Azərbaycanın hüquq-mühafizə orqanları mütəmadi olaraq İranın ölkəmizdə fəaliyyət göstərən casus şəbəkəsini ifşa edir. Bəlli olur ki, bu şəbəkələr müəyyən fəaliyyət növləri adı altında pərdələnərək fəaliyyət göstəriblər.
Hətta İran kəşfiyyatının ilahiyyat, siyasət, iqtisadiyyat, mədəniyyət, təhlükəsizlik, mülki və hərbi sahələrdə Tehrana xidmət etmək üçün 3500 şiə informatoru Azərbaycanda yerləşdirdiyi iddia edilib. Bildirilir ki, bu kateqoriyadan olsn şəxslər azərbaycanlı qadınlarla evlənərək Bakıya sızıblar.
Türkiyə mediası qeyd edir ki, Azərbaycan kəşfiyyatı 1997-2011-ci illərdə xüsusi proqram çərçivəsində baş vermiş sızmanı aşkarlayıb və dindirilən İran agentləri cinayətlərini etiraf ediblər: “İranın sızma əməliyyatı və casuslarının deşifrə edilməsi ilə 700 şiə informatorun Azərbaycandan qaçdığı üzə çıxıb”.
Göründüyü kimi, İran kəşfiyyatı agentura şəbəkəsini pərdələmək üçün ailə institutu adından da namərdcəsinə istifadə edib. Belə casus şəbəkələrinin tam deşifrə edilməsi üçün hansı addımlar atılmalıdır?
Təhlükəsizlik qurumlarının sabiq əməkdaşı Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sual xüsusi xidmət orqanları üçün peşəkarlıq baxımından fərqli səslənsə də, mahiyyəti başadüşüləndir:
“Kəşfiyyat fəaliyyətini həyata keçirən və ya keçirməyi planlaşdıran tərəf üçün mənəviyyat məsələləri bəlkə də sonuncu yerdə qərarlaşmış bir məsələdir. Etik normalar çərçivəsindən yanaşsaq, kəşfiyyat fəaliyyətinin özünün həyata keçirilməsi, yəni digər subyektin işinə gizli surətdə müdaxilə və barəsində gizli formada məlumat əldə edilməsi normal sayıla bilməz. Amma gəlin biz məsələyə bu prizmadan yanaşmayaq. Dövləti maraqlar, qarşı tərəf haqqında istənilən formada məlumat toplamağı qarşısına məqsəd qoymuşsa, o zaman istər nikah yolu ilə, istər din pərdəsi altında, istərsə də digər yollarla kəşfiyyat əməliyyatının həyata keçirilməsinə çalışacaq. Hər halda, kəşfiyyat fəaliyyətində fahişələrin belə xidmətindən istifadə edildiyi barədə maraqlanan hər bir kəsin azacıq da olsa məlumatı var və bu hal normal sayılır. Yəni burada əsas rolu heç də mənəviyyat oynamır.
İkincisi, məxfi əməkdaşlığa cəlb edilən insanların özlərini bir neçə kateqoriyaya bölmək olar.
1. Fanatlar
2. İdeoloji narazılar
3. Kriminal mühit nümayəndələri
4. Maddi rifah məsələləri
5. Tələbə mübadiləsi və s.
Siyahıya, əlbəttə ki, bir neçə bənd də əlavə edib uzatmaq olardı. Amma düşündüyüm qədər cəlb edilmə arealının geniş çeşidi onu deməyə əsas verir ki, burada, necə deyərlər, istənilən zövqə uyğun olaraq müxtəlif sosial qruplar arasında seçim etmək imkanları sonsuzdur. Sadəcə qalır, subyekt üzərində işləyərək onu əməkdaşlığa cəlb etmək. Bax, elə burada da əsas iş başlayır. Qarşındakı adamın savad səviyyəsi, maddi hərisliyi, dini fanatlığı və s. şəxsi keyfiyyətləri imkan verdikcə onları tələyə salır və istədikləri istiqamətdə fəaliyyətə sövq edirlər”.
Ekspertin sözlərinə görə, agentur müdaxilənin hansısa şablon üsullarla qarşınının alınması mexanizmi yoxdur: “Sadəcə, müdaxilə risqinin azaldılması yolları mövcuddur ki, bunların da qarşısının təhlükəsizlik qüvvələri tərəfindən zaman-zaman alındığının şahidi oluruq.
Nə qədər ki, Azərbaycan insanı İslam ilə İran siyasətini bir-birindən ayırmağı bacarmayacaq, belə bir tələyə düşməsi ehtimalı, əlbəttə ki, yüksək sayılmalıdır. Sirr deyil ki, məxfi əməkdaşlığa cəlb olunma ehtimalı xarici dövlətlərlə bağlanmış tələbə mübadiləsi proqramı vasitəsilə də aparılır. Xaricdə təhsil almış tələbənin isə müəyyən təsirlərə məruz qalaraq və yaxud şantaj edilərək əməkdaşlığa cəlb edilməsi praktikada geniş tətbiq edilən metodlardan biridir.
Ümumiyyətlə misallar çoxdur və yuxarıda qeyd etdiyim kimi, hər hansı bir ümumi resept yoxdur ki, bütün hallara şamil edəsən. Hər hansı bir iş konkret yanaşma tələb edir. Sadəcə, Azərbaycan vətəndaşının özünün iradəsi, siyasi savadı, dünyagörüşü vasitəsilə bu cür halların qarşısını almaq olar. Tutaq ki, sizi hər hansı bir yolla əməkdaşlığa cəlb etməyə məcbur edirlər. Çıxış yolunuz yoxdursa, o zaman Azərbaycan sərhəd buraxılış məntəqəsini keçən kimi özünüzü ilk qarşınıza çıxan sərhədçiyə təslim edin.
İranın buradakı agentur şəbəkə üzvlərinin müxtəlif iqtisadi, siyasi, inzibati və s. fəaliyyət şəbəkələrinə müdaxiləsi haqqında yalnız onu demək olar ki, kəşfiyyat tədbirləri, əlbəttə ki, bizi əhatə edən bütün sahələr üzrə həyata keçirilir və hər hansı bir sahədə əməkdaşlığa cəlb edilmiş birisinin fəaliyyət göstərməsini istisna etmək olmaz. Buradan üzümü Azərbaycan Respublikası vətəndaşlarına tutaraq çağırış edirəm: münasibətlərinizdə diqqətli olun. Kimliyindən asılı olmayaraq, özünü şübhəli aparan şəxs haqqında müvafiq təşkilatları məlumatlandırın. Bununla siz dövlətin təhlükəsizliyini qorumaqla bərabər, öz təhlükəsizliyinizi də qorumuş olursunuz.
Azərbaycanın hüquq-mühafizə və təhlikəsizlik orqanlarına isə müvəffəqiyyətlə həyata keçirdikləri əməliyyatlara görə uğurlar diləyirəm”.
Məhəmmədəli QƏRİBLİ