanın üzünü Rusiyadan çeviriblər. Ölkədə daim anti-Rusiya təbliğatı aparılır, anti-Rusiya informasiya kanalları yaradılır. İnsanların şüuraltında Rusiyanın düşmən obrazı yaradılır. Bundan sonra isə artıq texnoloji addımlar atmağa başlayırlar. Avropa İttifaqının missiyasının dəvət olunması məhz texnoloji addımdır. Bu, hərbi planda NATO-ya söykənən və Rusiyaya qarşı olan siyasi təşkilatdır.
Məhəmmədəli QƏRİBLİ