Bakıdakı tıxacların əsas günahkarı “1 manatlıq” taksilərdir?

7 Dekabr 2022 19:25 (UTC+04:00)

Paytaxt Bakıda uzun illərdir həllini tapmayan problemlərdən biri də tıxacla bağlıdır.  Bunun ümdə səbəblərindən biri Azərbaycana idxal edilən avtomobillərin yenə böyük əksəriyytinin paytaxtda cəmləşməsidir. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli də bu xüsusda maraqlı məlumatlar açıqlayıb.

O bildirib ki, ölkədə ümumən 1 milyon 700 minə yaxın avtomobil var. Onlardan 80 faizdən artığı Bakıdadır. Araz Əsgərli onu da qeyd edib ki, paytaxt ərazisində ən çox qayda pozulması dayanma və durma ilə bağlıdır: “Bunlar daha çox səkilərin, piyada zolaqlarının, avtobus dayanacaqlarının tutulması ilə bağlıdır. Hələ də avtobus zolaqlarına istədiyinmiz qədər məsuliyyətli münasibət yoxdur. Bu cür qayda pozuntuları kamera görüntüləri ilə araşdırıllr və hır birinə hüquqi qiymət verilir. Yanvar ayından bu yana 11 ay ərzində Bakıda İXM-nin 327.1 maddəsi - nişanın tələblərinin pozulmasına görə 40 mindən çox protokol tərtib olunub”. Beləliklə, həm avtomobillərin Bakıda cəmləşməsi, həm də yol verilən çoxsaylı qanun pozuntuları Bakıda tıxacların yaranmasının əsas səbəbləri sırasında yer alır. Lakin burada ictimai nəqliyyatla bağlı məsələlərin də öz rolu var. Bu fonda, xüsusən də taksilərlə bağlı rəsmi qurumlar maraqlı açıqlamalar verir. Məsələn, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin baş mütəxəssisi Rauf Səfərov qeyd edir ki, Bakıda taksi kimi fəaliyyət göstərən nəqliyyat vasitələrinin sayı həddindən çoxdur: “Azərbaycanda, təxminən 40 min taksi olduğunu və bunun 28 mininin Bakının payına düşdüyünü düşünürük. Onların da 90%-i onlayn platformalar üzərindən fəaliyyət göstərir. Halbuki, Türkiyənin İstanbul şəhərində bir neçə ildir ki, taksi fəaliyyəti üçün 17 325 ədədlik kvota var. Bakıda taksilərin sayının çox, bu sahəyə diqqətin az olması, sürücülərin 14-16 saat işləməsi qəzaların artmasına gətirib çıxarır. Paytaxtda sıxlığın aradan qaldırılması üçün taksi fəaliyyəti ilə bağlı müəyyən təkliflərimiz var. Bu təkliflər taksi fəaliyyətinin müvafiq icazə əsasında həyata keçirilməsi, sərnişindaşınma sahəsində sahibkarlıq mühitinin yaxşılaşdırılmasını əhatə edir”. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə qeyd edir ki, paytaxtda qanunsuz sərnişindaşıma vasitələrinin mövcudluğu və onların yaratdığı mənzərə leqal sərnişindaşımalara ciddi maneə törədir. O bildirir ki, sərnişinlərin “1 manatlıq” taksilərdən istifadəsi yollarda xaotik vəziyyət yaradır: “20 yanvar”və “Koroğlu” metrostansiyaları istiqamətində hər gün axşam və səhər saatlarında xaotik vəziyyət müşahidə olunur. Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Bakının müxtəlif kəndləri istiqamətində hərəkət edən avtobuslar var. Amma insanlar metrodan çıxıb müəyyən bir məsafəni qət edərək həmin mübadilə mərkəzinə getmək istəmir və “1 manatlıq taksilər”dən və ya digər qanunsuz sərnişindaşıma vasitələrindən istifadə edir. Nəticədə həm yolda xaotik vəziyyət yaranır, həm daşıyıcı sərnişin itirir və daşıyıcı sərnişin itirəndə də onun gəlirləri azalır. Elə görünür ki, həmin ərazidə avtobus yoxdur. Əslində isə belə deyil. Həmin sərnişinlər Nəqliyyat Mübadilə Mərkəzinə yönəlsə, onları daşımaq üçün avtobus da olacaq. Bu gün Bakıda istehsalat bazalarında kifayət qədər avtobus var”. M.Ağayev əlavə edib ki, bəzi hallarda qanunsuz sərnişindaşıma vasitələri dayanacaqların ətrafında elə bir süni tıxac halı yaradır ki, avtobusların o məntəqələrə giriş-çıxışında çətinlik olur: “Nəticədə sərnişinlər həmin “1 manatlıq” taksilərdən istifadə edirlər”.

