Kinematoqrafçılar İttifaqında nə baş verir - narazılardan daha biri...

27 Yanvar 2023 16:38 (UTC+04:00)

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı  (ARKİ) ətrafında qalmaqallar davam edir. Məlum olduğu kimi, 20-dən çox kino xadiminin ARKİ üzvlüyündən istefa verdiyi bildirilir. ARKİ rəhbərliyinin yaydığı açıqlamada təşkilat üzvlüyündən kütləvi istefalar olduğu təkzib edilsə də, bu öz öz təsdiqini tapmır.

Xalq yazıçısı Natiq Rəsulzadə, xalq artistləri Ənvər Həsənov və Taryel Qasımov mətbuata açıqlama verərək təşkilatı tərk etdiklərini bildiriblər. Bundan başqa, hər iki sənətkar ARKİ sədri, xalq artisti Şəfiqə Məmmədovanı kino adamlarına biganə münasibət göstərməkdə, onların problemlərilə maraqlanmamaqda ittiham ediblər.  

Onu da vurğulayaq ki, xalq artisti Əbdül Mahmudov, xalq artisti Ramiz Məlikovun, əməkdar incəsənət xadimi Yavər Rzayevin, əməkdar artist Gülşad Baxşıyevanın, əməkdar artist Münəvvər Əliyevanın da qurumdan istefa verənlər sırasında olduğunu bidlirir.

Kino ictimaiyyətində gəzən söz-söhbətlərə görə, ARKİ-dən bundan sonra da kütləvi istefalar gözlənilir. İddialara görə, bütövlükdə bu təşkilat ya ləğv olunacaq, ya da xalq artisti Rasim Balayevin sədri olduğu Azərbaycan Kinematoqarfçılar İttifaqına (AKİ) birləşdiriləcək. Deyilənlərə görə, 2012-ci ildə ARKİ yaradılarkən AKİ-ni tərk edib bura gələnlərin çoxu hələ də öz köhnə vəsiqələrini təhvil verməyiblər, hətta bəziləri heç ARKİ-nin özündən üzvlük vəsiqəsi almayıblar.

ARKİ-də baş verənlərin artıq Rusiya mediasında da yer aldığı məlumdur və onlar da xalq artistlərinin, tanınmış sənət adamlarının bu qurumu tərk etdiyini yazır.

ARKİ üzvlüyündən istefa verənlər sırasında xalq artisti, görkəmli kino və teatr xadimi Ramiz Məlikin (Məlikov) də adı çəkilir.

Ramiz Məliklə əlaqə saxladıq. R.Məlik “Bakı-Xəbər”ə bildirdi ki, ARKİ üzvülüyündən çıxıb: “Bəli, mən orda yoxam, çıxmışam”.

“Ramiz müəllim, 2012-ci ildə ARKİ yaranarkən kino adamlarının çoxu o quruma üzv oldu. Sonra nə baş verdi ki, oradan istefa edənlər oldu” sualına R.Məlikin cavabı belə oldu: “Bilirsiz nəyə görə getdilər? O vaxt Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycam Kinematoqrafiya İttifaqı  bağlandı, boşluq yarandı. Ona görə də camaat, insanlar ora getdilər. O qurum alternativ yaranmışdı. İndi kinosu olmayan bir respublikanın iki kinematoqrafiya ittifaqı olar? Bu absurddur”.

“Siz yəqin ki, oradan istefa verdikdən sonra indi Rasim Balayevin rəhbərlik etdiyi təşkilatın da üzvü deyilsiniz” - deyə R.Məlikdən soruşduqda o vurğuladı ki, AKİ-nin vəsiqəsini indiyə qədər də özündə saxlayır: “Mən 1972-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüyəm. 50 ildir. O Kinematorqafiya İttifaqı Rasim Balayevin sədrliyi ilə yenə də öz təsdiqini tapdı. O qurumdan vaxtilə aldığım vəsiqə də mənim özümdədir. Sabah aparıb o vəsiqəni Rasim Balayevin sədri olduğu ittifaqa verə bilərəm və onu da təsdiq edərlər, qurtarıb gedər. Amma ARKİ-yə 3-4 il bundan əvvəl ərizə yazmışdım, heç vəsiqəni də almadım. Onların heç bir tədbirində iştirak etməmişəm. Ora çox hikkəli bir yerdir. Harada hikkəli adamlar var, hamısı ora yığılmışdı. Mən özümü və bir neçə nəfəri demirəm, bizdə hikkə yox idi”.

Azərbaycan Kinematoqrafiya İttifaqının ənənələrindən də danışan R.Məlik qeyd etdi ki, bu qurumu Lətif Səfərov, Həsən Seyidbəyli, Rüstəm İbrahimov kimi sənətkarlar yaradıb. “Orada nə qədər işlər görüldü. Azərbaycan Kinematoqrafiya İttifaqını Ədliyyə Nazirliyi yenidən təsdiqlədi, yenidən işləyir. Onlar başlarını aşağı salıb normal işləyirlər. Heç bir intriqa filan yoxdur. Amma o biri təşkilatdakıların hamısı intriqaçılardır”.

Ş.Məmmədovanın rəhbərlik etdiyi təşkilatın sənət adamlarının istefası ilə bağlı açıqlamasına gəlincə, R.Məlik qeyd etdi ki, qurumdan ona heç kəs zəng vurub üzvlükdən istefa verib-vermədiyini soruşmayıb: “Necə yəni istefa verənlər yoxdur? Ordan mənə heç kəs zəng etməyib, heç kim də heç nə deməyib. Taryel də, başqaları da düz edib. Çıxıblar da. Bu qədər biabırçılıqdan sonra orda qalmaq olar?”.  

Leyla QARAXANLI