Azərbaycanla sülh müqaviləsinin imzalanmasını uzatması Ermənistana olduqca baha başa gələ bilər. Bu xüsusda artıq beynəlxalq miqyasda çoxsaylı xəbərdarlıqlar edilir. Özü də bu xəbərdarlıqda o xüsusi vurğulanır ki, Ermənistan sülh prosesini gecikdirsə, ən çox itirən tərəf olacaq.
Məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü Yevgeni Satanovski çox maraqlı açıqlamalar verib. O bildirir ki, Qarabağ məsələsində Azərbaycan tamamilə haqlıdır: “Qarabağ Azərbaycan ərazisidir. Ermənistan isə bununla mübahisə etmir. Bu o deməkdir ki, nəsə tələb edən insanlar separatçılardır. Heç kim onları tanımır, elə deyilmi?! Onlar təkbaşına mübarizə apara bilmədilər. Küçələrdə Rusiya bayraqlarını yandıran axmaqların isterik qışqırıqlarından başqa Ermənistan Xankəndidəki separatçı rejimə heç nə etmədi. Paşinyan açıq şəkildə antirusiya siyasəti aparır. O, amerikapərəstdir. İlham Əliyev isə ölkəsinin maraqlarının qayğısına qalır. Əsas tərəfdaşının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olması və Bakının Ankara ilə vahid hərbi-siyasi sistemində əlaqəsi onun öz haqqıdır. İndi Laçın yolu və Zəngəzur dəhlizi arasında çəkişmələr davam edəcək. Ümumiyyətlə, bundan sonra Cənubi Qafqazda hər şey ola bilər, o cümlədən, regionun xəritəsinin yenidən qurulması da bura daxildir. Hamısı budur”. Əslində, Ermənistanda da bu reallıqları qəbul edənlər var. Məsələn, İrəvan Mətbuat Klubunun sədri Boris Navasardyan bildirir ki, Ermənistan geosiyasi oyunlar içində olsa da çətin vəziyyətdədir və Azərbaycan bundan məharətlə istifadə edir: “Rusiya Avropa və ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərində mühüm rol oynamasının qarşısını almaq üçün səy göstərəcək”. Onun sözlərinə görə, Rusiyanın səyləri həm təhdid, həm də inandırma cəhdlərini nəzərdə tutur. Rusiya üçün pis xəbərdir ki, Qərb bizim regionda fəallaşır. Azərbaycanın üstünlükləri başadüşüləndir, rus platformasında dil tapmağın asan olduğuna əmin olublar. Rusiyanın əsas vasitəçi olacağı bütün kontekstlərdə Azərbaycan öz ssenarisini həyata keçirə biləcək. Bakı ilə danışmadan məsələlərimizi həll etməyimizə Qərbin təzyiqi bəs etmir”. Bu xüsusda artıq Qarabağ separatçıları arasında da maraqlı proses müşahidə edilir. “Qraparak” qəzeti bu fonda məlumat yayıb ki, indi məsələyə görə separatçılar arasında da ziddiyyətlər yaşanır: “Milyarder Ruben Vardanyan son günlər Qarabağ sakinləri arasında görüşlər keçirir. Görüşlər zamanı Vardanyanla əhali arasında ziddiyyətli hallar yaşanıb. Vardanyan bir tərəfdən onları sakitləşdirərək bildirib ki, Laçın yolunda yaranmış vəziyyət mart-aprel aylarına qədər davam edəcək. Digər tərəfdən, bu müddətdə hərbi toqquşmanı istisna etməməklə insanları qorxuya salıb. Bu arada, Qarabağ separatçılarının lideri Arayik Arutyunyan Vardanyanın mövqeyinə qarşı çıxıb. O deyib ki, hazırda qondarma rejimdə kifayət qədər silah olsa da, müharibədən qaçmaq lazımdır: “Azərbaycanla dialoq yolu ilə hərəkət edin, əks halda müharibə “Artsax” xalqı üçün son olacaq”. Vardanyan isə bununla razılaşmadığı üçün ziddiyyətlər dərinləşir”.
