Məlum olduğu kimi, NATO müttəfiqləri və Kiyevin həftələrlə çəkən təzyiqindən sonra Almaniya, nəhayət, Ukraynaya “Leopard 2” müasir döyüş tankları verməyə razılaşıb. Bu, Ukraynanın Rusiya işğalına qarşı yaz əkshücumuna hazırlaşdığı bir vaxtda baş verir.
Berlin, həmçinin, Polşa kimi NATO müttəfiqlərinin Ukraynaya “Leopard 2” verməsinə yaşıl işıq yandırıb. ABŞ isə Kiyevə bir batalyona bərabər 31 “Abrams” döyüş tankları göndərəcək. ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların Ukraynaya 31 ədəd “M1 Abrams” ağır tanklarının göndəriləcəyini bəyan edib. O xatırladıb ki, ABŞ indiyədək Ukraynaya yüzlərlə vahid zirehli texnika çatdırıb. Eləcə də Bayden qeyd edib ki, ötən həftə Ramştaynda keçirilən müşavirədə elan olunduğu kimi, Vaşinqton Ukraynaya daha 500-dək zirehli texnika göndərməyi planlaşdırır. O vurğulayıb ki, “Abrams” tankları dünyanın ən qüdrətli zirehli maşınlarıdır. Lakin əlavə edib ki, bu tanklara xidmət göstərilməsi və onlardan istifadə xeyli mürəkkəbdir. Baydenin sözlərinə görə, Ukraynaya bu tanklara xidmət üçün lazım olan ehtiyat hissələri və alətlər də veriləcək. Həmçinin “Abrams” tankları ilə işləyəcək Ukrayna hərbçiləri ayrıca təlim keçəcəklər. ABŞ prezidenti bildirib ki, Ukraynaya “Abrams” tankları artıq indiyədək azad etdikləri ərazilərin saxlanması və əks-hücum üçün lazımdır: “Öz ərazilərini azad etmək üçün onlar Rusiyanın təkamül prosesində olan taktika və strategiyasını qısa müddətdə döyüş meydanında dəf edəcək imkanlara malik olmalıdırlar”. Ağ Ev isə bildirib ki, “M1 Abrams” tankları Ukraynaya nəinki daha yaxşı müdafiə imkanı verəcək, həm də Kiyevin işğal olunmuş ərazilərini geri qaytarmasına şərait yaradacaq. Almaniya hökuməti Kiyevin dəfələrlə səslənən çağırışlarına cavab olaraq Ukraynaya “Leopard 2” tanklarının göndərilməsi, cəbbəxanasında bu tanklardan olan partnyor ölkələrə onların təkrar ixracı üçün icazə verilməsi barədə qərar qəbul edib. Qərb müttəfiqlərinin siyasətində 180 dərəcə dəyişikliyi ehtiva edən bu qərardan məqsəd Ukraynada gedən müharibədə qüvvələr balansının Kiyevin xeyrinə dəyişdirilməsidir. Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev Berlinin qərarına acıqlı reaksiya verib və deyib ki, bu olduqca təhlükəli addımdır: “Bu son dərəcə təhlükəli qərar münaqişəni qarşıdurmanın yeni mərhələsinə qaldırır və Almaniya siyasətçilərinin Almaniyanın bu məsələyə müdaxilə etmək istəmədiyinə dair bəyanatlarına ziddir. Almaniya da, özünün yaxın müttəfiqləri kimi, Ukraynadakı böhranın diplomatik yollarla həllində maraqlı deyil və daimi eskalasiyaya və Kiyevin hüdudsuz şəkildə daha ölümcül silahlarla təchizatına meyllidir”. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, tankların göndərilməsi də daxil, Qərbin siyasi qərarları Avropada, habelə bütün dünyada çox gərgin təhlükəsizlik problemi yaradır.
