Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının keçirilmiş iclasında “Qayıdış Konsepsiyası”nın layihəsinə baxılıb. Sənəd layihəsi səsə qoyularaq təsdiq edilib. Daha sonra Konsepsiya İcmanın əsas orqanlarının genişləndirilmiş birgə iclasına təqdim edilib.
İdarə Heyətinin sədri bildirib ki, “Qayıdış Konsepsiyası” əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək olan “Qərbi Azərbaycan İcması”nın bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəddir.
Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.
Bu Konsepsiya bizi Qərbi Azərbaycana qaytara biləcəkmi?
Əslən Qərbi Azərbaycandan olan politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ilk addım kimi Konsepsiyanı müsbət dəyərləndirməliyik: “Ola bilər ki, gələcək proseslərin gedişində müəyyən əlavələrin edilməsilə bağlı da zərurət ortaya çıxsın. Qayıdışın şərtləri çox konseptual şəkildə işlənib. Üstəlik də bu Konsepsiyanın beynəlxalq rezonans doğuracağını nəzərə aldıqları üçün, onu beynəlxalq konvensiyalarla, qaçqınların hüquqlarına dair sənədlərlə uzlaşdırıblar. Mən hələ ki, orada ciddi bir nöqsanın olduğu qənaətində deyiləm, çünki ilkin təşəbbüs üçün məqbul saya bilərik. Bundan sonra geniş təbliğat kampaniyasına girişmək lazımdır. Bütövlükdə dünya bilməlidir ki, vaxtilə ermənilərin məskunlaşdığı yerlər bizlərin doğma yurdlarımız olub. Bu məkanda bəzi güclərin dəstəyi ilə qurama Ermənistan dövləti yaradılıb. Qarabağda separatçılıq etməklə Azərbaycan ərazisində ikinci bir Ermənistan dövlətini qurmağı planlayırlar. Konsepsiyanın müddəlarını həyata keçirmək üçün daima hücumçu mövqedə olmalıyıq. Çünki bizim ərazimizdə olan 20 min ermənini belə qızışdırırlarsa, onda biz niyə sayı milyona yaxın olan didərgin düşmüş soydaşımızın hüququnu tələb etməməliyik? Üst-üstə götürəndə, 1828-ci ildən bəri oradan 1 milyondan artıq insan didərgin salınıb. Kifayət qədər böyük rəqəm və ağır cinayətdir. Bu prosesdə törədilən soyqırımları da bura əlavə etsək, öldürülən insanların sayı 2 milyona yaxındır. Onların içərisində müxtəlif millətlərin təmsilçiləri də var. Bu qəddar millət terrorcu istəklərini təmin etmək üçün bütün vəhşiliklərdən istifadə edib. Vaxtilə 10 min kvadrat km. ərazidə öz müqəddəratını təyin edib Ararat respublikası quran ermənilər 1933-34-cü illərdə artıq ərazilərini 29,8 min kvadrat/km-ə çatdırıblar ki, Paşinyan indi bundan çox böyük həvəslə danışır. Halbuki, o torpaqların hamısı Azərbaycan türklərinin məskunlaşdığı tarixi, əzəli torpaqlardır.
Bu gün artıq bizim əzəli və əbədi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış məsələsi gündəmdədir. Biz Ermənistana ərazi iddiaları irəli sürmürük, müxtəlif dövlətlərin onlara qazandırdığı torpaqları qəbul edirik, lakin oradan qovulmuş insanlarımızın öz yurd-yuvasına qayıtmasını tələb edirik. Buna görə də Qərbi Azərbaycan İcmasının Ermənistan hökumətindən bu tələbi haqlıdır, ədalətlidir, bütün beynəlxalq hüquqlara uyğundur. Prezidentin Qərbi Azərbaycan mövzusuna bu qədər diqqət ayırması çox böyük təqdir olunur. Prezident artıq bu məsələnin beynəlxalq səviyyəyə çıxması üçün addımlar atdı, Qərbi Azərbaycan İcması yaratdı və bu qurumun fəaliyyəti üçün şərait yaradılması ilə bağlı konkret tapşırıqlar verdi. Bu, tarixi bir addımdır”.
Məhəmmədəli QƏRİBLİ