Ermənilər daha bir ABŞ konqresmenini satın aldılar...

3 Fevral 2023 18:49 (UTC+04:00)

ABŞ administrasiyası Laçın yolundakı vəziyyətə  son qoymaq üçün təcili tədbirlər görməlidir. Belə bir bəyanatla ABŞ Konqresində Nümayəndələr Palatasının üzvü Keti Porter çıxış edib.

Konqresmen Laçın yolunun  Azərbaycan tərəfindən “bağlanmasını” pisləyib.  

O, həmçinin vurğulayıb ki, Vaşinqton Bakıya hərbi yardımı dayandırmalıdır:

“Biz Azərbaycana hər cür hərbi yardımı dayandırmalıyıq. ABŞ vergi ödəyiciləri Azərbaycanın erməni xalqına qarşı davam edən təcavüzünə subsidiya verməməlidirlər. Mən erməni xalqı və Amerikadakı erməni icması ilə həmrəyliyimi ifadə etməkdə davam edirəm”.

Çox maraqlıdır, ABŞ Azərbaycana hansı həcmdə hərbi yardım edir ki, bu faktorla hansısa ermənipərəst konqresmen biz şantaj edib, öz haqq yolumuzdan döndərmək istəyir?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan ABŞ-ın vacib strateji-iqtisadi, qlobal enerji təhlükəsizliyində və Cənubi Qafqazda ən böyük ticari tərəfdaşıdır: “Qlobal güclərin bu gün üçün  böyük əhəmiyyət verdiyi strateji bölgələrdən biri də Cənubi Qafqazdır. Diğər koridorların təhlükəsizliyinə zəmanət olmaması səbəbindən,  “orta  dəhliz”  dediyimiz və nüvəsində Azərbaycan və onun enerji və diğər kommunikasiya təşəbbüsləri dayanan regionun əhəmiyyəti xüsusi artıb.

Bu baxımdan da, Cənubi Qafqazda sülh və inkişafın dəstəklənməsi olduqca vacibdir. Azərbaycanla birgə fəaliyyət göstərmək təşəbbüsü isə Azərbaycanın Cənubi Qafqaz regionuna təsir imkanları ilə bağlıdır.

Rusiyanın Ukraynadakı müharibəsindən sonra bölgədə formalaşan geosiyasi və geoiqtisadi reallıqda Cənubi Qafqazın təhlükəsizlik məsələsi qlobal anlamda önə çıxarılıb. Bu gün  bölgədə təhlükəsizliyin təmin edilməsi Avrasiyanın təhlükəsizliyinin vacib  elementidir. Qarabağda dayanıqlı sülh isə regionda dayanıqlı sülh deməkdir.

Azərbaycanla bağlı ABŞ-ın iqtisadi, diplomatik və təhlükəsizlik sferalarında mövcud münasibətləri inkişaf etdirməsi üçün atdığı hər bir  addım bu münasibətlərin inkişafına dəstək verəcək. Yürüdülən bu  siyasət birmənalı olaraq ABŞ-ın Cənubi Qafqaz regionuna təsir və nüfuzunun güclənməsinə xidmət edən addımlardır və ABŞ dövləti bunun fərqindədir.

ABŞ-ın Azərbaycana  hərbi yardımı haqqında danışırıqsa, bu yardım münasibətlərin həcmi ilə müqayisədə çox simvolikdir. Amma ABŞ-dakı erməni lobbisinin  Kongres və Nümayəndələr Palatasındakı ruporları hər  imkanda ABŞ - Azərbaycan münasibətlərinin gərginləşməsinə xidmət edən addımlar atırlar. Bu da növbəti cəhddir.

Məsələ ondadır ki, hər ilin əvvəlində ABŞ-ın Müdafiə Nazirliyinin illik büdcəsi formalaşdırılır və burda da ABŞ-ın maraqlarının qorunması naminə öz  tərəfdaşlarına texniki xərclərin ödənilməsi üçün maliyyə yardımı qismində maliyyə ayrılır.

“Dövlət Müdafiəsi Haqqında" Qanun çərçivəsində həyata keçirilən bu aktivlər zamanı erməni lobbisi Azərbaycan maraqları əleyhinə səfərbər olunur, bu qanunvericiliyə düzəllişlər təklif edirlər, texniki xərclər üçün nəzərdə tutulan xərclərin də kəsilməsinə nail olmaq istəyirlər.  Əsas niyyətləri də budur  bu “düzəliş”lərlə  ABŞ-ın Azərbaycana silah satışı tam qadağan olunsun, yardımı dayansın və s.

Uzun illərdir bu proses davam edir.  Onlar hər vəchlə Azərbaycana edilən hər növ yardımın qarşısını almağa çalışırlar. Bu istiqamətdə əsas sifarişçi ABŞ-dakı Erməni Milli Konqresidir.  Sadəcə, son illərdə bu təklifi edən Menendes və diğərləri korrupsiya və qeyri-qanuni biznes şəbəkəsi qurmaq ittihamları ilə araşdırma altındadırlar. Odur ki, onları növbəti muzdlu kongresmen əvəz edir.

Laçin dəhlizi vasitəsilə Xankəndinin “blokadaya alınması” , “aclıq”  şousu da məhz belə məqsədlər üçün istifadəyə hesablanmış dezinformasiyalardır”.

Məhəmmədəli QƏRİBLİ