Ekspertlər bildirir ki, Qərb tankları Ukraynanın Rusiya qüvvələrinin işğalına qarşı mübarizəyə əhəmiyyətli təkan verə bilər. ABŞ-nin ehtiyatda olan ordu mayoru, Madison Siyasi Forumunda Urban Müharibə Araşdırmalarının başçısı Con Spenser tankları Ukraynanın hücum reseptinin vacib hissəsi adlandırır: “Onlara Rusiya tanklarının əksəriyyətini üstələyəcək tank lazımdır. “Leopard 2” və “Abrams” tanklarının daha yaxşı görmə qabiliyyəti var, düşmən texnikasını sürətlə aşkarlayaraq hədəfə alır. Daha yaxşı stabilizasiya isə bu tankların hətta hərəkətdə ikən belə dəqiqliklə atəş açmasına imkan verir. Ekspertlər sözügedən tankların Rusiya modellərindən daha təhlükəsiz olduğunu deyir, partlayışa dözümlü qapıları heyəti tankdakı sursatdan ayırır. Almaniya, ABŞ və Böyük Britaniya hələlik, 60-dək tank göndərməyə razılaşıb. Britaniya bu ayın əvvəlində deyib ki, Ukraynaya 14 ədəd “Challenger 2” döyüş tankları göndərəcək”. Ukrayna ordu rəsmiləri rusiyalıların geri oturdulması üçün onlara 300 tank, 600-700 zirehli döyüş texnikası, 500 haubitsa lazım olduğunu deyirlər. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hərbi təhlilçisi Mark Kankian isə döyüş zonasında real təsirdən ötrü Ukraynaya azı 100-150 Qərb tankı lazım olduğunu bildirir. Müharibəyədək Ukraynanın 850-yə yaxın tankı olub və onların azı yarısını itirib. Ukrayna tank sayını açıqlamır, dövlət sirri olduğunu bildirir. Müharibənin 11 ayı ərzində Şərqi Avropadan olan NATO üzvləri Ukraynaya yüzlərlə sovet istehsalı olan tank veriblər. Ancaq bu ölkələrin belə silahlar vermək qabiliyyəti məhduddur, ona görə də Qərb istehsalı tanklar ən cəlbedici alternativ olaraq qalır. Indiki halda “Leopard 2” tankları “Abrams”dan daha tez göndərilə bilər, çünki sonuncu daha uzunmüddətli təlim istəyir. Ekspertlərin fikrincə, Ukrayna bir neçə həftəyə “Leopard 2”dən istifadəyə hazır ola bilər. Hazırda Avropada, o cümlədən Türkiyədə 2 mindən çox “Leopard 2” tankının olduğu bildirilir. Bu isə kritik səviyyədə dəstəkdən üçün bu ölkələrin asanlıqla bir araya gələ biləcəyi deməkdir. Ancaq bir məsələ də var ki, daha köhnə model sayılan “Leopard 2” tankları illərdir anbarlarda saxlanır və potensial yerləşdirmədən ötrü onlara təmir, modifikasiya lazım ola bilər. ABŞ rəsmiləri isə 31 “Abrams” tankının Ukraynaya göndərilməsinin bir neçə ay çəkəcəyini açıqlayıb. Bayden administrasiyası bu tankları göndərməklə bağlı tərəddüdünü onunla əsaslandırırdı ki, onların qaz turbinləri reaktiv yanacaq işlədir, onlara baxış, istifadə və təchizatı “Leopard”lara baxanda daha çətindir. Bəzi ekspertlərsə bu narahatlığı əsassız sayır, Ukrayna silahlı qüvvələrinin yeni avadanlığa adaptasiya olunmasına diqqət çəkir. ABŞ rəsmiləri deyirlər ki, Qərb tankları gələn həftələr və aylar ərzində açıq ərazilərdə gözlənən döyüşlərdə əsas komponent olacaq. Rusiyanın da yazda hücuma hazırlaşdığı güman edilir. Ekspertlərin sözlərinə görə, döyüş tankları Ukraynada gedən şəhər döyüşləri üçün də vacibdir. Bundan başqa, ABŞ və NATO müttəfiqləri Ukraynaya yüngül tanklar adlanan yüzlərlə silahlı döyüş maşını göndərməyə də razılaşıblar. Bu maşınlar əsasən döyüş zonasında əsgərlərin daşınması üçün nəzərdə tutulsa da, bəzən tankları da dağıda bilir. Kiyev həmçinin Qərbdən qırıcı təyyarələr və uzaqmənzilli raketlər istəyir. Qeyd edək ki, Ukraynaya ABŞ və Almaniya tanklarının göndərilməsi qərarından dərhal sonra NATO ölkələri Kiyevə qırıcı təyyarələrin verilməsi məsələsini müzakirə edirlər. Hələlik Ukraynaya ABŞ istehsalı F-16 qırıcıları verə biləcəyini yalnız Niderland bəyan edib. Ötən həftə ölkənin xarici işlər naziri Vopke Hukstra parlamentə bildirmişdi ki, Kiyev müvafiq müraciət edərsə, hökumət bu məsələyə baxmağa hazırdır.
Tahir TAĞIYEV