Qərbi Azərbaycanın yallı-halayları - ermənilərin oğurluq hədəfləri...

3 Fevral 2023 17:41 (UTC+04:00)

“Folklor yaradıcılığımızda Qərbi Azərbaycan izləri” rubrikasında bu qayım-qədim yurdumuzun insanlarına məxsus yallılardan, halaylardan danışacağıq. Təbii, bu yallıların, halayların hamısı bütövlükdə Azərbaycan xalqına məxsusdur, xalqımızın birlik və bərabərliyini, həmrəylini simvolizə edir. Onu da deyim ki, halay və yallı bir-birinə çox yaxındır, bəzən tədqiqatçılar ikisinin də bir mənanı ifadə etdiyini qeyd edirlər.

Tanınmış tədqiqatçı Füzuli Bayat yazır ki, türk dünyasının hər yerində yayılan kollektiv rəqs oyunlarından biri də halaydır. Burdan da göründüyü kimi, halay qədim türk kollektiv rəqsidir, insanlar bunu ellikcə oynayıblar.

Qərbi Azərbaycan ərazisi də halayların geniş yayıldığı bölgəmiz olub. Tarixən burada halay oyunları yayılıb, halay havaları formalaşıb. Qərbi Azərbaycanın elə kəndi, elə mahalı yoxdur ki, orada halay olmasın. Yaşlı nənələr danışırdılar ki, halay qurulardı, halay başı əlində dəsmal dəstəni hərəkətə gətirərdi, ordan da bir gəlin “halaya gəlin ay qızlar” deyərdi, qızlar-oğlanlar halaya qoşulardı.  Uşaq olanda çoxlarımız  ellərimizdə, obalarımızda halay qurulduğunu görmüşük.

Qərbi Azərbaycanda - Şərur-Dərələyəzdə, Vedidə, Ağbabada, başqa bölgələrimizdə yayılan halaylarımız bu gün də insanların xatirində qalıb. Bu gün Azərbaycan Respublikasında qaçqın həyatı yaşayan və öz doğma el-obalarına dönmək arzusunda olan qərbi azərbaycanlılar burada da halaylarını yaşadırlar.

Amma təəssüf ki, Qərbi azərbaycanlılar öz doğma evlərindən didərgin düşdülər və onların deportasiyasından sonra isə ermənilər Azərbaycan folklorunun Qərbi Azərbaycanda yayılan növlərinə əl uzatdılar. Azərbaycan xalqının folkor ansabllarını, musiqi alətlərini, milli geyimlərini, habelə saz, tar, zurna, ney, balaban kimi musiqi alətlərini, o cümlədən də yallı, halay rəqslərini mənimsəməyə çalışdılar. Bir sözlə, Qərbi Azərbaycan yallıları ermənilərin plagiatlığına məruz qalıblar. 30 ildən yuxarıdır ki, haylar bizim bu rəqsləri öz rəqsləri kimi, qələmə verməyə çalışırlar.

Onu da vurğulayaq ki, Azərbaycanda “Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları” kitabı da çap olunub. Bu kitabda ermənilərin oğurladıqları yallı növləri, halay havaları yer alıb. Bildirək ki, kitabda vaxtilə İrəvan bölgəsində yaranmış Azərbaycan yallı rəqslərinin ermənilər tərəfindən necə saxtalaşdırıldığı geniş şəkildə və tutarlı faktlarla təhlil edilərək ifşa olunub, həmin bölgəyə aid 43 yallı havasının not yazıları işıqlandırılıb. Kitabın müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənli mətbuata verdiyi müsahibdədə bildirdirdi ki,  rəqsin bu növü Naxçıvanla yanaşı İrəvan, Kəlbəcər, Laçın və Qarabağın digər bölgələrində, eyni zamanda, Şəki zonasında da yayılıb. “ Kitabda Qərbi Azərbaycanın 43 yallı havası toplanıb. Bu rəqsin təqribən 20-sini ermənilər dəyişdirib, öz rəqsləri kimi təqdim ediblər”.

Məlum olduğu kimi, 2018-ci ilin 26 noyabr - 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO -nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” bu təşkilatın Təcili Qorunma Siyahısına daxil edildi. Bununla da, Ermənistanın Azərbaycanın digər mədəni irs namizədləri ilə bağlı olduğu kimi, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin də qarşısı alındı. O dövrdə Ermənistana layiqli cavab verildi.

Amma təəssüf ki, ermənilər və Ermənistan öz təxribatlarından bu gün də əl çəkmir, yenə də yallı, halay rəqslərinə iddialarını irəli sürürlər. Hətta o zaman torpaqlarımız işğalda olanda ermənilərin “yallı qrupları” “konsertlər verirdilər. Ermənistanın baş naziri Paşinyanın da yallı getməsi hər kəsin yadındadır. Özgə atına minən tez düşər deyib atalarımız, Paşinyan da bu rəqsi tez tərk etdi. Ermənilər iddia edirdilər, hətta özlərini də inandırırdılar ki, bu guya onların rəqsidir, amma bütün dünyaya sübut olundu ki, yallı, halay Azərbaycan xalqının, türk dünyasının rəqsidir, halay havaları da ki, öz yerində.

Qərbi Azərbaycanın musiqi folklorunda xüsusi yeri olan halaylar, yallılar xalqımızın əbədi irsi olaraq yaşayır. Böyük qayıdışdan sonra yenə də Qərbi Azərbaycan ellərini halay havaları riqqətə gətirəcək, yenə də soydaşlarımız ellikcə yallı gedəcəklər...Bu da ermənilərin bütün çirkin niyyətlərini birdəfəlik iflasa uğradar.

İradə SARIYEVA