Media Reyestrinə qarşı fəallaşan qara piar kampaniyası xaricdən yönləndirilir...

3 Fevral 2023 14:25 (UTC+04:00)

Son günlər “Media Haqqında” Qanunu hədəfə almaq meylləri fəallaşıb. “Babam mənə kor deyib, gəlib-gedəni vur deyib” prinsipi ilə məsələyə yanaşanlar bu qanunun mahiyyətini dərk etmədən müəyyən xarici qüvvələrdən aldıqları sifarişlər əsasında, xüsusən də Media Reyestrinə qarşı qarşı əsassız iddialar irəli sürürlər. Qaralama kampaniyasının əsas hədəfi Media Reyestridir ki, onu gözdən salmaq işində aktivləşiblər.

“Media Haqqında”Qanuna, xüsusən də Media Reyestrinə qarşı bu qaralama kampaniyası nə ilə bağlıdır?

“Media Reyestrinin ləğv edilməsi təklifini irəli sürənlərin əksəriyyəti Qərbdən bu və digər şəkildə maliyyələşənlərdir”

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Yeniçağ.az-ın baş redaktoru Aqil Ələsgər “Bakı-Xəbər”ə bildirdi ki, “Media Haqqında” Qanunu  hədəf seçənlər, Media Reyestrinə qarşı bu hücumları edənlər birbaşa xaricdən idarə olunan, Qərbdən və başqa xarici dairələrdən maliyyələşən qüvvələrdir. “Azərbaycan mətbuatı hardasa 15 ilə yaxın ətalət dönəmi yaşadı. Bu ətalət dönəmində bəziləri imtiyazlar qazanaraq özlərinə güzəran qurdular, bəziləri də mətbuatda qalmaq adına özlərinə şərait yaratdılar. İndi yeni dönəmdir. Ümumiyyətlə, hər zaman yeni dönəm, yenilik daşlanıb. Azərbaycan mediasında başlanan yeni dönəm, “Media Haqqında” Qanunun qəbul edilməsi Media Reyestrinin yaradılması, bu reyestrin xüsusilə sıravi jurnalistlərə tanıdığı hüquqlar və digər məsələlər davamlı şəkildə qeyri-leqal, qara mühasibatlıqla çalışanları narahat edir. Bu bir məqam. İkinci əsas məqam isə burada Qərbin xüsusi maraqlarının olmasıdır. Qərb, Avropa istəmir ki, Azərbaycanda ona sərf etməyən qanunlar-qaydalar olsun. Qərb özünə rəva görmədiyi anarxiyanın, xaosun bu bölgədə olmasını istəyir. O baxımdan, Media Reyestrinin ləğv edilməsi təklifini irəli sürənlərin əksəriyyəti Qərbdən bu və digər şəkildə maliyyələşənlərdir. Bir neçə il əvvəl xaricdən, Qərbdən maliyyələşmənin önünü kəsmək üçün Ədliyyə Nazirliyinin xətti ilə rəsmi qadağalar tətbiq olundu ki, media qurumları və QHT-lər Qərbdən maliyyələşməsin. Çox təəssüf ki, o qadağadan zərər çəkənlər Azərbaycanın normal vətəndaş cəmiyyəti, QHT-lər oldu. Qərbdən maliyyə alanlar Gürcüstan üzərindən müxtəlif vasitələrlə yenə də maliyyələşirlər. Onlar qeyri-leqal fəaliyyətlərinə, maliyyə gəlirlərinə mane olunmasını istəmirlər. Bu qüvvələr görürlər ki, Media Reyestri yaradılıb, “Media Haqqında” Qanuna əsasən İnzibati Xətalar Məcəlləsində və sair də dəyişiklər artıq oturuşur. Bu baxımdan, onlar bunun qarşısını kəsmək, bu prosesləri dayandırmaq üçün bütün vasitələrə əl atırlar. Media Reyestrinə yönələn hazırkı səs-küy də bu prosesi dayandırmaq məqsədinə xidmət edir”-deyə A.Ələsgər vurğuladı.

A.Ələsgərli bildirdi ki, Media Reyesterinin mövcudluğu, fəaliyyəti xaricdən maliyyələşən, qeyri-leqal gəlir əldə edən, xarici qüvvələrin maraqlarına xidmət edən şəxslərin nə özlərinə, nə də onları idarə edən güclərə sərf edir, buna görə də, hay-küy salırlar. A.Ələsgərli qeyd etdi ki, bu kimi kampaniyalar, qarayaxmalar bu prosesin qarşısını ala bilməz, proses gedəcək.

Bir məqamı da vurğulayan A.Ələsgərli qeyd etdi ki, Media Reyestrinə qarşı hücumların arxasında Fransa, İran kimi dövlətlərin durduğu istisna edilmir. “Biz bəzən İranın, yaxud başqa dövlət və dini təşkilatların agentlərini üzü saqqallı, başı əmmaməli axtarırıq. Çox təəssüf ki, bəzən Qərb  yönümlü kimi, ultra müasir kimi  görsənən şəxsləri arayıb araşdırdıqda, onların arxasından İran kimi dövlətlər çıxır. Bu baxımdan, Azərbaycan mətbuatında da kifayət qədər İran neçə illərdən bəri işləyir. O gün hımkarımız Elçin Mirzəbəyli 60-dan çox şəxsin İran səfirliyinin dostları adlı bir qrupda olduğunu yazmışdı. Gündəmi İrandan və başqa məsələrdən ayırıb Media Reyestrinə yönəldənlərin içində də bir araşdırma aparılarsa çox yaxşı olar. Dananın quyruğunun göründüyü yer elə İrandır. Faktiki olaraq bu gün Qərb dediyimiz Fransa ilə müsəlman dediyimiz İran erməniyə ən böyük bacılığı edirlər. Bu baxımdan, Media Reyestri əleyhinə çıxanların təkcə İranla deyil, eyni zamanda Fransa, Fransada mühacirətdə olanlarla əlaqələri araşdırılsaydı yaxşı olardı”-deyə A.Ələsgər vurğuladı.

Leyla QARAXANLI