Məsələyə nəzər salan NATO müttəfiq komandanlığının Yaxın Şərq və Şimali Afrika üzrə keçmiş eksperti Maurizio Geri bildirir ki, Vardanyan varidatını Sovet İttifaqının çökməsi ilə yaranmış “qanqster kapitalizmi” dövründə qazanıb: “Rusiya birjasının atası” adını qazanmış bu şəxs əvvəlcə bank investisiyalarında özünü sınayıb, daha sonralar isə Rusiyanın bəzi nəhəng şirkətlərinin idarə heyətinə üzv olub. Bu şirkətlərdən bir çoxu hazırda Qərbin sanksiya siyahılarındadır. Ermənistanı 1985-ci ildə tərk etdikdən sonra Rusiyada yaşayan Vardanyan ötən il qəfildən Rusiya vətəndaşlığından imtina etdiyini və Qarabağa köçmək niyyətini bəyan edib. İndiyədək Qarabağa çox az maraq göstərən oliqarx indi qazanc götürmək fürsətinin olduğunu hiss edib.
Qarabağdakı iki qızıl mədəni Vardanyan bölgəyə yerləşəndən ikicə həftə sonra fəaliyyətini bərpa edib. Vardanyanın Qarabağa gəlişinin vaxtı diqqətəlayiqdir. O elə bir vaxtda gəlib ki, Azərbaycan Qarabağın erməni rəhbərliyi ilə danışıqlara başlamağa hazır idi. Onlar isə öz növbəsində Bakının danışıqçılarına gələcəklərinin Azərbaycanın daxilində qorunan azlıq kimi olduğunu tanıdıqlarına dair siqnallar göndərirdilər. Amma indi onlar Vardanyanın liderliyi altında mövqelərini dəyişərək əngələ çevriliblər”. Geri bunu da vurğulayır ki, oliqarxla rəsmi İrəvanın da mövqeləri bir-birinə ziddir: “Narahatlıq bundandır ki, indi Vardanyan mövqeyindən Qarabağın erməni icmasının rəyini sülhə qarşı çevirmək üçün istifadə edə bilər. Bu isə həm Bakının, həm də İrəvanın maraqları üçün fəlakətli olardı. Bəs necə oldu ki, Vardanyan Qarabağda birdən-birə belə mövqe qazandı? Bunu etməkdə ona kim köməklik göstərdi?. Diqqətə almaq lazımdır ki, Rusiya regionda ənənəvi olaraq Ermənistanın müttəfiqi sayılıb. Buna baxmayaraq, Paşinyan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatını (KTMT) açıq tənqid edir. Bu isə dolayısı ilə Kremlin özünün tənqidi kimi başa düşülə bilər. Halbuki, 2020-ci il müharibəsini öz vasitəçiliyi ilə dayandıran Rusiya Qarabağda çox fəaldır və burada öz sülhməramlılarını yerləşdirib. Avropa İttifaqı da bölgədə sülh prosesinə qoşulub. Belə bir vəziyyətdə Kremlin əsas məqsədi sıxışdırılaraq prosesdən çıxarılmamaqdır. Rusiya sülhməramlıları həm də Ermənistanla Qarabağı birləşdirən Laçın dəhlizinə nəzarət edirlər. Bu, həm də Vardanyanın filiz daşıması üçün yoldur. Rusiya sühməramlıları filizin daşınmasına maneçilik törətmirlər. Qarət olunmuş qızılın bu dəhlizdən daşınması ayrılıqda sülh prosesini məhv etməsə də, Vardanyanın hərəkətləri təhlükəli presedent yaradır. Qarabağdakı filiz yataqlarının təkrar açılmasına etiraz edən Azərbaycan fəallarının aksiyası Laçın dəhlizinin demək olar bağlanmasına səbəb olub. Hadisənin başlanğıcında Vardanyan Rusiya mediasına geniş müsahibələrində daha çox öz liderliyini bəyan edirdi, amma proses uzandıqca, o özünün Qarabağa gəlişinin məqsəd və motivlərini daha çox müdafiə etməli olur. Hazırkı vəziyyət yeni münaqişəni qızışdıra bilər. Silahlı münaqişə hazırda Moskvanın marağında deyil, amma o heç sülhü də istəmir. Rusiyanın başı indi Ukraynaya qarışıqdır və o, başı açılana qədər münaqişənin donmuş vəziyyətdə qalmasında, ara-sıra közərməsində maraqlıdır. Əgər beynəlxalq birlik bunun baş verməsini istəmirsə, Azərbaycan və Ermənistan arasında mümkün qədər tez əsaslı danışıqların bərpasına nail olmalıdır. Amma nə olursa olsun, Qarabağın yerli əhalisi başa düşməlidir ki, burada sülh uğrunda döyüşən iki tərəf var, amma nə Rusiya, nə də Vardanyan bu tərəflərdən heç biri deyil”. Bu fonda qeyd edilir ki, Qarabağ erməniəri arasında Vardanyandan narazılıq artır.
Nahid SALAYEV