Ermənistan ordusunda fərariliyin son mərhələsi...

3 Fevral 2023 08:41 (UTC+04:00)

Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi zamanı darmadağın edilən Ermənistan ordusu hələ də rəzil durumdadır. Elə bu səbəbdəndir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti az qala hər ay ölkənin silahlı qüvvələrində dövlət xəyanəti faktları barədə məlumatlarla çıxış edir.

Məsələ ilə bağlı Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasından deputatı, müdafiə və təhlükəsizlik komissiyası sədrinin müavini Armen Xaçatryan  “Azatutyun” radiosuna bildirib: “Biz daha çox vətən xaini ovladığına görə Milli Təhlükəsizlik Xidmətini ittiham etməməliyik. Xüsusilə də belə nəticə əks-kəşfiyyat xidmətinin yaxşı işindən xəbər verir”. Milli Təhlükəsizlik Xidməti bu günlərdə məlumat yayıb ki, 2021-ci ilin aprel-may aylarında Ermənistan silahlı qüvvələrinin xarici xüsusi xidmətlər tərəfindən ələ alınmış zabiti hərbi hissələrdən birinin qərargah rəisi işləyirmiş. Xəbərdə deyilir ki, o, xarici ölkənin xüsusi xidmətinin nümayəndəsinə hərbi hissədə olan silahların və hərbi texnikanın sayı, döyüş postlarının yeri barədə məlumatları verib. Qurumun məlumatına görə, sözügedən kapitan rütbəli zabit silahların, o cümlədən Hindistandan alınmış hərbi texnikanın şəkillərini çəkirmiş. Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyası sədrinin müavini Armen Xaçatryan qeyd edir ki, son zamanlarda Azərbaycan Ermənistan silahlı qüvvələri haqqında məlumatların əldə olunmasına böyük resurslar xərcləyir: “Hazırda düşmənimiz olan ölkələr, o cümlədən Azərbaycan xüsusi bir səylə və xüsusilə böyük resurslardan istifadə etməklə informasiya almağa və Ermənistan Respublikasının daxilində hibrid müharibəsi aparmağa çalışır. Düşmən ölkə bu mübarizəni dəfələrlə gücləndirib”. Amma müxalifət dövlətə xəyanət hallarının artmasına dair informasiyalara bir qədər başqa bucaqdan baxır. Keçmiş prezident Robert Köçəryanın “Hayastan” fraksiyasından deputat Geqam Manukyan əvvəlcə belə bir sual verir: nə üçün 2021-2022-ci illərdə silahlı qüvvələrdə vətənə xəyanət hallarının ifşaları artıb? O fikrini belə ifadə edir: “Bu ilk növbədə düşünməyə əsas verir. Deməli, Ermənistanda qırmızı xətlər elə itib ki, vətəni satmaq daha qırmızı xətt hesab olunmur. Parlamentin tribunasından, hökumət müşavirələrindən elə azərbaycanyönlü, türkiyəyönlü bəyanatlar verilir ki, bu artıq adi hala çevrilib. İkincisi, araşdırılmalıdır ki, niyə belə xəyanətlər 2021-2022-ci illərdə aşkar olunub? Nəzarətmi azalıb, yoxsa ordunun zabitlərlə, kiçik zabit heyəti, unter-zabit heyəti ilə təchizində iş bu qədər yarıtmazdır?” Müxalif deputat sonda deyib ki, bütün bunlar hökumətin öz fəndidir: “Hökumət demək istəyir ki, orduda bu qədər satqının olması, ordunun bu vəziyyətdə olması hakimiyyətin günahı deyil. Baxın görün, nə baş verir? Hakimiyyətin bunda günahı yoxdur və nəhayət, görün, hakimiyyət necə yaxşı işləyir”.

Korrupsiya və rüşvətxorluq da həmişəki kimi Ermənistan ordusunun əsas problemi olaraq qalır. Hətta yüksək rütbəli zabitlərin adı bu məsələdə getdikcə daha çox çəkilir. Belə ki, Baş Qərargah rəisinin keçmiş müavini Haykaz Baqmanyan mənimsəmədə şübhəli bilinir. Ermənistanın Baş Prokurorluğu qeyd edir ki, vergi bəyannaməsində onun gəlirləri barədə məlumatlar dəqiq göstərilməyib. Qeyd edək ki, Baqmanyan həm də KTMT-nin Birgə Qərargah rəhbərinin sabiq müavini olub. Bu gün də Ermənistan ordusunda xidmət edən hərbçilərin arasında daxili çəkişmələrin və özbaşnalığın hökm sürməsi özünü açıq-aşkar şəkildə büruzə verir. Ona görə də Ermənistanda yerli əhali övladlarını kütləvi surətdə hərbi xidmətdən yayındırmağa çalışır. Valideynlər tərəfindən daxil olan şikayətlərin əksəriyyətini komandirlərin sıravi heyət üzərində zorakılıq hallarının olması, əsgərlərin alçaldılması və döyülməsi faktları təşkil edir. Bu səbəbdən də valideynlər bütün vasitələrlə övladlarını hərbi xidmətdən yayındırır, müxtəlif bəhanələrlə ölkədən çıxarırlar. Statistik məlumatlar da təsdiqləyir ki, əvvəlki kimi ölkəni tərk edənlər arasında gənclər çoxluq təşkil edir. Onların əksəriyyəti hərbi xidmətdən açıq şəkildə imtina edir. Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin ilk günündən rəşadətli ordumuzun qarşısından geri çəkilən düşmən ölkənin əsgərləri adlarını tarixə fərari kimi yazdılar. Bəlli oldu ki, erməni əsgəri fəraridir, qorxaqdır. Hər halda, müharibə zamanı Ermənistan ordusundan 10 min nəfərin fərarilik etdiyini düşmən ölkənin rəsmiləri etiraf edib. Beləliklə, fakt budur ki, müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi. Erməni ordusunun silah-sursatlarının mütləq əksəriyyəti ya məhv edildi, ya da ki, qənimət kimi götürüldü və indi Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Bütün bu uğursuzluqların fonunda hazırda Ermənistan ordusunda xaos hökm sürür. Erməni hərbçilərinin artan özbaşınalığı, nizamnamənin kobud şəkildə pozulması, fərarilik və Azərbaycanla sərhəddə xidmətdən yayınma kimi hallar yksək həddə çatıb. Əksər erməni ekspertlərinin də vurğuladığı kimi, müharibədəki məğlubiyyətdən sonra ordu sıralarında özbaşınalıq, anarxiya daha da genişlənib və rəhbər şəxslər bu cür halların qarşısnı ala bilmir. Bu səbəbdən erməni ordusunun daha zəif duruma düşməsi qaçılmaz hesab olunur.

Tahir TAĞIYEV