İrəvan teatrının ilk qadın aktyorunun faciəli taleyi - əvvəl əri, sonra özü...

19 Yanvar 2023 16:31 (UTC+04:00)

Hər kəsin alın yazısı eyni cür olmur, birinin istedadı parlayır yollarına məşəl olur, başqa birisinin istedadı isə ona zülmət kimi qaranlıq həyat, tale yolu bəxş edir. Gərək istedadın da, istedadlı adamın da bəxti olsun. Səhnə adamlarına şans daha çox lazımdır düşüncəsindəyik.

Keçən əsrin 1937-1938-ci illərində baş verən qanlı Stalin repressiyaları çox böyük istedadların ömür işığını, ömür çırağını söndürüb, səhnələrdən səsini uzaqlaşdırdı... 1937-ci il repressiyası xalqımızın çox dahilərini əlimizdən aldı, çox ocaqları söndürdü, çox insanları zülmlərə məruz qoydu, çox canlara qıydı. Xalqımızın istedadlarına qarşı həyata keçirilən repressiya aktları nəticəsində ömrünü səhnəyə verən istedadlı şəxsiyyətlərimizin xeyli bir hissəsi bu haqsız, sorğu-sualsız, ədalətsiz dalğanın qurbanı oldu. Azərbaycan teatr xadimlərindən Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb və başqaları Stalin repressiyasının, qırmızı terrorun tufanına düşdülər. Stalinin repressiya maşını təkcə Azərbaycanın Şimal hissəsindəmi böyük şəxsiyyətlərimizə əks-inqilabçı, pantürküst damğası vurub onları məhv edirdi? Xeyr, Gücüstanda, indiki Ermənistan adlanan Qərbi Azərbaycanda da cəmiyyətin tanınmış şəxsiyyətlərini, xüsusən də azərbaycanlıları hədəfə alırdı. Ailə başçısını tutub məşəqqətli istintaqdan sonra güllələyir, ailə üzvlərini, xüsusən də ailənin xanımını ya gedər-gəlməzə sürgünə, ya da islah-əmək düşərgəsinə göndərirdilər. Bu məşəqqəti qanına, iliyinə qədər yaşayan ailələr var ki, o ailələrin təmsilçiləri bu gün də o barədə vahimə ilə danışırlar.

“İrəvanda izim qaldı” rubrikasından İrəvan Dövlət Azərbaycan Dram Teatrının ilk azərbaycanlı aktrisası Fatma Əfəndiyevadan və onun məşəqqətli həyatından danışacağıq. Stalin repressiyasının teatrların başının üstündə tufan qopardığını bayaq qeyd etdik. Bu repressiya dalğası 1928-ci ildə əsası qoyulan İrəvan Dövlət Azərbaycan Dram Teatrının ilk azərbaycanlı aktrisasını da caynağına alıb...

Ermənistanda və Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda fəal mübariz, hər iki respublikada yüksək vəzifələrdə çalışmış məşhur partiya və dövlət xadimi Bala  Əfəndiyev və onun həyat yoldaşı, İrəvan Dövlət Azərbaycan Teatrı tarixinə ilk azərbaycanlı aktrisa kimi düşmüş Fatma Əfəndiyeva da repressiyaya məruz qalıblar.

Bildirək ki, o dövrdə teatrın inkişaf etməsi üçün yerli ziyalılardan Bala Əfəndiyev, Əkbər Rzayev, Rza Şeyxzadə, Abbasəli Axundov, Zakir Şahbazov, Əşrəf Yisifzadə, Kazım Ziya, Nəsib Əfəndiyev və s. kimi milli mədəniyyət təəssübkeşləri xeyli iş gördülər. Rəsmi sənədlərə görə, hətta Bala Əfəndiyev öz arvadı Fatma Əfəndiyevanı teatra gətirərək ilk qadın aktrisa kimi səhnəyə çıxarıb. Fatma xanım həmin vaxtlar İrəvan türk qadınlar klubunun ilk müdiri idi. Əkbər Rzayev də öz arvadı Firəngiz xanımı Fatma xanımla birgə səhnəyə çıxardı. Bala Əfəndiyev 1921-1928-ci illərdə İrəvanda partiya işçisi kimi məsul vəzifə daşıyırdı.

