“İsrail və ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün Tehrana qarşı birgə səylərini artıracaqlar”. Bunu İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Entoni Blinkenlə Qüdsdə görüşdən sonra deyib.
O, İranın nüvə silahı əldə etməsinin mümkünsüzlüyü bildirib: “Hesab edirəm ki, İran rejiminin nüvə silahı əldə etməməsi ilə bağlı ümumi konsensus var. Ortaq siyasətin işlənib hazırlanması və təhlükənin qarşısının alınması üçün birgə səylər barədə gözəl söhbətimiz oldu. Yenə deyirəm: İsrail əlindən gələni edir ki, İranın nüvə silahı və onların çatdırılma vasitələrini əldə etməsinin qarşısını alsın”. Netanyahu qeyd edib ki, ABŞ dövlət katibinin ölkəsinə səfəri dünya ictimaiyyətində çoxlarının İranın əsl üzünü gördüyü vacib məqama təsadüf edir: “Bu rejimin öz xalqına qarşı vəhşiliyini gördülər, öz sərhədlərindən və Yaxın Şərqdən kənara necə zorakılıq ixrac etdiyini gördülər”. Qeyd edək ki, elə bu günlərdə İranın hərbi obyektlərinə zərbələr endirilib. Bunun İsrail tərəfindən həyata keçrildiyi bəyan edilsə də, Təl-Əviv faktı hələ ki, təsdiq etmir. Xatırladaq ki, ilk hücum İran daxilindəki hədəfə - İsfahandakı silah istehsalı müəssisəsinə, ardınca Suriya-İraq sərhədinin Suriya tərəfində İrandan silah daşıyan karvanlara olub. İranın hərbi obyektinə hücum dron ilə həyata keçirilib. Hücum onu göstərir ki, İsrail İrana qarşı fəaliyyətini gücləndirir. Bu, təkcə nüvə proqramı ilə mübarizə sahəsində deyil, həm də regionun qonşu ölkələri də daxil olmaqla, daha geniş ərazidə aparılır. İsrailin “Haaretz” qəzeti məsələ ilə bağlı yazır: “Keçmişdə İsrailin İrana qarşı aktiv fəaliyyət istiqamətləri bunlar idi: İranın nüvə proqramı ilə bağlı fəaliyyətlərinin, Tehranın Yaxın Şərqdəki terror təşkilatlarına silah ötürməsinin və digər ölkələrdə hərbi bazalar yaradılmasının qarşısını almaq. Naftali Bennetin baş nazir olduğu dövrdə bu istiqaməti genişləndirmək qərarı verildi. Ötən şənbə günü axşam İsrail təhlükəsizlik kabineti Qüdsdə bir gün əvvəl baş vermiş terror aktına cavab tədbirləri ilə bağlı qərar qəbul etmək üçün Təl-Əvivdə toplaşarkən İsfahandakı raket zavodu PUA-larla bombalandı. Bazar və bazar ertəsi isə İran sərhədindəki Bukamal sərhəd-keçid məntəqəsi yaxınlığında yük maşını karvanlarına zərbələr endirildi”. Qeyd olunur ki, bu hücumlara əsaslanaraq iki fərziyyə irəli sürmək olar: “Birincisi, məqsəd İrandan Livandakı Hizbullaha silah, dəqiq idarə olunan raketlər və qabaqcıl hava hücumundan müdafiə sistemlərinin qaçaqmalçılığının qarşısını almaqdır. İkincisi, İsrail İrana işarə edir ki, hərbi gərginliyi genişləndirməkdən və gücləndirməkdən çəkinmir. Burda diqqət çəkən məqam Amerikanın da prosesdə iştirakıdır. İlk iki zərbə ABŞ MKİ rəhbəri Uilyam Börns İsraildə olarkən həyata keçirilib. Üçüncüsü isə ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyini vurğulayan Entoni Blinkenin gəlişindən bir qədər əvvəl baş verib”. Bütün bunlardan narahat olanlardan biri isə İranın müttəfiqi olan Ermənistandır. Ümumiyyətlə, İrana təşkil edilən son hücumların fonunda Ermənistanda təşviş başlayıb. Erməni türkoloq Varujan Geqamyan İranda həyata