Şəxsi ev tikməyə icazə aldı, çoxmərtəbəli bina tikdi - Xırdalan kəndi sakinlərinin etirazı... - VİDEO

3 Fevral 2023 09:34 (UTC+04:00)

Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 1, mənzil 32 ünvanında yaşayan Muradov Elçin Dadaş oğlu yaşadığı ərazidə sakinlərə narahatlıq yaradan qanunsuz bina tikintisi ilə bağlı qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban  Əliyevaya müraciət edib.

Sakinlər adından edilən müraciətdə bildirilir ki, Xırdalan kəndinin daxili ərazisində 4 nömrəli orta məktəbin arxa tərəfində vətəndaş Nəsrullayev Murad Bilal oğlu tərəfindən qanunsuz və heç bir sənədi olmayan çoxmərtəbəli yaşayış binası tikilir: “Nəsurllayev Murad Bilal oğlu Abşeron rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş fərdi yaşayış evinin tikintisinə icazə sənədi olduğu halda, fərdi yaşayış evinin əvəzinə çoxmərtəbəli yaşayış binası tikdirir. Çoxmərtəbəli - 7 (yeddi) mərtəbəli binanın tikintisinə heç bir icazə sənədi yoxdur. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, “Mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsində inşa edilən yaşayış evlərinin yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 (on iki) metrdən, aşırımlarının uzunluğu isə 6 (altı) metrdən çox olmalı deyil” göstərilir və tələb olunur”.

Şikayətçi yazır ki, sözügedən yaşayış binası tikilməyə başladığı vaxtdan bugünə qədər sakinlər fasiləsiz olaraq ölkə Prezidentinə, Birinci vitse-prezidentə, Elm və Təhsil nazirinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə müraciət edib.

Şikayətçi qeyd edir ki, bu çoxmərtəbəli  yaşayış binasının düz məktəbin yanında tikilməsi məktəbin özünə də, şagirdlərə də təhlükə yaradır. Məktubda vurğulanır ki, respublika ərazində  qanunsuz və sənədsiz aparılan tikintilərin əksəriyyəti, demək olar ki, Abşeron rayonundadır. Abşeronun Xırdalan kəndində Ə.Mürsəlov küçəsi 28-də tikilən binanın da bu qəbildən olduğunu vurğulayan şikayətçi tikinti ərazisində təhlükəsizlik qaydalarına əməl edilmədiyini də qeyd edir. Bildirilir ki, sakinlər Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tikintinin saxlanılması və sökülməsi üçün müraciət etsə də, lakin bu qurumlar heç bir tədbir görməyiblər, əksinə, prosesin davam etməsinə şərait yaradıblar. Tikintinin aparılmasına dair reklam plakatı olmamasından da narazılıq edən şikayətçi E.Muradov sakinlər adından göndərdiyi müraciətdə Prezidentin qanunsuz tikintilərlə bağlı fikirlərinə istinad edərək  qeyd edir ki, Xırdalanda baş verən halın da qarşısı alınmalıdır. Prezident İlham Əliyevin  “Azərbaycan kəndlərinin, rayonlarının və şəhərlərinin tarixini qoruyub saxlamaq lazımdır” fikrini sitat gətirən şikayətçi yazır ki, lakin Bakının 32 kəndindən biri olan Xırdalan kəndinin tarixi qorunmur, kəndin tarixi bu cür çoxmərtəbəli binalar tikilməklə məhv edilir.

Bu tikinti Nəsurllayev Murad Bilal oğlu tərəfindən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin, Torpaq və Mənzil məcəllələrinin tələblərinə riayət olunmadan aparılır, bu da öz növbəsində əhalinin haqlı narazılığına səbəb olur. “Belə ki, bu hal sakinlərin normal yaşayış səviyyəsini çətinləşdirir, sosial-məişət şəraitinin ağırlaşması ilə nəticələnir. Bundan əlavə, hündürmərtəbəli bina ərazidə əvvəldən mövcud olan fərdi yaşayış evlərindən ibarət sahənin ümumi görünüşünə də xələl gətirir. Sözügedən hündürmərtəbəli bina tikiləcəyi təqdirdə, demək olar ki, həmin məktəbə bitişik vəziyyətdə olacaq, məktəb binanın kölgəsində qalmaqla məktəbin ümumi görünüşünə xələl gətirəcək, şagird və müəllim heyətinin gediş-gəlişi üçün ciddi maneələr yaradacaq, insanların normal yaşayışı üçün süni əngəllər törədəcəkdir”.

Sakinlər adından Prezidentə və Birinci vitse-prezidentə müraciətdə  Bakının Xırdalan kəndinin  tarixinin qorunması üçün Əbdüləli Mürsəlov küçəsindəki qanunsuz, heç bir sənədi olmayan çoxmərtəbəli yaşayış binasının sökülməsində xırdalanlılara köməklik etmələri xahiş edilir. “Xırdalan kəndində Əbdüləli Mürsəlov küçəsi 28 A (keçmiş R.Axundov 28 A) ünvanında qanunsuz olaraq tikilməkdə olan hündürmərtəbəli yaşayış binasının tikintisinin dayandırılması və sökülməsi üçün aidiyyəti üzrə göstəriş verməyinizi Sizdən xahiş edirik”-deyə E.D.Muradov müraciətində bildirib.

Barəsində danışılan məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən də münasibət öyrənmək istədik. İcra hakimiyyətinin telefona cavab verən əməkdaşı bildirdi ki, bütün məsul işçilər 2 Fevral Gənclər Günü münasibətilə Heydər Əliyev
Mərkəzində tədbirdədir, bu səbəbdən də sorğunuza cavab verən olmayacaq.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin də mövqeyini dərc edə bilərik.

Əli TURABOV