Azərbaycanda təxminən 450 minə yaxın sənədsiz ev var. Bunların 400 mini Bakıda və Abşeron yarımdasında yerləşir. Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov Xəzər Televiziyasının "Xəbər Ertəsi" proqramında bildirib.
Onun sözlərinə görə, sənədsiz evlərin hamısının rəsmi qeydiyyata alınması mümkün deyil: "Çünki burada təhlükəsizlik məsələləri var. Yüksək gərginlikli elektrik xətlərinin, yüksək təzyiqli qaz xətlərinin, dəmir yollarının, Xəzər dənizinin, Kür çayının mühafizə zolaqlarında, eləcə də sürüşmə ərazilərində özbaşına evlər tikilib. Həm insan sağlamlığı, həm də bütövlükdə təklükəsizlik baxımından həmin evlərin sənədləşdirilməsi arzuolunan deyil. Həmçinin heç bir infrastrukruru olmayan və təhlükəli ərazilərdə yerləşən evlərə sənəd verilməsinin vətəndaşlar üçün də faydası olmaz. Vəziyyətdən çıxış yolu təhlükəli zonalarda yerləşən evlərin tamamilə ləğv edilməsidir. Amma həmin evlərin yerləşdiyi ərazilərin problemi olmayan hissələrinə müəyyən tənzimləmələrlə güzəştlərin tətbiqi nəzərdə tutulur".
E.Məmmədovun dediyindən belə aydın olur ki, təhlükəli zona hesab edilən ərazilərdə olan evlər ləğv ediləcək. Belə olan halda həmin evlər söküldükdə əmlak sahiblərinə kompensasiya veriləcəkmi? O insanların mənzil təminatı, yaşayışı necə həll olunacaq?
- “Bu evlərin sənədləşdirilməsi mümkün olmayacaq və sökülməlidir, ancaq kompensasiya məsələsi isə ödənilmə yolu ilə həyata keçirilməlidir”
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirdi ki, Azərbaycanda sənədsiz evlər barədə müvafiq istiqamətlər üzrə müəyyən vaxtlarda qərarlar qəbul olunacaq: “Son zamanlar daha çox ilkin qeydiyyat üzrə sənədləşdirilmənin sadələşdirilməsi nəzərdə tutulub. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Qanunun 8-ci maddəsinə müəyyən əlavə dəyişikliklər edilib. Sonuncu dəfə belə dəyişiklik 2018-ci ildə olub. Ondan sonra demək olar ki, bu istiqamətdə ciddi addımlar atılmayıb”.
Ekspertin dediyinə görə, təhlükəli ərazilərdə yerləşən evlər iki qrupa bölünür: “Birincisi, aktiv mədən əraziləridir ki, buraya hazırda istismar olunan neft buruqlarının ərazisindəki evlər daxildir. Məsələn, Balaxanı, Binəqədi ərazisindəki hansısa neft buruğu fəaliyyətdə olsa da, 10 metrliyində ev tikilib. İkincisi, vulkanik ərazilərdir ki, Abşeron palçıq vulkanlarının sayına görə dünyada birinci yerdədir. Çox təəssüf olsun ki, bəzi kənar qəsəbə və kəndlərdə vulkanik ərazilərdə də evlər inşa olunub. Bundan başqa, mühafizə zolaqlarına düşən evlər var ki, buraya magistral neft, qaz kəmərləri, magistral su xətləri, avtomobil, dəmir yol xətləri, yüksək gərginlikli elektrik enerji xətləri olan ərazidəki evlər daxildir. Mühafizə zolaqlarına düşən evlərin sökülməsi məsələsi bir neçə il öncədən aktualdır. Həm də Nazirlər Kabineti müvafiq icra hakimiyyətlərinə sorğu göndərmişdi ki, hər bir qurum ərazisinə düşən bu cür evləri mentallaşdırsın. Bu, təxminən 2014-2015-ci illərə təsadüf edirdi və qurumlar da mentallaşma aparıblar. Belə evlərin də sayı 20 mini keçirdi. İlkin hesablamalara görə, bu cür ərazilərə düşən evlərin sayı təxminən 30-50 min səviyyəsindədir. Bu evlərin sənədləşdirilməsi mümkün olmayacaq və sökülməlidir. Ancaq kompensasiya məsələsi isə ödənilmə yolu ilə həyata keçiriləcək. Bütün hallarda hökumət belə bir sosial problemin yaranmasına gətirib çıxarmayacaq və bu istiqamətdə kompensasiya ödənişləri həyata keçiriləcək. Bu problemi yalnız vahid konsepsiya şəklində həll etmək mümkündür”.
Günel CƏLİLOVA