İranda rejimin xalqa qarşı həyata keçirdiyi siyasətin ən bariz nümunələrindən biri də ölkə miqyaslı problemlərin həllini bilərəkdən gecikdirməsi və ya ümumiyyətlə belə məsələlərlə bağlı hansısa addım atmamasıdır. Bunu İranda getdikcə kəskinləşən su böhranı fonunda görmək olar. Ekoloji ekspertlər yaxın illərdə ölkədə susuzluğun vəziyyəti ilə bağlı daha dəhşətli mənzərənin yaranacağını bildirir.
Bəzi nüfuzlu araşdırma qurumları, o cümlədən Ümumdünya Resurslar İnstitutu yaxın gələcəkdə 12 Yaxın Şərq ölkəsinda su qıtlığı böhranının yaşanacağını proqnozlaşdırıb ki, İran bu ölkələrdən biridir. Bu hesabatların bəziləri, o cümlədən İran Məclisi Araşdırmalar Mərkəzinin ölkədəki su vəziyyətinin gələcəyi ilə bağlı hesabatı göstərir ki, yaxın 10 ildə İranda adambaşına düşən su 976 kubmetr olacaq. Mütəxəssislərin fikrincə, bu rəqəmlər onu göstərir ki, ölkə üçün yaxın 10 ildə su ehtiyatlarını adambaşına bəlli bir miqdarda bölüşdürməkdən başqa çıxış yolu yoxdur. “Entekhab” xəbər saytı İran Məclisi Araşdırma Mərkəzinin hesabatı ilə bağlı yazıb ki, hazırkı vəziyyət davam edəcəyi təqdirdə, ölkədə adambaşına düşən bərpa olunan şirin su yaxın on ildə min kubmetrdən aşağı düşəcək və gələcəkdə İranın mərkəzi platosundakı su gərginliyi bütün ölkəyə yayılaraq, müxtəlif vilayətlər arasında su səbəbilə qarşıdurmalar yaşanacaq. Urmiyə Gölünü Canlandırma Mərkəzinin keçmiş rəhbəri İsa Kələntəri “Etemad” qəzetinə müsahibəsində qeyd edib: “Ölkəmizin ən böyük problemi Qərblə nüvə proqramı üzrə müzakirə edilən Birgə Hərtərəfli Fəaliyyət Planı, hicab və ifadə azadlığı deyil, sudur”. Kələntəri bildirib ki, bütün göllər, çaylar, bataqlıqlar quruyub: “İqlim dəyişikliyi var, lakin İranın su istehlakı azalmaq əvəzinə günü-gündən artır”. O, həmçinin, yaxın 20 ildə ölkənin yeraltı su ehtiyatlarının tükənəcəyi ilə bağlı xəbərdarlıq edib və bunu ölkə üçün ən böyük təhlükə adlandırıb. Beynəlxalq Hidrogeologiya Dərnəyinin İran bölməsi rəhbərinin müavini Məhəmməd Mirzəvənd isə bildirib ki, ölkənin yeraltı su ehtiyatlarının əhəmiyyətli bir hissəsi istehlak olunub və yağıntılar normal olsa da, əvvəlki illərdəki kimi quraqlıq olmasa belə, yeraltı su ehtiyatlarının istismarı olduğu kimi davam edəcəyi təqdirdə İranın yeraltı su ehtiyatları 20 ildən də az bir müddətdə tükənə bilər. Bununla belə, bir çox araşdırma da göstərir ki, yaxın illərdə İran ciddi su çatışmazlığı böhranı ilə üzləşəcək. Artıq son illərdə su böhranı ölkədə müxtəlif şəkillərdə öz təsirini göstərib. Buna bataqlıqların, göllərin və çayların quruması, toz-torpaq dumanları və havanın çirklənməsi səbəbindən şəhərlərdə normal həyat axarının pozulması, xalqın su qıtlığı səbəbindən hökumətə qarşı etiraz aksiyaları keçirməsi, müxtəlif bölgələr arasında su ehtiyatlarının paylanması ilə bağlı qarşıdurmaların yaşanması və elektrik enerjisinin kəsilməsi daxildir. Hökumət iddia edir ki, ölkənin mərkəzi rezervuarında gələcəkdə su çatışmazlığı problemini həll etmək üçün dənizlərdən mərkəzi vilayətlərə su nəqli layihələrini öz planlarına daxil ediblər. İbrahim Rəisi hökuməti Fars körfəzindən suyun Kirman və Yəzd vilayətlərinə ötürülməsi planının ikinci mərhələsinin icrasına başlamaq haqqında sərəncam verib. Bu layihənin ikinci mərhələsi reallaşarsa, həmin mərkəzi vilayətlərə 200 milyon kubmetr duzsuzlaşdırılmış su ötürüləcək. Bu planın məqsədi ondan sənaye və kənd təsərrüfatında istifadə etmək və vilayətin ehtiyac duyduğu içməli suyu təmin etməkdir. Amma layihənin icra müddəti gecikir və bunun ətraf mühitə ziyan vuracağına dair xəbərdarlıqlar olunur. İranın mərkəzi vilayətlərinə körfəzdən su nəqli layihələri ətrafındaa müzakirələr getdiyi vaxtda Cənubi Azərbaycanda Urmiyə gölündə vəziyyət daha da pisləşir. İran mediası onun vəziyyətini “gölün son anları” və ya “son nəfəsləri” kimi cümlələrlə şərh edir. Bu, İran Azərbaycanında ən çox narahatlıq doğuran ekoloji problemlərdən birinə çevrilib.
