Azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafı dövlətin əsas hədəflərindən biridir. Son iki ildə bu ərazilərdə güclü tikinti-quruculuq, bərpa işləri həyata keçirilir.
Əsas məqsəd uzun illər işğalda qalan və tamamilə dağıdılan ərazilərimizi, kəndlərimizi, qəsəbələrimizi, şəhərlərimizi yenidən həyata qaytarmaq, sakinləri evlərinə aparmaqdır. Respublikamızın digər yerlərində olduğu kimi, burada da həyat inkişaf etməli, yerlərin sosial-iqtisadi durumu düzəlməli, bu inkişafa təkən verən biznes mühiti formalaşmalıdır. Təbii, dövlətin bu sahədə atdığı addımlara sahibkarların, biznes adamlarının da dəstəyi vacibdir. Dövlətin yaratdığı şəraitdən istifadə edib burada yeni iş yerləri açmaq, şirkətlər, müəssisələr qurmaq, başqa xidmət sahələri yaratmaq sahibkarların, biznes adamlarının üzərinə düşən vəzifədir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizdə biznes üçün mübit şərait, əlverişli şərtlər var. Üstəlik də, azad edilən ərazilərdə fəaliyyət göstərmək, azad ərazilərin sosial-iqtisadi inkişafına töhfə vermək istəyən biznes adamlarına, sahibkarlara bir sıra vergi və sair sahələrdə güzəştlər tətbiq edilib.
- Sahibkarların azad ərazilərə marağı kütləviləşir...
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bir müddət əvvəl mətbuata açıqlamasında deyib ki, 1 yanvar 2023-cü il tarixinə işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan 1339 müraciət daxil olub. Onun verdiyi məlumata görə, müraciətlərin 873-ü yerli, 466-sı isə 37 xarici ölkənin investorlarına aiddir. “Xarici investorların müraciətləri arasında Türkiyə, Qazaxıstan, Macarıstan və Rusiyadan olan müraciətlər üstünlük təşkil edir. İnvestisiya layihələrinin 90%-i yerli, 10%-i isə xarici sahibkarların investisiya layihələridir. İnvestisiya layihələrinə dair müraciətlərin 36%-i ticarət və xidmət sahəsini, 27%-i sənayeni, 26%-i kənd təsərrüfatını və digər 11%-i tikinti, turizm, səhiyyə, təhsil və mədəniyyət sahələrini əhatə edir.
2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndində KOBİA-nın kiçik və orta biznesə dair xidmətləri həyata keçirən xidmət pəncərəsi, Agentliyin dəstəyindən yararlanmaqla dövlət-özəl sektor tərəfdaşlığı əsasında tikiş fabriki, Ağalıda yaşayan sakinlərin gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsi məqsədilə KOBİA, TÜİB və Türkiyənin “Kolin” şirkətinin dəstəyi ilə bazar yaradılıb” - deyə Orxan Məmmədov qeyd edib.
Rəsmi məlumatdan da göründüyü kimi, azad regionların sosial iqtisadi inkişafına təkan verən, deyərdik ki, onun hərəkətverici qüvvəsinə çevirilən sahibkarlıq fəaliyyəti göstərmək istəyənlərin sayı çoxdur.
Bu amilin azad ərazilərin sosial-iqtisadi inkişafında nə kimi rolu ola bilər?
Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, işğaldan azad edilmiş ərazilərin bərpasına investor cəlb edilməsi baxımından bu il bu ərazilərdə fəaliyyət göstərəcək şirkətlərə vergi güzəştlərinin tətbiqi, digər məsələrdə onlara güzəştin verilməsi orada fəaliyyəti cəlbedici edir: “Bu çox təqdirəlayiq haldır. Hələ 44 günlük müharibədən dərhal sonra müstəqil iqtisadçılar dəfələrlə vurğulayırdılar ki, bu əraziləri yalnız dövlət büdcəsinin hesabına bərpa etmək mümkün deyil. Orada cəlbedici şərtlər olmalıdır. Bu cəlbedici şərtlərlə də həmin ərazilərə investorlar cəlb edilməlidir. Artıq yanvarın 1-dən hökumət bu kursu götürüb. Bu çox təqdirəlayiq kursdur. Əgər yerli və xarici investorların müraciətləri hökumət tərəfindən müsbət dəyərləndiriləcəksə qarşıdakı bir ildə onların faəliyyəti azad ərazilərdə hiss olunacaqdı. İlin sonunda tikinti və bərpa, orada bütün istiqamətdə görülən işlərin, fəaliyyətlərin statistikasına baxanda müsbət nəticəni görəcəyik. Baxacağıq ki, əvvəlki illərdən daha çox işlər görülüb”.
- “...ciddi əhəmiyyət kəsb edən məsələdir”
A.Nəsirli hesab edir ki, müxtəlif fəaliyyət sahələrinin yaradılması çox arzulanır və bu amil sahibkarlığa da, regionun özünün sosial-iqtisadi inkişafına böyük təkan verəcək. “Xəritəyə baxsanız görərsiniz ki, azad edilmiş ərazilər payutaxtın əks istiqamətindədir. Bu da çox ciddi əhəmiyyət kəsb edən məsələdir. Paytaxtdan 300-400 kilometr kənarda tikinti-bərpa işləri gedir, orada sahibkarlıq fəaliyyəti güclənir və beləliklə artıq ölkə ərazisində iki iqtisadi mərkəz yaranır. Bu iqtisadi mərkəzlər aradındakı ərazi də sözsüz ki, hər iki iqtisadi mərkəzin təsiri altında inkişaf edəcək. Hesab edirən ki, Azərbaycan hökuməti regionların sosial-iqtisadi inkişafı proqramını da azad olunmuş ərazilərin bərpası proqramı ilə birləşdirməlidir. Bundan sonra da istər yerli, istərsə də əcnəbi sahibkarlara münbit və cəlbedici şərait yaradılmalıdır. Bu ərazilər böyük iqtisadi məkana çevrilməlidirlər. Üstəlik də, gələcəkdə sülh müqaviləsi bağlanacaqsa, həm Ermənistanla sərhəddə, həm Gürcüstanla sərhəddə, münasibətlər düzələndən sonra həm İranla sərhəd zonalarda azad iqtisadi zonaların yaradılması da vacib məsələlərdən biridir. Bu yolla Azərbaycanın regionlarının sosial-iqtisadi inişafına hökumət növbəti təkan vermiş olacaq. Fikrimcə, bu ümumilkdə təqdirəlayiq haldır”-deyə A.Nəsirli qeyd etdi.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.