Hökumətin bütün repressiv addımlarına baxmayaraq, İranda xalqın etirazı səngimir. Əksinə, artıq ən kiçik qəsəbələrdə belə artıq aksiyalar müşahidə edilir. Belə bir vaxtda yayılan məlumatlara görə, molla rejimi ölkədə vəziyyətin daha da pisləşəcəyi və hakimiyyət devriləcəyi təqdirdə ölkədən qaçmağa hazırlaşır.
Hətta iddialara görə, rejim hökumət rəsmiləri və onların ailələrinə sığınacaq verilməsi üçün, Venesuela da daxil olmaqla, xarici müttəfiqlərlə danışıqlara başlayıb.
Belə bir vaxtda növbəti maraqlı açıqlama İran Xalq Mücahidləri Təşkilatının lideri Məryəm Rəcəvidən gəlib. O bildirib ki, İranın Milli Müqavimət Şurası İslam Respublikası hakimiyyətinə alternativdir, onu əvəz edə bilər. O, İrandakı son etiraz aksiyalarını Xalq Mücahidləri Təşkilatının təşkil etdiyini bildirib: “Bu hərəkatı Xalq Mücahidləri Təşkilatı mütəşəkkil üsyan mərkəzləri şəbəkəsi ilə yüksək səviyyədə təşkil edir. İran Milli Müqavimət Şurası bu rejimə alternativdir”. Qeyd edək ki, bu təşkilatın əsas bazası əvvəllər İraqda yerləşirdi. ABŞ bu ölkəyə daxil olduqdan sonra Xalq Mücahidləri İraqı tərk edib. Təşkilatın liderləri və üzvləri Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərirlər. Mövcud vəziyyətdə sosial mediada ölkə boyunca nümayişlər və başı açıq qadınları əks etdirən foto və video görüntülər yayılmaqdadır. Belə səhnələrə artıq kiçik qəsəbələrdə də rast gəlmək olar. Bunu yayanlar deyirlər ki, nümayişlərin dayanacağına dair heç bir zəmanət yoxdur. Aksiyada iştirak edənlərin ortaq mövqeyi belədir ki, ölkədə baş verənlər artıq etiraz aksiyaları çərçivəsindən kənara çıxıb və inqilab yetişib. Belə vəziyyətdə İranın ali rəhbəri ayətullah Əli Xamneyinin bacısı hökumətin ölkə boyunca yayılmış etirazlara divan tutmasını pisləyib və geniş kütlələr arasında xof yaradan İnqilab Keşikçiləri Korpusunu silahlarını yerə qoymağa çağırıb. Onun bu barədə məktubunu Fransada yaşayan oğlu ictimailəşdirib. Qeyd edək ki, İranda yaşayan Bədri Hüseyni Xamneyi İran ali rəhbərinin doğma bacısıdır. Onun Qərb mediasında “2022-ci il, dekabr” tarixi ilə yayılmış məktubunda deyilir ki, Bədri Xamneyi İranda İslam Respublikasının banisi ayətullah Ruhulla Xomeyninin vaxtından qardaşının hakimiyyətinədək həmişə dini üsul-idarəyə qarşı çıxış edib. Oğlu Mahmud Muradxaninin “Twitter” hesabından paylaşdığı məktubda Bədri Xamneyi yazır: “Düşünürəm ki, qardaşıma qarşı çıxdığımı elan etməyin əsl vaxtıdır və mən Xomeyni vaxtından Əli Xamneyinin despotik xilafəti erasınadək İslam Respublikasının cinayətlərindən göz yaşları tökən bütün analara hüsn-rəqbətimi bildirirəm”. Məktubda daha sonra bildirilir: "Əli Xamneyinin inqilab keşikçiləri və muzdluları silahlarını yerə qoymalı və nə qədər gec deyil, xalqa qoşulmalıdırlar”. Amma İran İnqilab Keşikçiləri Korpusu hələ ki, bu çağırışı eşitmək istəmir. Çünki bu qurumun rəhbərliyi Yaxın Şərq boyunca geniş biznes imperiyasını idarə edir. Elə bu səbəbdən qurum yaydığı son bəyanatda ölkə ədliyyəsinə “iğtişaşçılara, quldur və terrrorçulara mərhəmət göstərilməməsinə” çağırış edilir. Onu da qeyd edək ki, Bədri Xameneyinin qızı Fəridə Muradxani xarici dövlətləri İranla bütün əlaqələrini kəsməyə çağırandan sonra həbs olunub. Xalq isə Bədri Hüseyni Xamneyini, onun qızı Fəridə Muradxanini dəstəkləyir, müxtəlif formada etirazlar davam edir. 385 min izləyicisi olan “1500tasvir” “Twitter” hesabından yayılan videolarda Tehran, İsfahan, Elam, Kirmanşah, Nəcəfabad, Ərak, Babol və Şirazda dükanların bağlı olduğu görünür. Bu şəhərlərdə təhlükəsizlik qüvvələri mağaza sahiblərini dükanlarını açmağa məcbur etmək istəyir. Lakin onlar hələ də məqsədlərinə nail olmayıblar.
Bu arada prezident İbrahim Rəisi Tehran Universitetində Tələbə Günü münasibətilə çıxış edib. İclas keçirilən zalın qarşısına toplaşmış tələbələrdən bəziləri “şərəfsiz” və “tələbələr ölsələr də bu hökuməti qəbul etməyəcəklər” kimi şüarlar səsləndirib. “1500tasvir” saytının yaydığı videolarda mülki geyimli təhlükəsizlik xəfiyyələrinin tələbələrlə mübahisə etdikləri görünür. İran boyunca Tehrandakı Əmir Kəbir Universitetində və başqa universitetlərdə tələbələr etiraz aksiyalarını davam etdirirlər. Videolarda tələbələrin “bu rejim devrilməlidir” və “Xamneyiyə ölüm!” şüarları səsləndirdiyi eşidilir. İranın şimal-şərqindəki Məşhəd şəhərində, Firdovsi Universitetinin qarşısında aksiya keçirən tələbələr avtomobillərlə gəzən naməlum şəxslər tərəfindən hədələniblər.
İranın keçmiş prezidenti, çox nadir hallarda ictimai çıxışlar edən Məhəmməd Hatəmi antihökumət etirazçılarını dəstəkləyib və hakimiyyəti, nə qədər gec deyil, tələbləri yerinə yetirməyə çağırıb. 79 yaşlı Xatəmi deyib ki, “Qadın, Həyat, Azadlıq” kimi “gözəl şüar” İran cəmiyyətinin daha yaxşı gələcəyə can atdığını göstərir. Keçmiş prezident etirazçı tələbələrin həbslərini pisləyib. O, etitrazçılara dəstək ifadə edən çıxışında deyib: “Azadlıq və təhlükəsizliyin qarşı-qarşıya qoyulması yolverilməzdir. Bunun nəticəsində təhlükəsizliyin qorunub saxlanması bəhanəsi ilə azadlıq tapdanır”. Belə vəziyyətdə o da diqqətdən yayınmır ki, qadınların başçılıq etdiyi etirazlar İranın bütün 31 ostanının 150 şəhər və 140 universitetinə yayılıb. Bu da aksiyaların güc yolu ilə yatırılma imkanlarını zəiflədir. Hesab edilir ki, aksiyalar bir qədər də genişlənsə, İranda rejim həqiqətən də ölkədən qaçmalı olacaq.
Samirə SƏFƏROVA