Tehran rejimləri tarixən belə olub və diplomatlar üçün təhlükə mənbəyi təşkil ediblər...

27 Yanvar 2023 15:28 (UTC+04:00)

2023-cü il yanvarın 27-də səhər tezdən Azərbaycanın Tehrandakı səfirliyinə silahlı quldur hücumu nəticəsində səfirliyimizin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qətlə yetirilib, daha iki əməkdaşımız ağır yaralanıb.

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

“Qanlı cinayətin kim tərəfindən törədilməsindən asılı olmayaraq planlaşdırılmış əməliyyatdır və Tehran rejimi hücuma görə, birbaşa məsuliyyət daşıyır. Çünki iki dövlətin dost, ya düşmən münasibətlərdə olmasından asılı olmayaraq diplomatik korpuslar toxunulmazdır, onların təhlükəsizliyinə beynəlxalq konvensiyalar öhdəçilik yaradır və səfirliyin olduğu ölkə belə halların baş verməməsi üçün məsuldur. Tehran rejiminin bu cinayətə görə, məsuliyyəti həm də onunla şərtlənir ki, İran hakimiyyəti Azərbaycan dövlətinə qarşı açıq düşmənçilik siyasəti aparır, Azərbaycanın düşməni olan Ermənistanla qeyri-rəsmi hərbi-siyasi ittifaq içindədir və Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı addımlar atmaqdan çəkinmir. Hakim rejimin Azərbaycan dövlətçiliyinə qarşı açıq düşmən mövqelər göstərmiş radikal dinçi cinayətkar ünsürləri öz "isti bucaqlarında" illərlə himayə etdiyi də bilinir. Rejimin düşmənçilik münasibəti Tehrandakı səfirliyimizə qarşı hər cür cinayətin törədilməsinə kimlərisə həvəsləndirir və cinayətdən sonra cəzasız qalacaqlarına həvəsləndirir.

Tehrandakı səfirliyimizin olduğu yer beynəlxalq hüquqla Azərbaycanın suveren ərazisi hesab edilir və bu halda törədilmiş silahlı basqın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüzdür.

Tehran hakimiyyətləri tarixən belə olub, diplomatik korpusların toxunulmazlığına tam təminat vermir, qəsdlə vermir. İstəsə, hər cür təhlükələrin qarşısını ala bilər. Hələ 200 il əvvəl çar Rusiyasının Tehrandakı səfirliyində ermənilərin əli ilə qanlı qırğın törədərək səfir Qriboyedovu tikə-parça etmədilərmi?? 1979-cu ildə Tehranda ABŞ səfirliyinin 200 əməkdaşını girov götürərək neçə nəfərini güllələmədilərmi? Bu da növbəti hadisə. Faktlar Tehran rejiminin özünün dipkorpuslar üçün ciddi təhlükə mənbəyi olduğunu təsdiqləyir...

Tehranda səfirliyimizdə törədilmiş qanlı cinayət az əvvəl Parisdə və Londonda səfirliklərimizə qarşı törədilmiş cinayətləri bir daha yada salır. Paris və London cinayətləri də hələ sonadək araşdırılmayıb, lakin hər iki hücumda radikal islamçı qrupların bağlılığı artıq məlumdur və bu radikalların Tehranda hansısa qüvvələr tərəfindən idarə edilmədiyinə zəmanət yoxdur.

Parisdə, Londonda və Tehranda səfirliklərimizə qarşı törədilmiş üç cinayətin eyni mərkəzdən idarə olunduğunu hələlik iddia etmək olmaz. Ancaq bütün hallarda Tehran rejimi məsuliyyətdən qaça bilməz.

Tehranda Azərbaycan səfirliyinə hücumu erməni terror təşkilatları da törədə bilər, Tehran xüsusi xidmət orqanlarının Cənubi Azərbaycandakı milli oyanış qüvvələrini qorxutmaq məqsədli əməli də ola bilər, digər variantlar da istisna deyil...

Səfirliyə hücum Ermənistanın dövlət mənafelərinə birbaşa uyğundur, çünki Azərbaycan-İran münasibətlərində gərginliyin azacıq da olsa yumşala biləcəyinə olan son ümid işartılarını da məhv edir və İran-Ermənistan qardaşlığını bərkidir…

İndi söz molla rejiminindir və cinayətdə birbaşa əllərinin olmadığını sübut etməlidir...

