Cənubi Azərbaycan etnoqrafiyası Şimali Azərbaycandan ayrılmazdır…

27 Yanvar 2023 19:18 (UTC+04:00)

“Arazı ayıra bilmədilər, Kürlə doyura bilmədilər” rubrikasında Güney Azərbaycanın etnoqrafik mənzərəsinə diqqət çəkmək istəyirik. Zəngin Azərbaycan etnoqrafiyasının mühüm qollarından biri Cənubi Azərbaycanda formalaşıb ki, qədim dövrlərdən miras qalan inanclar, adət-ənənələr, geyim mədəniyyəti, mətbəx ənənələri və başqa məsələlər bu gün də özünü ifadə edə bilir.

Bütöv Azərbaycanın etnoqrafiyası var və bu hər bölgəmizdə, hər diyarımızda öz gözəlliyi, müxtəlifliyi, fərqliliyi, eyni zamanda da bənzərliyi ilə maraq doğurur.

Gülüstan və Türkmənçay müqaviələri ilə bölünüb tikə-parça edilən torpağımız, ayrı salınan ellərimiz təsəllini yaşatdıqları adətlərimizdə, başqa bu qəbildən olan məsələlərdə görüblər.

Bu bədnam müqavilələrdən sonra Şimala və Cənuba bölünən Azərbaycanın hər iki tayında xalqımızın etnoqrafik dünya görüşü yaşadılıb.

Cənubi Azərbaycan etnoqrafiyası həmişə tədqiqatçıların, aydınların diqqət mərkəzində olub. Hələ keçən əsrin əvvəllərində bu məsələyə əhəmiyyət verilib. 

Tədqiqatçıların yazığına görə, Əhməd bəy Ağoğlu 1911-ci ildə “Türk yurdu” dərgisində çap etdirdiyi “Türk aləmi” adlı silsilə məqalələrində güneydəki  türklər haqqında məlumat verir. Məmməd Əmin Rəsulzadənin 1912-ci ildə İstanbulda çap etdirdiyi məqaləsində güneylilərdən danışılır.

Güney Azərbaycanın etnoqrafik mənzərəsi tam öyrənilməyib. Əlbəttə, bu sahədə kompleks araşdırma, tədqiqat aparılmalıdır. Ayrı-ayrı tədqiqatçılar müəyyən bölgələri öyrəniblər, amma bunlar Cənubi Azərbaycan etnoqrafiyasının öyrənilməsi üçün kifayət deyil. Biz o bölgələrin hər birini öyrənməliyik, çünki orada bizim özünəməxsus dəyərlərimiz, adətlərimiz var.   

Cənubi Azərbaycan etnoqrafiyası təəssüf ki, hələ tam öyrənilməyib, doğrudur, bu barədə ayrı-ayrı işlər göürülüb, məqalələr yazılıb, amma hələ kompleks yanaşma yoxdur. Ora elə bir ərazidir ki, etnoqrafiyası çox zəngindir və onlar bir-bir öyrənilməlidir. Özü də ayrıca şöbə bu işə cəlb edilməlidir. Maraqlıdır ki, həm Pəhləvi, həm də molla rejimi zamanında Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan etnoqrafiya da sıxma-boğmaya salınıb, xalqı öz dilindən, mədəniyyətindən, adətlərindən və sairdən ayrı salınmağa cəhdlər edilib, amma xalqımız öz soyuna, kökünə, dəyərlərinə, maddi və mənəvi xəzinəsinə bağlı olduğu üçün onu özündən qoparmaq mümkün olmayıb. Bütün basqılara, siyasi təpkilərə rəğmən müsbət haldır ki, xalqımız özünün dəyərlərini qoruyub. 