keçirilən hücumların Ermənistanın müdafiəsi məsələsində özünü göstərəcəyini bildirib: “Aydındır ki, regionda böyük müharibə başlayır və onun bizə təsiri, hətta ərazimizdə aparılması ehtimalı var. Bu hücum müharibənin növbəti siqnalıdır. İkinci məsələ isə İranın zəifləməsinin Ermənistan və Qarabağın təhlükəsizliyinə birbaşa təsir edəcəyidir. Başqa sözlə, İran nə qədər zəif olsa, Ermənistan, xüsusilə də Zəngəzur o qədər zəif olacaq. Beləliklə, gecə baş verənlər növbəti təşvişedici siqnaldır”. Baş verənləri erməni mediasına şərh edən şərqşünas Qarik Misakyan deyib ki, hadisələr zəncirini izləməyə və mümkün ssenariləri proqnozlaşdırmağa imkan verən bir neçə mühüm amil var. O iddia edib ki, zərbənin təşəbbüskarları 28 yanvarda Xoyda baş verən güclü zəlzələdən məharətlə istifadə ediblər. Erməni politoloq Azərbaycanın İran səfirliyinə hücum edilməsinin də fürsət kimi dəyərləndirildiyini iddia edib. Guya bu ərəfədə İran informasiya təzyiqi altındadır, İsrail də bundan maksimum yararlanıb. Misakyan hazırda Tehranın ağır vəziyyətdə olduğunu deməyə də məcbur olub: “Bu, İrana qarşı ilk belə hücum deyil. İsraillə qarşıdurmanın uzun tarixi var, lakin indiyədək birbaşa və genişmiqyaslı silahlı toqquşmaya çevrilməyib. Düşünürəm ki, hazırkı vəziyyət də istisna olmayacaq. Amma göz qabağındadır ki, İran nəhəng beynəlxalq psixoloji və informasiya təzyiqi ilə üz-üzədir. Obyektlərə hücumla paralel olaraq, ölkə daxilində vəziyyəti pozmağa cəhdlər də edilir”.
Bununla yanaşı o qeyd edir ki, Ermənistan üçün İranda baş verənlər növbəti ciddi sınaqdır: “Məsələ bundadır ki, hücuma məruz qalan obyektlərin bəziləri Ermənistan sərhədinə yaxın ərazidə yerləşir. İran ətrafında hipotetik münaqişə isə, şübhəsiz ki, kiçik bir respublikanın təhlükəsizlik sisteminə ciddi təsir göstərəcək. Üstəlik, Tehran Ermənistan üçün təhlükəli olan Zəngəzur dəhlizinin açılmasının qatı əleyhdarıdır”.Misakyan “İran çətiri” olmayacağı halda Zəngəzur dəhlizinin açılacağını etiraf edib: “Ermənistan indiki vəziyyətdə bu və ya digər aktorun tərəfini tutmaqdan hələlik çəkinməlidir. Vəziyyət hələ o yerə çatmayıb ki, İrəvandan aydın və birmənalı mövqe tələb olunsun”. Beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sarkisyan isə indi İrəvanın çətin durumda olduğunu bildirir: “Qərb Azərbaycanın yanındadır. ABŞ Bakıya qarşı heç vaxt sanksiya tətbiq etməyəcək. Çünki Azərbaycan ABŞ üçün Ermənistandan az əhəmiyyətli ölkə deyil, bəlkə də daha vacib ölkədir. ABŞ dövlət katibinin “İran və Azərbaycan arasında konflikt olacağı təqdirdə ABŞ Bakını dəstəkləyəcək” sözlərini unutmaq olmaz. Yəni Azərbaycan İranı hərbi əməliyyatlara cəlb etməyin ən yaxşı yollarından biri hesab olunur. Bu, sadəcə, böyük oyunun tərkib hissələrindən biridir. Yəni Qərb Azərbaycana sanksiya tətbiq etməyəcək. ABŞ Azərbaycana eksklüziv olaraq təhlükəsizlik baxımından yardım edir. Yəni bu, hərbi yardım deyil, təhlükəsizlik yardımıdır. Məqsəd İranla dəniz sərhədinin müdafiəsidir. Son 2-3 ildə Azərbaycana 100 milyon dollara yaxın yardım göstərilib, bu, Ermənistan deyil, İrandan gələn təhdidə qarşı edilib”.
Ramil QULİYEV