İranın illər boyu himayə etdiyi adlı terrorçular Azərbaycanı açıq hədələyirlər...

3 Fevral 2023 17:27 (UTC+04:00)

“Hüseyniyun” terror təşkilatının Azərbaycana şər-böhtan atması, hədələyici davranışlar göstərməsi göz önündədir. Bu təşkilatın üzvlərinin əsasən Azərbaycanda qarışıqlıq yaratmaq, bölücülük etmək istəyənlərdən və dövlətimizin müstəqilliyinə qarşı olanlardan ibarət olduğu məlumdur.

Hətta bir sıra ekspertlər hesab edir ki, molla rejimi “Hüseyniyun” terror təşkilatını Azərbaycana qarşı yaradıb ki, o təşkilatın vasitəsi ilə ölkəmizdə qarışıqlıq yaratsın. Dövlətçiliyimiz əleyhinə fəaliyyət göstərən və mollakratiyaya bağlı qüvvələrin əksəriyyəti qaçıb İran adlandırılan ölkəyə gedib, mollaların əbasının altına girib ordan doğulduqları ölkəni hədəfə alırlar.

“Hüseyniyun” terror qrupunun üzvlərinin Azərbaycana təhvil verilməsi məsələsi aktualdır. O qrupun üzvünün Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törətdiyi məlumdur. Londondakı səfirliyimizə qarşı terror aktında da bu terror qrupunun əli olduğu deyilir. Hətta  o vaxt bildirilirdi ki, onların Azərbaycandan olan rəhbəri də hadisə yerində görüntülənib. Eyni zamanda Gəncə hadisələrdə də onların iştirakı məlumdur. Bu adamları isə molla rejimi himayə edir.

Vaxtilə Azərbaycan Prezidenti Həsən Ruhanidən tələb edib ki, orada gizlənən 20 nəfər terrorçunu Azərbaycana təhvil versinlər. Amma Tehran rejimi bu addımı atmayıb, terrorçuları dəstəkləyib, onları qoruyub. Bu adamlar öz terrorçuluq fəaliyyətlərini hər cür ört-basdır edirlər. Bədnam qurumlarının adını utanmadan “Azərbaycan “Hüseyniyun İslami Müqavimət Hərəkatı” qoyublar. Azərbaycan dünyəvi, hüquqi dövlətdir, multikultural, tolerant bir ölkədir. Burada bu cür bədnam təşkilatlara yer yoxdur. Əlbəttə, bu ad altında ziyanlı fəaliyyət göstərənlər xalqımızın, dövlətimizin açıq düşmənləridir.

“Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bizimlə söhbətində  “Hüseyniyun” və s. kimi İrana bağlı terror təşkilatları uzun illərdir ki, Azərbaycan dövlətçiliyinə zərər vurmaq, terror törətmək kimi kirli əməllərlə məşğuldur. Tehran rejimi bəzi terror təşkilatlarını himayə edir”-deyə bildirdi.

Onun sözlərinə görə, bütövlükdə Azərbaycana qarşı terror təhdidləri yaradan bu kimi terrorçu qruplaşmaların əsas planları dünyəvi və müstəqil Azərbaycan dövlətinin siyasi quruluşunu dəyişmək, öz dilləri ilə desək, “kərimə dövləti” qurmaqdan ibarətdir: “Söz yox ki, həmin planlar Tehran rejiminin əlində ölkəmizə qarşı təhdid rıçağı kimi istifadə edilməyə hesablanıb və bütün bu kimi əməllərin qarşısını məhz güclü, qüdrətli Azərbaycan dövləti alır. Əbəs deyil ki, son dövrlərdə İrana bağlı casus şəbəkəsinin ifşa olunması, o cümlədən, informatorların DİN-in xüsusi təyinatlı əməkdaşları tərəfindən saxlanılması prosesi həyata keçirildi. O cümlədən, casus şəbəkəsinin “media qurumları” adı altında fəaliyyətləri də ifşa olunub ki, bütün bunların arxasından məhz Tehran rejiminin kəşfiyyat orqanlarının adları çıxmaqdadır”.

Bəhruz Quliyev xatırlatdı ki, Nardaran hadisələrindən başlayaraq Gəncə olaylarına qədər, habelə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə edilən xain hücumlar da bu məsələyə aiddir: “Hər bir terror olaylarının, eləcə də hücum, təhdid cəhdlərinin təməlində İranın kəşfiyyat qurumları dayanır. Əbəs deyil ki, Azərbaycan hökuməti  dəfələrlə İran tərəfinə müraciət edərək oradakı şəbəkə üzvlərinin ölkəmizə təhvil verilməsi ilə bağlı tələblərin irəli sürüldüyünü vurğulayıb. Lakin Tehran rejimi bu tələblərə nəinki məhəl qoymur, əksinə, daha da azğınlaşır. Üstəlik, Tehrandakı səfirliyimizə terror hücumu təşkil olunur. Eyni zamanda, Londondakı səfirliyimizə də edilən hücumun əsasında Küveytdə ələ alınmış insanların əməlləri dayanmaqdadır. Daha dəqiq desək, İranın Küveytdəki səfirliyində fəaliyyət göstərən kəşfiyyatçılar oradakı şəxsləri körükləyərək göndərib Londona və nəticədə həmin hadisə baş verib. İran nə qədər inkar etsə də faktlar ortadadır və bu, İranın xarici ölkələrdəki səfirliklərinin sanki təməl prinsiplərinə çevrilən bir reallıqdır. İran öz səfirliklərində ayrıca terror şəbəkələri qurur. Bu şəbəkələrin Azərbaycana qarşı da fəaliyyətləri göz önündədir. Hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə qurumları, güc strukturları yerdə qalan şəbəkə üzvlərinin də ifşa edilərək qanunlar qarşısında cavab verəcəyini təmin edəcək. Bu gün ölkəmizin regionda aparıcı aktor olmasını həzm edə bilməyən İran və Tehran rejimi bu həqiqəti anlamağa məhkumdur”.

Əli TURABOV