Əliyevin "Avropa qaz təhlükəsizliyi" strategiyasına 2 ciddi təhdid - İran və Vardanyan...

3 Fevral 2023 16:46 (UTC+04:00)

ABŞ-ın  məşhur “Forbes” nəşri Azərbaycan qazının Avropaya nəqlinə təhlükə yarada biləcək, regionda sabitliyi pozan faktorlar barədə geniş yazı dərc edib. Məqalədə deyilir ki, buna iki əsas amil mane olur: Vardanyan və İran.

Məqalədə qaçaq erməni milyarder Ruben Vardanyanın Azərbaycana məxsus qızıl, mis və molibden mədənlərini talamasına toxunulur:

“Enerji böhranının nəticələrinin yumşaldılmasına baxmayaraq, Avropa hələ də bu sahədə müəyyən çətinliklərlə üzləşir. Bu çətinlikləri artıran səbələrdən biri Ruben Vardanyanın Azərbaycana məxsus qızıl, mis və molibden mədənlərini talamasıdır. Erməni əsilli qaçaq milyarder regionda sabitliyi pozan amil hesab edilir. Vardanyan uydurma rəqəmlərlə vəziyyəti sabitsizləşdirməyə və manipulyasiya etməyə çalışır.

Digər səbəb rəsmi Tehrandır. İran Azərbaycanın Avropaya enerji təchizatı üçün əsas təhlükələrdən biridir. Tehranın Azərbaycanla problemləri var: İran Azərbaycanla İsrail arasında sıx diplomatik münasibətlərin olmasını qəbul edə bilmir. Tehran İran və Ermənistanı birləşdirən ərazidən keçəcək Zəngəzur dəhlizinin açılmasının da əleyhinədir. Ötən həftə İslam İnqilabı Keşikçiləri Korpusu Azərbaycana “videoxəbərdarlıq” - İran bayraqları ilə sərhəddə dayanan hərbi geyimli uşaqların videogörüntüsünü dərc edib”.

Qeyd edək ki, məqalədə yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktından da bəhs edilir.

Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu iki amil Avropanın enerji təhlükəsizliyinə mane olmaqla yanaşı, həm də ümumi təhlükəsizliyə təhdid yaradır: “Bu iki məsələ bir-birinə sıx bağlıdır.

Təhlükəsizlik olmadan Azərbaycanın enerji layihələrini icra etməkdə də problem yarana bilər. Qarabağa gələn və sonradan Rusiya vətəndaşlığından imtina edən, təbiətcə fürsətçil olan rusiyalı oliqarx burada qazanc əldə etmək imkanı gördü: onun gəlişindən cəmi bir neçə həftə sonra fəaliyyətsiz olan iki qızıl mədəni yenidən açıldı. Həqiqətən də Vardanyan bölgəyə qeyri-adi vaxtda gəldi. O, Qarabağ separatçıları Azərbaycan daxilində hüquqları qorunan azlıq kimi gələcəklərini qəbul etməyə hazır olduqlarını bildirən ərəfədə peyda oldu. Amma indi Vardanyanın lider olması ciddi problemlə üzləşib.  Oliqarx və İrəvandakı hökumət açıq şəkildə bir-birinə qarşı çıxır. Vardanyan  Qarabağın erməni icmasının ictimai rəyini sülhün əldə olunmasına qarşı yönəldir”.

Politoloqun sözlərinə görə, Avropanın  hazırkı gərgin beynəlxalq hərbi-siyasi vəziyyətində,  həmçinin üzləşdiyi enerji böhranı zaman rəsmi Bakının etdiyi enerji əməkdaşlığı çağırışları ortadadır. İlham Əliyev dəfələrlə Avropada artan enerji tələbatını ödəmək üçün sıx əməkdaşlığın və koordinasiyanın vacib olduğunu bəyan edib.

Azərbaycan bu məqsədlə Avropa İttifaqı ilə artıq rəsmi olaraq enerji sahəsində dialoqa başlayıb və bu dialoq təkcə təbii qaz deyil, enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisi, hidrogen və yaşıl enerji seqmentlərini əhatə edir”.

Ekspert xatırladır ki, Azərbaycan neft-qaz istismarı və ixracı ilə əlaqədar böyük beynəlxalq layihələrə start verəndə isə İran “Xəzərin statusu” məsələsini ortaya atdı: “O  zaman əsassız bəhanələrlə müxtəlif iddialar qaldıran İranın əsas niyyəti Azərbaycanın inkişafı və güclü dövlətə çevrilməsinin qarşısını almaq, onun İran azərbaycanlıları üçün cəlbedici, nümunə olduğunu əngəlləmək idi. Həmin  gəmilərimiz  İranın hərbi təyyarələri tərəfindən təhdid edildi, bu isə oradakı işlərin dayandırılmasına səbəb oldu. Qardaş Türkiyənin  Azərbaycana həmrəylik dəstəyinin səmada  nümayişi  İran rəsmilərini bir qədər sakitləşdirdi. İran ənənəvi siyasətini bu gün də davam etdirir və Azərbaycanın müstəqil ölkə kimi Qərblə və digər ölkələrlə iqtisadi və siyasi əlaqələr qurmağını bütün mümkün vasitələrlə tormozlamağa çalışır”.

Məhəmmədəli QƏRİBLİ