Tramp Ukraynaya tank göndərənlərə xəbərdarlıq etdi - nüvə fəlakəti gəlir, müharibəni dərhal dayandırın…

29 Yanvar 2023 09:35 (UTC+04:00)

Rusiya-Ukrayna müharibəsinin başladığı 24 fevral 2022-ci ildən Ukraynaya silah yağdıran Qərb ölkələri “Patriot” hava hücumundan müdafiə sistemlərindən sonra tank göndərmək qərarına gəliblər.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putinin hücum əmri ilə Ukraynaya daxil olan rus qoşunları bir ildə istədiyinə nail ola bilməyib. Bir neçə günə Kiyevi tutmaq arzusunda olan ruslar apreldə Kiyev yaxınlığından geri çəkilməli oldular. Müharibə şərq və cənub cəbhələrində şiddətləndi. Rusiya qoşunları aylarla davam edən döyüşlərdən sonra liman şəhəri Mariupolu ələ keçirə bildi, şərqdə isə demək olar ki, bütün Donetsk və Luqanska nəzarəti ələ keçirib. Lakin iyun ayında Ukraynaya göndərilən silahlar tarazlığı kökündən dəyişdi. Uzun mənzilli reaktiv yaylım atəşi sistemi HIMARS-ın Ukraynaya gəlməsi əvvəlcə rusların irəliləməsini dayandırdı, sonra əks-hücum baş verdi. Ukrayna qoşunları əvvəlcə ölkənin ikinci böyük şəhəri Xarkovu ruslardan təmizlədi.

Müharibə başlayandan Ukraynaya silah göndərən Qərb ölkələri müharibədə ciddi bir dönüş yarada bildi. İndi isə Qərb ölkələri Ukraynaya tank göndərmək qərarına gəlib.

Almaniya və ABŞ-ın Rusiyanın hücumu altında Ukraynaya tank göndərmək qərarından sonra ABŞ-ın keçmiş prezidenti Donald Tramp Qərb ölkələrinə xəbərdarlıq edib. Qərbin Ukraynaya Rusiyaya qarşı aqressiv dəstəyini tənqid edən Tramp bildirib ki, kurs belə davam edərsə, dünyanı nüvə müharibəsi gözləyir.

“Əvvəlcə tanklar, sonra nüvə fəlakəti gəlir. Asan olanı edib bu müharibəni dərhal dayandırın” - Tramp bildirib.

Tahir TAĞIYEV