Bəzi şəxslərin Tehranda səfirlik əməkdaşlarımızın özləri tərəfindən mühafizənin guya zəif təşkil edildiyi barədə mülahizələrinin heç bir əsası yoxdur, hətta ziyanlı fikirdir. Çünki səfirliyi qorumaq İranın vəzifəsidir. Əgər İran rejimi vəzifəsini icra etmirsə, Azərbaycana qarşı düşmən kimi davranırsa, səfirlik binasının hətta hərbi diviziya tərəfindən mühafizəsi belə terrorların qarşısını tam almağa qadir deyil. Səfirliyin olduğu ölkə maraqlıdırsa, planlaşdırılmış terrorun qarşısını almaq olmaz...”

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.  Hücum zamanı bir nəfər həlak olub. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.

Hücumun dəf edilməsi zamanı həlak olan şəxs Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovdur.

“Kalaşnikov” markalı avtomat silahla səfirliyə hücum edən şəxs 50 yaşlı kişi olub, binanın girişində atəş açmağa başlayıb.

Hücum edən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, hadisəni törədən Yasin Hüseynzadə İran vətəndaşıdır, onun İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəli olduğuna dair şübhələr var.

Tehran polisi isə açıqlamasında hücum edən şəxsin iki uşağı ilə səfirliyə gəldiyini və qatilin səfirlikdə “gizlənən” həyat yoldaşını axtarması kimi yalan versiyalar səsləndirib.

Real vəziyyət isə odur ki, səfirliyin mühafizəsi hücumun qarşısına çıxmasaydı, bütün səfirlik əməkdaşlarının qətlə yetirilməsi planlanlanıb.

Həmin ərazidə olan polis terrorun qarşısını almaq üçün heç bir cəhd göstərməyib və hazırda da hər hansı operativ addımların atılması müşahidə olunmur .

İran tərəfinin açıqlaması yalandır və İran xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunu hədəfdən yayındırılması, yerli və beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırılması məqsədi güdür.

Hücum anının görüntüləri də İran tərəfinin açıqlamalarının yalan olduğunu sübut edir.

İran tərəfinin dediyi kimi, hücum edən şəxs uşaqlarla olmayıb, tək olub və səfirliyin bütün əməkdaşlarını öldürmək niyyətində olub.

Səfirliyimizə hücumla bağlı İran polisinin yalanlarının sübutu olan daha bir görüntü yayılıb. Videodan aydın olur ki, İran hüquq-mühafizə orqanının əməkdaşı heç bir şey etmir. Əksinə, avtomobildən düşüb binaya hücum edən terrorçu qapıda duran və səfirliyin mühafizəsinə cavabdeh olan İran polis əməkdaşı ilə sanki salamlaşır.

Terrorçu pusquda durub və əməkdaşımız gələn kimi hücum edir. Onun yanında heç bir uşaq yoxdur, qapıda duran iranlı polisi öldürmür. Məqsəd Azərbaycan səfirliyində olan bütün azərbaycanlıları öldürmək olub.

“Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata keçirilmiş xain terror hücumunu şiddətlə qınayırıq”. Bu barədə Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, Səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi.

"İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb. Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir.

Son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik.

İran tərəfindən sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edirik.

Azərbaycan tərəfi günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün müvafiq beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcəkdir.

Baş vermiş terror hücumu nəticəsində yaranmış vəziyyətdə səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyəsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur".

Hadisə ilə bağlı İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan XİN-ə çağırılıb. XİN-dən bildirilib ki, görüşdə Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu və “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Bu xüsusda, İranın səlahiyyətli qurumları tərəfindən terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunması, terror aktının hərtərəfli araşdırılması, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qətiyyətlə tələb olunub.

Görüşdə, habelə, son zamanlar İranda ölkəmiz əleyhinə planlı şəkildə anti-Azərbaycan kampaniyasının aparılmasından təəssüf hissi keçirildiyi, baş verənlərin onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirdiyi diqqətə çatdırılıb.

İran səfiri Seyid Abbas Musəvi Azərbaycan səfirliyinə qarşı baş verən silahlı hadisəni kəskin şəkildə pisləyərək, baş verənlərdən dərin kədər hissi keçirdiyini, səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verdiyini bildirib.

Səfir görüşdə habelə İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığı, ətraflı məlumatın istintaq prosesi başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacağını vurğulayıb.

Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanıb. Baki-xeber.com Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən xəbər verir ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum edilib.

Hücumu edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq Səfirliyin mühafizə xidmətinin rəisi Əsgərov Orxan Rizvan oğlunu qətlə yetirməklə yanaşı, daha iki mühafizəçiyə xəsarət yetirib. Bununla belə, Səfirliyin əməkdaşları cinayətkarı tərksilah etməklə onun cinayət əməllərini dayandırmışlar.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.2, 120.2.1, 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1, 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İran İslam Respublikasının aidiyyəti qurumlarına aparılan araşdırmalarla bağlı zəruri məsələlərin həllinə dair müraciət edilib.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terrorçuluq əməlləri ilə bağlı bütün halların tam və hərtərəfli araşdırılması təmin ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xarici işlər naziri Ceyhun Bayramov tvitter hesabında bildirib ki, Azərbaycan Respublikasının İrandakı Səfirliyinə xain terror hücumunu qətiyyətlə pisləyirik: “Terror hücumunu törədənlər və onun sifarişçiləri qısa müddət ərzində ən sərt şəkildə cəzalandırılmalıdır".

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə sosial media hesabında qeyd edib ki, səfirliyə edilən hücum nəticəsində səfirliyin əməkdaşı Orxan Əsgərov mühafizəni təmin edərkən qətlə yetirilib, 2 əməkdaş yaralanıb.

 “Bu acını böyük təəssüf və kədər hissi ilə bölüşür, Orxan Əsgərovun ailə üzvləri və əzizlərinə öz adımdan və səfirliyimizin əməkdaşları adından dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət, yaralılarımıza isə tezliklə şəfa diləyirəm.

Bu acımasız terror aktını qətiyyətlə pisləyir və törədənlərin tam cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklər toxunulmazdır və onların mühafizəsi qəbul edən dövlət tərəfindən tam təmin olunmalıdır!”, - deyə səfir bildirib.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov da bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə vəhşi hücumu hər bir sivil ölkə pisləməlidir.

 “Günahkarlar cəzalandırılmalıdır! Təhlükəsizlik xidmətinin igid azərbaycanlı əməkdaşları bu gün günahsız insanların həyatını xilas edib. Həlak olanın ruhu şad olsun”, - deyə o əlavə edib.

Milli Məclis də Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktını qətiyyətlə pisləyib:

"Bu xain hücuma görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür. 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq, yerləşmə ölkəsi diplomatik nümayəndəliklərin mühafizəsini, onların əməkdaşlarının təhlükəsizliyini təmin etməyə borcludur.

Təəssüflə qeyd edilməlidir ki, son dövrdə İran İslam Respublikasında ölkəmizə qarşı qarayaxma və hədə-qorxu kampaniyasına geniş rəvac verilmişdir. Bununla əlaqədar Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı ehtimal oluna bilən hücumlara yol verməmək üçün qabaqlayıcı tədbirlərin görülməsi İran hüquq mühafizə orqanlarının diqqət mərkəzində olmalı idi. Belə bir şəraitdə silahlı şəxsin xüsusi mühafizə rejimi tətbiq edilən Səfirliyin inzibati binasına maneəsiz daxil ola bilməsi ciddi suallar doğurur.

Biz İran tərəfindən bu qəddar hücumun səbəbləri barədə verilən bəyanatları qeyri-qənaətbəxş hesab edirik. Bu terror aktının hərtərəfli və dərindən araşdırılmasını, bütün təqsirkarların və qanlı cinayət əməlinin arxasında dayananların müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını, eləcə də diplomatik nümayəndəliyə qarşı qəbuledilməz olan terror hücumuna gətirib çıxarmış halların aşkar olunmasını tələb edirik.

Hamıya məlumdur ki, Azərbaycan uzun illərdən bəri terror aktlarına məruz qalan ölkədir. Ancaq bu qanlı cinayət əməllərinin nəticələri nə qədər ağır olsa da, Azərbaycan dövlətini müstəqil daxili və xarici siyasət yolundan geri döndərə bilməmişdir və döndərə də bilməz. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının sifarişçiləri, təhrikçiləri və icraçıları da əmin olsunlar ki, heç bir halda öz çirkin niyyətlərinə nail ola bilməyəcəklər.

Səfirliyin və Səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olmuş şəhidimizə Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq".

Tahir TAĞIYEV