Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Rossia-24 telekanalına müsahibə verib. Müsahibəsində bir sıra məsələlərə toxunan Lavrov Azərbaycan-Ermənistan münasibətlərinə də diqqət çəkib.
Lavrov müsahibəsində qeyd edib ki, Bakı və İrəvanın Avropa İttifaqı ilə birlikdə sənəd imzalaması Moskva üçün “mürəkkəblik” yaradıb: “Həm Ermənistan, həm də Azərbaycan Avropa İttifaqı ilə birlikdə 1991-ci il Almatı bəyannaməsində müəyyən edilmiş şərtlər əsasında müqavilə bağlamağa hazır olduqlarına dair sənədi imzalayandan sonra bizim üçün gələcək addımlarımızın müəyyən edilməsi, bir növ mürəkkəb olub. Çünki orada deyilir ki, yeni müstəqil olmuş dövlətlərin sərhədləri, (keçmiş) sovet respublikalarının inzibati sərhədlərindən keçəcək. Bu isə, əlbəttə, həm də Ermənistan və tərkibinə Dağlıq Qarabağ muxtar vilayəti daxil olan Azərbaycan SSR-ə aiddir”.
Burada axı mürəkkəblik nədədir? Sövet dövründə bəlli sərhədlər olduğu halda, Lavrov niyə işi yoxuşa sürür?
- “Lavrov dolayı yollarla izah etməyə çalışır ki, Moskvadan kənar hər hansı bir razılaşma onlar üçün "mürəkkəblik" sayılır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Lavrovun bu açıqlamasını təsadüfi saymaq olmaz: “Lavrov dolayı yollarla izah etməyə çalışır ki, Moskvadan kənar hər hansı bir razılaşma onlar üçün "mürəkkəblik" sayılır. Beləliklə, buradan belə bir nəticəyə gəlmək mümkündür ki, Rusiya heç vəchlə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının Rusiyadan xaric digər dövlətlərdə baş tutmasına razı deyil. Ermənistan rəsmilərinin sülhün bir addımlığına yaxınlaşdığı anda Rusiya ermənilər üçün yeni "sürprizlər" hazırlayır. Rusiya, ümumiyyətlə, Avropada Azərbaycanla Ermənistan arasında imzalanan bütün sənədləri cox qısqanclıqla qarşılayır. Praqada imzalanmış sənəd bunun əyani sübutudur.O ki qaldı Almatı bəyannaməsinə, bu bəyannamə 21 dekabr 1991-ci ildə imzalanıb. Bu sənədi Rusiya, Ukrayna, Belarus, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Tacikistan və Türkmənistan imzalayaraq bəyannaməyə qoşuldular. Almatı bəyannaməsində ən əsas müddəalardan biri dövlətlərin bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyidir. Gəlin baxaq, görək bu sənəddə əksini tapan öhdəliyə Rusiya ilə Ermənistan əməl etdimi? Ermənistan bu bəyannamənin ardınca Azərbaycanın 20 faiz topaqlarını işğal etdi. Günümüzdə Rusiya Ukraynaya qarşı eyni təcavüzü həyata keçirir. Buradan belə bir nəticəyə gəlmək mümkündür ki, Rusiya və Ermənistan üçün bu bəyannamə kağız parçasından başqa bir şey deyil. Rusiya indiki durumda keçmiş sovet respublikalarını öz təsiri altında saxlamaq üçün hərbi-siyasi yollardan istifadə edir. Ancaq bu zorla mümkün olmayacaq. Dünya dəyişir, yeni dünya düzəni qurulur. Bu yeni düzəndə beynəlxalq hüquqa hörmətlə yanaşmayan dövlətlərin taleyi qaranlıq olacaq. Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə mane olmasaydı, biz çoxdan sülh şəraitini təmin etmiş olardıq. Bölgəyə ən çox nifaq toxumu səpən məhz Rusiya dövlətidir. Mürəkkəb olan ən mühüm məsələ elə budur. Lavrov bütün bunları yaxşı analiz etsin”
Sədr müavini onu da əlavə etdi ki, bölgədə sülhün arxitekturası qurulmasa böyük təhlükələr qaçılmaz olacaq.
Vidadi ORDAHALLI