Pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərin siyahısı genişləndirilib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Təhsil Haqqında” Qanuna edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.
Ümumi təhsil müəssisələri tərəfindən yetkinlik yaşına çatmayanların öz inkişaf səviyyələrinə uyğun cinsi istismar və cinsi zorakılıq təhlükələri, habelə özünü müdafiə vasitələri barədə məlumat almaları təmin edilir. Bu zaman onlara cinsi tərbiyəyə dair ümumi məlumat verilir, təhlükəli vəziyyətlərə, xüsusilə yeni informasiya və kommunikasiya texnologiyalarından istifadədən irəli gələn hallara xüsusi diqqət yetirilir. Belə məlumatların təqdim edilməsinə yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri cəlb edilə biləcəklər.
- “Həmin şəxslər etdikləri əmələ görə cəzalarını çəksələr də, bu həmin şəxslərin bu tip cinayəti, hadisəni yenidən törətmək ehtimalını azaltmır”
Mövzunun əhəmiyyəti haqqında danışan təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hazırda orta məktəblərə işə qəbul prosesi müsabiqə və müsahibə formasında həyata keçirilir. Hər il müəllim olmaq üçün 60 mindən çox insan elektron ərizə verir və 10 minə yaxın şəxs yeni təhsil ilində pedaqoq kimi fəaliyyətə başlayır: “Müəlimlərin işə qəbul prosesinin müsahibə və müsabiqə formatında həyata keçirilməsi təhsil sistemində yenilik kimi qəbul olunub. Müəllimlərin işə qəbulu ilə bağlı qanunvericiklərə edilən bütün dəyişikliklər müsbətdir. Qanunvericiliyə edilən dəyişikliklərdən biri də cinsi zorakılığa görə məhkumluğu olan şəxslərin pedaqoq kimi çalışa bilməməsidir. Bu doğru və düzgün qərardır. Nəzərə almaq lazımdır ki, pedaqoqlar məktəblilərlə, azyaşlılarla işləyir. Xüsusi amansızlıqla cinayət törədənlər və cinsi zorakılığa görə məhkumluğu olan şəxslər, təbii ki, müəllim kimi çalışa bilməz. Həmin şəxslər etdikləri əmələ görə cəzalarını çəksələr də, bu həmin şəxslərin bu tip cinayəti, hadisəni yenidən törətmək ehtimalını azaltmır. Bu səbəbdən də ölkə başçısının təsdiqlədiyi “Təhsil haqqında” Qanuna edilən dəyişiklik yalnız təqdir olunmalıdır”.
Günel CƏLİLOVA