Bunlar fonunda “Khabaronline” saytı keçən həftə bir xəbər yayımlayaraq, Urmiyə gölündəki vəziyyətdən məsul qurumların gölün son durumu ilə bağlı statistik məlumatları yığışdırdığını və ya bu məlumatları yeniləmədiyini bildirib. Cənubi Azərbaycanda milli fəallar Urmiyə gölü probleminin İran hakimiyyəti tərəfindən həll olunacağına artıq şübhə ilə yanaşırlar. “Evin” həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Əkbər Nəimi son günlərdə Azərbaycan vilayətlərində yaranan su böhranı və suyun mərkəzi vilayətlərə ötürülməsi üçün hökumətin həyata keçirdiyi layihələrlə bağlı İbrahim Rəisi hökumətini tənqid edib. Siyasi məhbus həbsxanadan ötürdüyü bir səsli mesajında bildirib ki, Azərbaycan şəhərlərində ya su məsələsi üçün yol xəritəsi yoxdur, ya da layihələrin icra edilməsi zamanı dayandırılır. Hazırda 9 il 8 ay həbs cəzası çəkməkdə olan azərbaycanlı siyasi məhbus Əkbər Nəimi inqilabdan sonrakı illərdə gölün su səviyyəsinin azalma prosesinin hətta yağışlı illərdə də davam etdiyini vurğulayaraq, gölün iqlim dəyişikliyi nəticəsində quruması ilə bağlı fərziyyənin rədd edildiyini qeyd edib. O, Urmiyə gölünü canlandırma layihələrinin icrasında 25%-lik irəliləyişi də tənqid edib və bildirib: “Bu əhəmiyyətsiz rəqəmlərin və bu qüsurlu proqramların çatışmazlıqlarını bərpa idarəçiliyimi, yoxsa ölüm idarəçiliyi kimi qəbul etməliyik?”. 2011-ci ildə Cənubi Azərbaycan və türklərin yaşadığı şəhərlərdə keçirilən genişmiqyaslı etiraz aksiyalarında etirazçılar hökuməti qəsdən gölü qurutmaqda ittiham edən şüarlar səsləndirdilər və bu etirazlarda çoxlu sayda ətraf mühit fəalı və sadə vətəndaş təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınaraq, həbs cəzasına məhkum edildi. Həmçinin siyasi fəallar, o cümlədən İslam Respublikası hökumətinə müxalif olan təşkilatlar və partiyaların nümayəndələri öz bəyanatlarında və çıxışlarında azərbaycanlıların yaşadığı bölgə üzərində milli suverenlik məsələsini də gündəmə gətirir və hesab edirlər ki, azərbaycanlılar öz regionları üzərində suverenliyə malik olsaydılar, gölün qurumasının qarşısı alına bilərdi. Mərkəzi hökumət tərəfindən sərmayə qoyulması və Urmiyə gölü probleminin həlli ilə bağlı mərkəzi hökumətlə azərbaycanlılar arasında dərin inamsızlığın olması diqqət cəlb edir. Quraqlıq, su qıtlığının elmi idarə olunmaması və hökumətun Urmiyə gölünü bərpa etmək üçün qəsdən sərmayə qoymaqdan imtina etməsi Cənubi Azərbaycanda su böhranı tapmacasının bir hissəsidir. Son iki onillikdə İranda hakimiyyətə gələn hökumətlər ölkədə su böhranının idarə olunması ilə bağlı öz addımlarını müdafiə etsələr də, tənqidçilər ölkənin hazırkı su vəziyyətində ən mühüm amilin yanlış idarəetmə olduğunu deyirlər. Digər tərəfdən, ciddi su qıtlığı böhranına baxmayaraq, etnik ayrı-seçkilik problemi ilə də üzləşən ərəblərin məskunlaşdığı Əhvaz və türklərin yaşadığı Azərbaycan kimi bölgələrdə siyasi fəallar hakimiyyəti su qıtlığı problemi və resursların idarə edilməsində ayrı-seçkilik siyasəti yürütməsinin bu bölgələrdə su böhranının yaranmasında mühüm amillərindən biri hesab edirlər.
Samirə SƏFƏROVA