AMEA-nın Arxeologiya və Etnoqrafiya və Anropologiya İnstitutunun tarixi etnoqrafiya şöbəsinin müdiri, tarix elmləri doktoru İlhamə Məmmədova bizimlə söhbətində bildirdi ki, o, Təbriz etnoqrafiyasını araşdırıb və bu barədə kitabı da nəşr olunub. Söhbət alimin "Təbriz şəhərinin maddi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)" adlı kitabından gedir. O, vurğuladı ki, Cənubi Azərbaycan etnoqrafiyası bütövlükdə Azərbaycan etnoqrafiyasının tərkib hissəsidir, amma bununla belı müəyyən adətlərdə, müxtəlif məsələlərdə fəqrliliklər mövcuddur. “Bütövlükdə Azərbaycan etnoqrafiyasına aid olan məsələlər Cənubi Azərbaycana da aiddir. Əvvəllər Təbrizlə bağlı tədqiqatlar ayrı-ayrı məqalələr və sair şəkilində olub, amma sistemli olaraq Təbrizin tədqiqatına 2011-ci ildə başlanılıb. 2016-cı ildə də bu barədə kitabım nəşr olunub. Təbrizin etnoqrafiyasını toplu şəkildə əks etdirən digər bir əsər ağlıma gəlmir. Bizdə əvvəllər etnoqrafik aspektdə kitab çıxmayıb, amma tarixi öyrənilib. Tarix İnstitutunda cənubi Azərbaycan oçerkləri çıxıb, başqa tədqiqatlar olub. Amma etnoqrafik baxımdan ilk dəfə Təbriz etnoqrafiyası ilə geniş şəkildə mən məşğul olmuşam. Mən Təbrizi işləmişəm. Amma Zəncanla, Ərdəbillə, Urmiya ilə, eləcə də Şimali Azərbaycanla  müqayisələr olub. Amma əsas mövzu Təbriz üzərindədir. Bura da müxtəlif sahələr daxildir. Təbrizin maddi mədəniyyəti ilə, məhəllələri, yaşayış evləri, məşhur Təbriz bazarı, karvansaraları, hamamları, məscidləri, mədrəsələri, yeməklər, geyimlər əks olunub”.

O qeyd etdi ki, Təbriz etnoqrafiyasına aid olan bəzi sahələr hazırlanan kitabda öz əskini tapacaq. Alim qeyd etdi ki, bu istiqamətdə işlər davam etdirilir. Materialların əldə olunmasına, araşdırılmasına  gəlincə, alim qeyd etdi ki, əsas obyektləri xalqdır. “Xalqla ünsiyyətdə olmaq, baxıb görmək, müşahidələr bizim işimizin prinsipidir. Sorğular da aparılıb, sorğular da müxtəlif cür olub. İşimizi müxtəlif mənbələr, tədqiqat əsərləri əsasında qurulub. İranda çıxan əsərlərdən istifadə edilib, o Qacarlar dövrünə aid mənbələr də vardı. Tədqiqatçılarımız var ki, onlar bu məsələləri araşdırıblar”.

İ.Məmmədovanın sözlərinə görə, o, əsasən XIX əsri və XX əsrin əvvəllərini araşdırıb, xüsusilə də Qacarlar dövünə diqqət yetirib. Araşdırılan sahələrin yeməklərlə, geyimlərlə, evlərin quruluşu və sairlə bağlı olduğunu deyən İ.Məmmədovanın qeyd etdiyinə görə, Cənubi Azərbaycanın etnoqrafiyası çox zəngindir: “Cənubi Azərbaycanın etnoqrafiyası çox zəngindir. Çar Rusyası və Sovet dövründə  bizdə unudulan bir sıra məsələlər var ki, onlar Cənubi Azərbaycanda qalmaqdadır. Məsələn, adət-ənənələr və sairlər orada tam şəkildə qalmaqdadır. Əlbəttə, onlar Səfəvilər və başqa dövrlərdə Şimalda da olub, amma rus məktəblərinin təsiri ilə onlar unudulub. Bu, əsasən dini məsələlərdə bu özünü göstərir, onlar il ərzində dəfələrlə süfrələr açıb imam ehsanları verirlər. Bizdə bunlar ya açılmır, ya da az açılır, tamamilə sıradan çıxıb. Bizim toy və toyaqədərki adətlərimiz orada daha yaxşı şəkildə qalıb. Orada müxtəlif adətlər var. Məsələn, gəlin gəlir, gəlinin başının üstündə parça tuturlar, iki qəndi sürtürlər bir-birinə onun ovuntuları gəlinin başına tökülür. Bizdə danışırlar ki, qədimdə halva çalırdılar və cıdır yarışlarında qalib gələnlərə sinidə halva verirdilər. Belə şeylər bizdə axır zamanda sıradan çıxıb”.

O qeyd etdi ki, Cənubi Azərbaycanın bölgələrində kənd mədəniyyətinin özəllikləri, dərinlikləri daha çox yaşayır. “Bütövlükdə Cənubi Azərbaycanın bölgələrinin dərindən araşdırılmasına, öyrənilməsinə çox ehtiyac var. Bura geniş şəkildə mütləq öyrənilməlidir”-deyə İ.Məmmədova bildirdi.

İradə SARIYEVA