Terrordan sonra İran xüsusi xidmətlərinin əsas diqqəti bu məsələyə yönəlib...

28 Yanvar 2023 22:55 (UTC+04:00)

Yanvarın 27-də Tehranda Azərbaycan səfirliyinə qarşı silahlı hücumdan sonra İranın xüsusi xidmət orqanları bu qanlı hadisədə öz iştiraklarından diqqəti yayındırmaq cəhdləri ilə yanaşı başqa bir fəaliyyət istiqamətinə də güclü şəkildə fokuslanıblar.

Məlumdur ki, dünyanın bu terror faktına reaksiyası çox həssas oldu. Hətta İranın strateji müttəfiqi olan Rusiyanın da reaksiyası ani oldu və Rusiya ilk andan hadisəni terror olaraq pislədi. Mariya Zaxarovanın hadisəni "diplomat şir kimi vuruşurdu" deyə şərh etməsi isə Rusiyanın fakta xüsusi yanaşdığını ortaya qoymuş oldu. İranın molla rejimini ən çox qorxudan təzahür isə səfirlikdəki terrorun milli etnik təəssübkeşlik baxımından İranda zəncirvari həmrəylik reaksiyaları doğurmasıdır. Daha doğrusu, molla rejimi qorxur ki, Cənubi azərbaycanlılar səfirliyin terror edilməsi əleyhinə elliklə mövqe nümayiş etdirə bilər və bu istiqamətdə artıq Cənubi Azərbaycanda xüsusi fəallaşma hiss olunmaqdadır. Cənubi azərbaycanlı soydaşlarımızın çətinliklə və xüsusi kanallarla göndərdikləri məlumatda deyilir ku, rejim cənubda casus şəbəkəsini maksimum səfərbər etməyə çalışır. Bütün səylərə baxmayaraq, casus şəbəkəsi ilə əməkdaşlığa meylli soydaşların sayı və fəallığı günü-gündən aşağı düşməkdədir. Cənublu soydaşlarımız arasında səfirlik terrorunun mahiyyətini yanlış məzmunda təbliğ etmək səyləri də gücləndirilib. Məlumata görə, rejimin təbliğatçıları hər yerdə fəallaşdırılır, çayxanalarda, digər ictimai yerlərdə, təhsil müəssisələrində onların sayı artırılıb, təbliğatçıların özləri də gizli şəkildə izlənilir. Təbliğatçılar izah edir ki, guya hadisə məişət xarakterlidir, terrorçu Yasin guya öz ailəsinin qisasını alırdı, məqsədi guya bütün səfirlik əməkdaşlarını qətl etmək yox, haqqını tələb etmək idi. Təbliğatçılar camaatı qorxudur ki, hadisəni terror adlandırmaq İran dövlətinə düşmənçilikdir və bu mövqedə olanları ağır cəzalar gözləyir. İran rejimi səfirlik terrorunun cənubda yeni milli oyanış dalğasının başlanğıcı ola biləcəyindən çox qorxur.

Məxsusi əlaqə kanallarımız Cənubda Şimali Azərbaycanla həmrəylik dalğasının oyandığı barədə maraqlı məlumatlar hazırlayır.

Bizi izləyin...

Əli Turabov