Bu açıqlamalardan göründüyü kimi, rəsmi qurumlar “1 manatlıq” taksilərin tıxac problemində indi əsas rollardan birini oynadığını hesab edirlər. İstanbul təcrübəsinin bu durumda Bakıda da tətbiqi mümkün sayılır. Amma İstanbulla müqayisədə Bakıda taksidən əlavə yalnız metro və avtobuslar işləyir. İstanbulda isə ictimai nəqliyyat  üzrə siyahı xeyli uzundur. Hələ 2000-ci illərin əvvəlində Bakıda tramvay və trolleybuslar ləğv olunub. O vaxt rəsmilər bunu həmin növ nəqliyyatın rentabelli olmaması ilə izah edirdilər. Amma məsələyə müasir tələblər səviyyəsində yenidən qayıdılır. Məsələn,  işğaldan azad olunmuş Ağdam şəhərinin Baş planında tramvayların işə salınması nəzərdə tutulur. Bakı Nəqliyyat Agentliyindən də bildirilir ki, paytaxtın baş planı hazırlanıb və həmin planda Bakının tramvay marşrutları müəyyən olunub: “Nəzərdə tutulur ki, 2040-cı ilə qədər tramvay marşrutlarının tam bərpası təmin olunsun”. Taksilərə gəlincə isə, vurğulanıb ki, Bakı şəhərində taksi kimi fəaliyyət göstərənlərin 95 faizi qanunsuz sərnişindaşıma ilə məşğuldur: “Həmin "taksilər” Nazirlər Kabinetinin 73 saylı qərarla təsdiq olunmuş norma və qaydalara uyğun gəlmir, fərqlənmə nişanına sahib deyillər”. İqtisadçı Natiq Cəfərli isə bildirir ki, İstanbulla Bakının müqayisəsi qüsurludur: “Çünki İstanbul Böyükşəhər Bələdiyyəsi nəqliyyatı idarə edir və orada metro xətləri, metrobuslar, tramvaylar, dəniz nəqliyyatı kimi ictimai nəqliyyat növləri mövcuddur”. Onun sözlərinə görə, Bakıda çoxlu taksilərin bir neçə dəfə qeyd olunması suallar yaradır: “Sizi nə narahat edir? Əgər bu sahədə fəaliyyət göstərən şəxs öz əməyini sərf etməyə razıdırsa, vətəndaşlar da tez və ucuz mənzil başına çatmaqdan razıdırsa, dövlət burada niyə narahat olmalıdır? Taksilərin sayı çoxdursa, deməli, rəqabət var, qiymətlər ucuzdur. Bütün bunlar vətəndaşın xeyrinədir. Taksi xidməti çox azsaylı sahələrdəndir ki, rəqabət var və qiymətlər ucuzlaşıb.  Belə çıxır ki, ucuz qiymət olan yerlərin olması hökuməti sevindirməkdənsə, xoşa gəlməyən amilə çevrilib”. N.Cəfərlinin fikrincə, dövlətin taksi xidmətində iştirakı mümkündür: “Amma bu, hamı üçün eyni oyun qaydaları, ümumi lisenziyalaşdırma, eyni vergi və rüsum siyasəti tətbiq olunmasında özünü ifadə etməlidir. Dövlət birbaşa iqtisadiyyatda oyunçu olmamalıdır. Yalnız ədalətli hakim kimi həmin sahənin tənzimlənməsində iştirak etməlidir”.

Samirə SƏFƏROVA