Azərbaycanın cənub qonşusu olan İranla zaman-zaman konfliktlər yaşanır. Bir çox hallarda İranın ölkəmizə qarşı təxribatları, bu dövlətin maliyyələşdirdiyi və xüsusi xidmət orqanları tərəfindən idarə olunan şəxslərin həyata keçirdiyi müxtəlif qanunsuz addımlar gündəmə gəlir.
Bu dəfə İran daha da irəli gedərək, 27 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu təşkil edib. Terror hadisəsi zamanı ölən və yaralananlar var.
Məlumdur ki, ölkəmizdə İrana simpatiyası olanlar olub, hətta həmin şəxslər evlərində Xomeyninin şəkillərini asıblar. Bu terror aktından sonra Azərbaycanda İrana simpatiya ilə yanaşanlar, İran bayrağı qaldıranlar, Xomeyni şəkilləri asanlar bunlardan imtina etməli, onları atmalıdırlar. Bunun əksi ola bilməz.
“Ölkəmizdə də xeyli irançı yetişib, onların hər biri potensial terrorçudur, tam hazır vəziyyətdə…”
Ilahiyyatçı Tural İrfan bildirdi ki, İranda səfirliyimizə olan hücum təkcə Azərbaycana qarşı yox, bütün İslam aləminə qarşı terrordur. İranın Azərbaycana qarşı aqressiyasının nəticəsi kimi bu hadisə dünyada, regionda sülhə təhdiddir: “Təəssüf ki, ölkəmizdə də xeyli İrançı yetişib. Onların hər biri potensial terrorçudur. Tam hazır vəziyyətdə İranın fətvasını gözləyirlər. Çoxu da təqiyyə edir, yəni özünü gizlədir. Hələ yeri gələndə İranın əksinə danışmaqdan da çəkinmirlər. Çünki onlara təlim keçilib. Çoxu da dini camiədədir. Onlar heç zaman ürəkdən Azərbaycanı dəstəkləməyəcək, heç zaman İranın əksinə çıxmayacaqlar. Terrorçu düşüncədə olandan vətənpərvər olmaz. Sadəcə, onların başında duranlar həbs edilməli, yerdə qalanlar da nəzarətə alınmalıdır. Özünü İslam dövləti adlandıran bir qurumun Azərbaycan əleyhinə apardığı siyasətin nəticəsində baş vermiş bu terror hadisəsini irançılar İsrailin əməli hesab edirlər. Halbuki, bu işdə hesab etmək olar ki, birbaşa İranın dövlət qurumları məsuliyyət daşıyır. İranın uzun illər ölkəmizdə yetişdirdiyi şəbəkə dövlət üçün ən ciddi təhlükədir. Şübhəsiz ki, Tehrandakı bu hadisə araşdırılmalıdır, cinayətkarlar dərhal məsuliyyətə alınmalıdır. Ola bilsin, buradan İrana qaçıb dövləti təhdid edən şəxslərin də əli var bu işdə. Qonşuluq siyasətinə, İslam dəyərlərinə qarşı açıq təhdiddir bu olay”.
Həmsöhbətimiz hesab edir ki, İranın Quran dəyərlərindən uzaqlaşması, bir qədər də əvvəl Britaniya səfirliyimizə edilən hücum eyni mənbədən qaynaqlanır. Hər iki hadisəsinin kökündə İran rejimi dayanır. Artıq bu hal sübut edir ki, İran İslam pərdəsi altında sırf terrorçuluğu təbliğ edir: “Əvvəllər belə əməlləri ermənilərin əli ilə ölkəmiz daxilində həyata keçirirdilər. Mərhum akademik Ziya Bünyadovun qətli buna misaldır. İndi Azərbaycanın güclənməsi fonunda təhlükəsizliyimizin də güclü olması İranın Azərbaycanda belə işləri həyata keçirməsinə imkan vermir. Odur ki, artıq İran daxilində və xarici ölkələrdə Azərbaycan vətəndaşlarına qarşı terror etməyə cəhd edirlər. Ölkədəki irançılar heç bir mesaj da verməyəcəklər. Onlar, hətta çəkinmədən İranın tərəfini tuturlar”.
Günel CƏLİLOVA