Ermənistan Rusiya-Avropa qarşıdurma meydanına çevrildi - Paşinyanın "nailiyyəti"...

27 Yanvar 2023 19:47 (UTC+04:00)

Rusiya İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının göndərilməsi istiqamətində fəaliyyətin məntiqi sonunu gözləmədən Avropa İttifaqının (Aİ) xeyrinə seçim etdiyini qeyd edir. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin məlumatında deyilib:

"Aİ "ekspert"ləri tərəfindən Ermənistan-Azərbaycan sərhədindəki hadisələrin müşahidəsi heç bir "əlavə dəyər" kəsb etmir. Brüsseldə Cənubi Qafqazda sülhə həqiqətən maraqlı olsaydılar, missiyanın fəaliyyət şərtlərini Azərbaycanla razılaşdırardılar. ABŞ və NATO-ya əlavə olaraq formalaşan və MDB məkanında qarşıdurma siyasəti aparan Avropa İttifaqının nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarında peyda olması regionda yalnız geosiyasi qarşıdurmanı artırmaqla mövcud ziddiyyətləri kəskinləşdirəcək".

Rusiya XİN, həmçinin, Aİ-nin nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək, Rusiyanın vasitəçilik səylərini sıxışdırmaq cəhdlərinin ermənilərin və azərbaycanlıların regionun sülh şəraitində inkişafına geri qayıtmaq cəhdləri ilə bağlı köklü maraqlarına zərbə vura biləcəyini qeyd edir:

"Hesab edirik ki, İrəvan KTMT missiyasının göndərilməsi istiqamətində fəaliyyətin məntiqi sonunu gözləmədən Aİ-nin xeyrinə seçim edib".

Göründüyü kimi, Rusiya XİN  artıq Ermənistanın xəyanəti barədə fikirlərini diplomatik dillə deyil, açıq mətnlə ifadə edir. Buradan belə bir nəticə çıxarmaq olarmı ki, artıq Ermənistan Avropa ilə Rusiya arasında qarşıdurma məkanına çevrilib?

Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya tərəfindən Ermənistanın bu addımının mənfi qarşılacağına şübhə yox idi: “Əslində, belə bir vəziyyətin yaranması Azərbaycan üçün yaxşı xəbərdi. Ermənistan tərəfindən yalnız öz istəyinə uyğun olaraq Avropa müşaidəçilərinin regiona gətirilməsi heç də münaqişənin  həllinə yardım etməyəcək. Bu hərəkət Rusiya ilə Ermənistan arasındakı münasibətləri daha da gərginləşdirəcək. Hər gün ötükcə Ermənistanda anti-Rusiya dalğası artır. Bu dalğanın artan dinamikası bizim marağımıza tam uyğundur. Biz həm bu vəziyyətdən istifadə etməliyik, həm də bu dalğanın genişlənməsinə nail olmalıyıq. Belə olacağı təqdirdə biz qarşımızda olan hədəflərə çata bilərik. Bu da Xankəndi və digər ərazilərimizi tam nəzarətə götürməklə bağlıdır. Zəngəzur və Göyçə cəbhəsində də irəliləməliyik. Ora gətirilən müşahidəçilərlə bizi qorxutmaq lazım deyil. Prezident özü də dedi ki, bu heç də Ermənistanın təhlükəsizliyinin təminstçısı olmayacaq. Əksinə, bununla Ermənistan özünü daha böyük təhlükələrə atacaq. Bu amil bizi haqlı olan məqsədlərimizdən yayındıra bilməz”.

Politoloqun fikrincə,  tarix boyu xəyanətkarlıq, satqınlıq, fitnəkarlıqla məşğul olanlar buna ehtiyac duyurlar ki, guya Avropa İttifaqının komissiyası gəlib burda nə isə edəcək, nəyəsə nail olacaqlar: “Ancaq məsələ burasındadır ki, o komissiya bir müddət gəldi, o ərazilərdə 2 ay gəzdilər, sonra getdilər. Onun Azərbaycana heç bir aidiyyəti yoxdur. Kim dəvət edirsə, hansı məqsədlə dəvət edirsə, həmin missiya onların xahişi ilə gəlir. Azərbaycan ərazisində onların heç bir işi yoxdur. Çünki biz belə bir tələb, xahiş etməmişik ki, kimsə gəlib bizim ərazimizdə müşahidə aparsın. Ermənistan Rusiya ilə konfrontasiya mühitini formalaşdıran addımlar atır. Üstəlik, Avropa Birliyindən təminat alaraq Kremlin Cənubi Qafqazdakı mövqeyini sarsıtmağa çalışır. KTMT missiyasının bölgəyə yerləşdirmək istəyini Avropa Birliyinə qarşı addım kimi şərh etmək olar, ancaq bu gün Ermənistanda KTMT-dən, Avrasiya İqtisadi Birliyindən çıxmaq haqda fikirlər çox aktualdır və geniş istifadə edilir. Bunları nəzərə alaraq güman edirəm ki, Paşinyan KTMT-nin təlimlərinin ölkəsində keçirilməsindən imtina edirsə, deməli, təşkilatın missiyasının sərhədə gəlməsinə də qarşı çıxa bilər. Bu da Rusiya ilə açıq qarşıdurma deməkdir”.

Məhəmmədəli QƏRİBLİ