Azərbaycandan fərqli olaraq, İranda ayrı-ayrı dinlərə mənsub olan şəxslər sərbəst şəkildə öz dini ibadətlərini yerinə yetirə bilmir. Zərdüştlər, yəhudilər, sünnilər və bəhailər rahat şəkildə öz dinlərinə ibadət edə bilmir, onlara maneçilik törədilir. Burada başqa dinə qulluq, ibadət edən şəxslərə qarşı edilən təzyiq barədə dəfələrlə xarici, eləcə də İran mətbuatında məlumatlar yayılıb.
Iran rejimi biləndə ki, şəxs bəhai məzhəbinə aiddir, həmin adamı dərhal universitetlərdən, iş yerlərindən qovurlar. Bu səbəbdən də bəhai məzhəbinə aid olanlar özlərini, inanclarını gizlətməyə məcbur olur.
Həmçinin, İranda yəhudilərə də çox acımasız münasibət göstərilir. Sünnilərə qarşı isə xüsusi ayrıseçkilik var. Sünnilər İranda özlərinə məscid belə tikə bilmirlər. Onlara müxtəlif formada təzyiqlər edilir.
Ancaq onu da deyək ki, İran rejimi bir tək ermənilərə güzəşt edir. Onlara öz dinlərinə rahat ibadət etmələri üçün şərait yaradır.
- Faiq Ələkbərli: “İranda dini azlıqlara, iudaist, zərdüşt, bəhai, hətta öz dinlərindən olan, ancaq fərqli məzhəbə ibadət edən sünnilərə belə acımasız münasibət göstərilir”
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO başqanının müavini, siyasi icmalçı Faiq Ələkbərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, normal bir ölkə müxtəlif dinlərə sitayiş edən insanlara hörmətlə yanaşmalıdır: “İnsanların yalnız bir dinə ibadət etməyə məcbur edilməsi və ya başqa dinlərə sitayiş edənlərə əziyyət verilməsi yolverilməzdir. Təəssüflər olsun ki, İran dövlətində ötən 45 il ərzində bu məsələ ilə bağlı radikal münasibət olub. Hələ də bu cür sərt mövqe davam etməkdədir. Halbuki, İslam dininin özü belə müxtəlif dinləri, tolerantlığı ifadə edir. İslam dinində açıq şəkildə göstərilir ki, heç bir kəs zorakılıqla İslam və ya başqa dinə ibadət etdirə bilməz. Ancaq fars molla rejimi İslam adından layiqli şəkidə istifadə etmir. Bu baxımdan İranda dini azlıqlara, iudaist, zərdüşt, bəhai, hətta öz dinlərindən olan, ancaq fərqli məzhəbə ibadət edən sünnilərə belə acımasız münasibət göstərilir. Nəzərə almaq lazımdır ki, İslam dini tək şiə və sünniliklə bağlı öz mahiyyətini ortaya qoymayıb. Islam dini bu dinə inanan hər kəs üçün doğmadır. İslam rejimi adı altında çıxış edənlər ibadətlə bağlı mövzuda da ayrıseçkilik edir. Danılmaz faktdır ki, bu gün İranda sünni məzhəbinə aid olan hənəfi, şafi, maliki, hənbəli və başqalarına çox sərt münasibət göstərilir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, zərdüşti, iudaist və bahailərə qarşı İranda münasibət daha kəskindir. Belə ki, qeyd edilən dinlərə ibadət edənlər öz inanclarına uyğun addım ata bilmir. Buna mane olunur: “Onu da deyim ki, İranda ermənilərə fərqli münasibət göstərilir. Fars-molla rejimi ermənilərin ibadəti ilə bağlı fərqli mövqe ortaya qoyub. Bu da təsadüfi deyil. Belə ki, molla rejimi ermənilərlə öz düşüncələrinə görə daha yaxındır. Bu kimi məsələlər bir daha sübut edir ki, İranda ermənilərə münasibət fərqlidir. Nəinki fars-molla rejimi, hətta pəhləvilər rejimində də ermənilərə eyni münasibət göstərilib. Bütün bunlar onu göstərir ki, İranda digər dini azlıqlar daha çox problem yaşayır. Bunların arasında zərdüşt, bəhai və iudaistlər daha çox öz inanclarına ibadət etməkdə əziyyət çəkir. Belə bir mühitdə yaşamaq olduqca çətindir. Insanı inancına görə təqib etmək, əziyyət vermək, ona maneəçilik törətmək düzgün deyil”.
