Qarabağın erməni ziyalıları "prezident Arayiki" intihara çağırdılar - qərar verin...

3 Fevral 2023 18:01 (UTC+04:00)

Qarabağdakı erməni ziyalıları Arayik Arutyunyana açıq məktub ünvanlayıblar. Məktubda qeyd edilir ki, Ermənistan Respublikasının mövcudluğu, eləcə də xaricdə yaşayan milyonlarla erməninin məsələsi Qarabağ ermənilərinin taleyindən asılıdır:

“İnsanlar sizi itirdikləri uşaqların və evlərin, bədbəxtliklərinin və faciələrinin əsas günahkarı kimi görürlər. Siz böyük ərazi və insan itkilərilə yanaşı, 1994-cü ildə onminlərlə insanın həyatı bahasına qazanılan qələbənin itirilməsinin əsas məsuliyyətini daşıyırsınız. Tarix göstərir ki, ali komandirlər biabırçı məğlubiyyətdən sonra ya intihar edir, ya da istefa verirlər. Nə edəcəyinizə özünüz qərar verin”.

Göründüyü kimi, Qarabağdakı ermənilər Araikdən özünü asmağı tələb edir. Yaranmış bu vəziyyət necə şərh edilə bilər?

Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məktubda Vardanyanın “əl işi” özünü açıq şəkildə göstərir: “Vardanyan Qarabağa gələndən sonra Arayik Arutunyan kölgəyə çəkilməyə başladı. Rusların nəzarətində olan ərazilərdəki ermənilərə faktiki olaraq Vardanyan rəhbərlik edir. Erməni “ziyalıların” bütün bunlar niyə indi yadına düşür?

İkinci Qarabağ savaşı iki ildi bitib. Bu həm də həmin “ziyalıların” hələ də ziyanlı düşüncədə olmalarına dəlalət edir. Hansısa “itirilmiş ərazilərdən” danışırlar. Görün, onların “ziyalısı” belədirsə, adi vətəndaşı nə düşünür? Hansı ərazidən danışırlar? Hazırda olduqları  yer də bizim ərazimizdir.  Bunun yeganə yolu odur ki, həmin ərazilər Vardanyan, Araik Arutunyan kimi ünsürlərdən tam təmizlənsin”.

Ekspertin sözlərinə görə, Azərbaycanın Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan ərazisində böhran hökm sürür:  “Ancaq Ermənistanın hakim dairələrinin və Qarabağdakı qondarma qurumun “rəhbər”lərinin iddia etdikləri kimi “humanitar böhran” deyil, siyasi böhran. Belə ki, son vaxtlar baş separatçı-terrorçu Araik Arutyunyan və rusiyalı cinayətkar, Qərbin sanksiyalarından yayınmaq və şəxsi mənfəətləri üçün qanunsuz şəkildə Qarabağa ezam olunmuş  “dövlət naziri” Ruben Vardanyan arasında narazılıq son həddə çatıb. Bir neçə gün öncə Ermənistan mətbuatında Arutyunyanın Vardanyanı “vəzifə”sindən uzaqlaşdırmaq istədiyi, hətta bununla bağlı “əmr”in hazır olduğu barədə məlumatlar yayıldı. Hazırda Ermənistanın siyasi dairələrinə də sirayət etmiş, xüsusilə Vardanyanla bağlı onun əleyhdarları və tərəfdarları olmaqla iki cəbhənin yaranmasına səbəb olmuş gərginliyin davam etdiyi bildirilir.

Xəbərlərə görə, Qarabağdakı qondarma qurumun dırnaqarası “prezident”inin özü də istefa vermək, “parlament”i buraxmaq və yeni “seçki”lərin keçirilməsi istəyində olduğunu, bunu hazırkı vəziyyətdə yeganə çıxış yolu kimi gördüyünü deyib. Arutyunyanın bu qərara Qarabağdakı mülki erməni əhalisi arasında gündən-günə artan narazılıqlar səbəbindən gəldiyi, onun yaranmış vəziyyət fonunda həm məsuliyyətdən, həm də sözün həqiqi mənasında qaçıb aradan çıxmağa çalışdığı bəlli olur. Bu “ziyalı məktubu” da həmin prosesi gücləndirmək üçündür.

Xatırladaq ki, hələ ötən ay  bəzi erməni KİV-ləri həm Vardanyanın, həm də Arutyunyanın mümkün istefaları ilə bağlı gözlənilməz xəbər yaymışdı. O zaman qeyd olunmuşdu ki, “növbədənkənar seçki”yə getmək Xankəndidəki rejimin böhranla qarşılaşmasına gətirib çıxaracaq və bunu nəzərə alan separatçıların keçmiş başçıları tərəfləri barışdırmaq üçün vasitəçilik ediblər.

Belə ki, Bako Saakyan və Arkadi Qukasyan Arayik Arutyunyanı istefa verməməyə, separatçı rejimi qarışıqlığa aparmamağa inandırmışdılar.

Məsələ burasındadır ki, onlar əvvəldən növbəti “seçkilərə” qədər “Artsax”ın iqtisadi cəhətdən möhkəmlənməsini birgə həyata keçirməyə razılaşsalar da, Ruben Vardanyanın kəskin bəyanatları və addımları Arayik Arutyunyan üçün başağrısına çevrildi”.

Məhəmmədəli QƏRİBLİ