İnternet resurslarında yayılan rəsmi məlumatlara görə, 1906-cı ildə Gəncə quberniyasının Qazax qəzasının Çəmbərək (indiki Krasnoselo) rayonunun Çaykənd kəndində anadan olan Fatma xanım ilk təhsilini də doğma Çaykənddə alıb. Maraqlıdır ki, Fatma Əfəndiyeva Bala Əfəndiyevin əmisi qızı olub. Belə bir el deyimi var ki, əmi qızı ilə əmi oğlunun kəbini göydə kəsilib. Bəlkə də onlar evlənərkən bu prinsipi əsas götürüblər. B.Əfəndiyevin həyat yoldaşı olan F.Əfəndiyevanın başına olmazın bəlalar gəlib. Qeyd edilənə görə, Sovet Ermənistanında Türk Qadınlar Klubunun təşkilatçısı və ilk müdiri olan F.Əfəndiyeva orada mədəni-maarif sahəsində xeyli işlər görüb. Əlbəttə, Türk Qadınlar Klubunun təşkilatçısı və ilk rəhbəri kimi, o bura qadınları cəlb edib, onların savadlanması uğrunda maarifçilik işi, təbliğat aparıb.

Keçən əsrin 30-cu illərinin acı tufanı Əfəndiyevlər ailəsinin başının üstündə öz kəskin qılıncını hərləyirdi. 1929-cu ilədək Ermənistan SSR ictimai təminat komissarı, 1935-1937-ci illərdə Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi işləmiş Bala Əfəndiyevin 1938-ci ildə güllələnməsindən sonra Fatma xanım Əfəndiyeva da 8 il müddətinə azadlıqdan məhrum edilib. Hər ikisi təxminən 20 il sonra tam bəraət qazanıblar.

Yazılanlara görə, 1906-cı ildə Dilican rayonunun Çaykənd kəndində anadan olan, Bakı şəhəri (Krepost) Pestel küçəsi, ev 37 ünvanında yaşayan cütlüyün  Nazim adlı oğlu olub. Həmin dövrdə onun  6 yaşı olub. Fatma xanımın həyat yoldaşı 1893-cü il doğumlu Əfəndiyev Bala İbrahim oğlu  7 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik, terrorçuluq fəaliyyətinə görə I kateqoriya ilə həbs edilir. SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarını əsas tutaraq Əfəndiyeva Fatma Məmməd qızı Azərbaycan SSR Prossesual Məcələsinin 430-cu maddəsi ilə vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavifəsinin 9 aprel 1938-ci il qərarına əsasən 2187 №-li orderlə 27 oktyabr 1937-ci ildən hesablanmaqla cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilir. SSR Ali Məhkəmənin Hərbi Kollegiyasının 24 dekabr 1955-ci il qərarına əsasən Əfəndiyeva Fatma Məmməd qızına bəraət verilir...

Tarixə İrəvan Azərbaycan Dövlət Dram Teatrının ilk azərbaycanlı aktrisası kimi düşən F.Əfəndiyevanın keşməkeşli, çətin, məşəqqətli həyatı barədə danışmaq çox çətindir. Onu da vurğulayaq ki, B.Əfəndiyev barədə geniş məlumat olsa da, F.Əfəndiyeva barədə elə də geniş məlumat yoxdur. Bəlkə də, Feysbukda “Bir zamanlar İrəvan” səhifəsinin yaradıcıları F.Əfəndiyeva haqda məlumat yaymasaydılar, biz də belə bir sənətkardan, ictimai xadimdən xəbərsiz olardıq.

Tarixi şəhərimiz İrəvanda izlərimiz qalıb və böyük şəxsiyyətlərimizin adlarının işığında o yerlərə qayıdacağıq.

İradə SARIYEVA