- Tural İrfan: “İranda başqa dinlərə ibadət edənlər təzyiqlə üzləşir, bu nə İslama, nə də digər dinlərə əsaslanır”
Ilahiyyatçı Tural İrfan bizimlə söhbətində qeyd etdi ki, başqa dinlərə ibadət edənlərin təzyiqlə üzləşməsi nə İslama, nə də digər dinlərə əsaslanır: “Sadəcə olaraq, Sasani imperiyası dövründə mövcud olmuş farsların siyası şovinist ideologiyalarıdır. Onlar bütün cəmiyyəti, xalqları aldadaraq özlərinin müsəlman olduqlarını iddia edirlər. Halbuki, bu ideogiyanın əsl adı rafizi rejimi adlanır. Rafizi ideologiyası İslamdan dönmüş, İslama arxa çevirmiş, ancaq İslam adı ilə çıxış edənlərdir. İran molları, ayətullahları, ideoloqlarının İslamla əlaqələri yoxdur, onların əsl məqsədi İslamı silməkdir. Tarixə nəzər salsaq görərik ki, Ömər ibn əl-Xəttab İranı fəth edən zaman Sasani imperiyasını məhv etdi. O, İran, Azərbaycan və ətrafda olan digər dövlətlərə də müsəlman dinini qəbul etdirib. Hazırda Ömər ibn əl-Xəttab İranın ən ali düşmənidir. İranda bütün dini ayinlər zamanı Ömər ibn əl-Xəttab lənətlənir. Hətta İranda Ömər adı qoyula bilməz, bu ad qadağan olunub. Bu ideologiyanın əsl məqsədi İslamı daxildən çürütməkdir”.
Həmsöhbətimiz hesab edir ki, fars-molla rejimi ermənilərə dinlə bağlı ona görə güzəşt edir ki, onlar qriqoryan dininə mənsubdur: “Qriqoryanla da farsların inancları demək olar eynidir. Məlumata görə, İran ideoloqları ilə xristian radikallarının birgə mütəffiqliyi var. Onlar Fələstin və Qüdsü İranın əli ilə işğal etmək istəyir. Bunu da xaçlılara - Vatikana təhvil vermək istəyirlər. Necə ki, yəhudi və müsəlmanlar Qüdsə iddia edir, eynilə xristianlar da bu düşüncədədir. Sadəcə, bu gün İsraillə Amerikanın və başqa ölkələrin əlaqəsi olduğu üçün bu niyyətlərini tam ifadə edə bilmirlər. Ancaq bütün xaçpərəstlər Qüdsə iddialıdır. Belə bir plan qurulub ki, İran Qüdsü alıb xaçlılara təhvil verdikdən sonra onlara yenidən Sasani imperiyasını qurmağa şərait yaradacaqlar. Belə olarsa Ermənistan, Azərbaycan, Gürcüstan və digər qonşu ərazilər həmin Sasani imperiyasının ərazisində olacaq. Bu səbəbdən də İran Ermənistanla müttəfiqdir. Zəngəzur dəhlizinin açılmasına qarşı çıxılması da İranın Sasani imperiyasını dirçəltmək niyyətindən irəli gəlir. Buna görə də İran daxilində heç bir din mənsubuna tolerant davranılmayacaq. Danılmaz faktdır ki, bu gün İranda digər dinlərə ibadət edənlərə qarşı böyük repressiya var”.
Günel CƏLİLOVA