Ölkəmizdə dərmanların qiymətləri həddən artıq bahadır. Bu baxımdan əksər insanlar xaricdən gələn dostuna-tanışından, qohumundan xahiş edir ki, ona lazım olan dərmanları alıb gətirsin. Əvvəllər əldə dərman gətirməyə bir söz deyilməsə və insanlar onlardan xahiş edilən dərmanları sərbəst şəkildə gətirsələr də, son zamanlar yalnız bir dərmanın gətirilməsinə icazə verilir.
Sözsüz ki, bu da insanlar arasında narazılıq yaradır. Bizim apteklərdə odu bahasına olan dərmanların qardaş Türkiyədə və başqa ölkələrdə su qiymətinə olması insanlarımıza imkan yaradırdı ki, müəyyən vasitələrlə o ölkələrdən dərman əldə etsinlər, amma göründüyü kimi, bu sahədə ciddi problem yaranıb. Cəmiyyəti ciddi narahat edən bu problem artıq parlamentə də daşınıb və deputatlar da bu məsələyə reaksiya veriblər... Milli Məclisin iclasında parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov və deputat Razi Nurullayev çıxış edərək problemi qabardıblar.
R.Mahmudov qeyd edib ki, son zamanlarda ölkəmizdə bəzi dərman vasitələrinin tapılmaması halları artıb. “Niyə bir vətəndaş bir qutudan artıq dərman gətirə bilməz?”
Deputat bunun həm pasiyentlər, həm də həkimlər üçün çətinliklər yaratdığını qeyd edib. “Problemin həlli üçün əvvalcə səbəbləri dəqiqləşdirmək lazımdır. Görünən 3 səbəb var. Bunlardan 2-si beynəlxalq, 1-i isə ölkədaxili səbəbdir. Hər kəs problemin ciddiliyini anlayır, amma həllini tapmır. Pandemiyanın dünya iqtisadiyyatı üçün yaratmış olduğu sıxıntılar bu gün də hiss olunur. Dünya iqtisadiyyatında istehsal azalıb, logistika xərcləri çox artıb. Beləliklə, dünyada qiymət artımı və əlçatanlıq çətinləşib. Digər səbəb isə Ukrayna-Rusiya müharibəsidir, bu, həmin ölkələrdən dərman idxalına mane olur. Bu gün dərman qiymətləri gün keçdikcə yüksəlməkdədir. Ölkəmizdə dərmanların keyfiyyətini və kəmiyyətini tənzimləyəcək qurumlar Tarif Şurası və Səhiyyə Nazirliyidir. Bu gün dünyada gedən reallığa cavab verən mexanizm ölkəmizdə yoxdur. Ölkədə həyata keçirilən səhiyyə islahatları dərmanlarla bağlı yeni mexanizm yaradılmasını zəruri edir"-deyə R.Mahmudov qeyd edib.
Deputat Razi Nurullayev isə bildirib ki, ölkədən xaricə səyahət edənlər geri dönəndə özləri ilə ehtiyacları olan dərman preparatları alıb gətirir: “Quru sərhədləri bağlıdır, yalnız hava yolu ilə mümkündür. Niyə bir vətəndaş bir qutudan artıq dərman gətirə bilməz? Vətəndaşın ömürlük, yaxud 3 aylıq, bir illik atacağı dərmanlar var. O vətəndaş digər ölkələrdən gələndə bir neçə aylıq dərmanını alır və düz də edir. Çünki vətəndaşın xaricdən alıb gətirdiyi dərman bizim apteklərdə bəzən 5-7 dəfə baha olur. İnsan bahalığa görə o dərmanları ala bilmir, bir neçə il ömrü qısalır. Bu, ürəkağrıdıcı mənzərədir. İki yol var. Ya biz dərmanların qiymətini elə tənzimləməliyik ki, fərq bir dəfə olsun, ya da insanların şəxsi istifadəsi üçün gətirdiyi dərmanların sərhədlərdə yoxlamaya məruz qalaraq müsadirə edilməsinin qarşısını alaq. İnsan xəstə olduğunu və o dərmanlara ehtiyacı olduğunu belə göstərən zaman güzəşt edilmir. Mən aidiyyəti qurumun əməkdaşlarını qınamıram. Onlar vəzifə borclarını yerinə yetirir. Bu məsələ hökumətlə ciddi müzakirə edilməli və həll yolu qısa zamanda tapılmalıdır”.
Əldə dərman gətirilməsinə məhdudiyyətlərin qoyulmasını narazılıqla qarşılayan hər iki deputat bu vacib məsələni parlamentdə ictimailəşdiriblər.
- “Dərman istehsalı, idxalı, satışı dövlətin balansına keçirilməlidir”
Altay Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dərman bazarındakı biabırçılıqlar çox uzun illərdir ki, mövcuddur: “Bu problem mətbuatda da, parlamentdə də qaldırılır, sərt tənqid edilir, amma bu sahədə heç bir dəyişiklik də olmur, məsələ tənzimlənmir. Bizim apteklərə dərmanlar istehsal edildiyi ölkədəki qiymətlərdən 5-10 dəfə baha qiymətə gəlir. Bu o deməkdir ki, çox güman dərman idxalçıları Səhiyyə Naizrliyinin razılığı ilə burada böyük bir biznes şəbəkəsi qurublar. Halbuki, tibbi xidmət biznes xarakterli olmamalıdır. Bu, xalqın sağlamlığı, sosial həyatı, milli genofondu, həyatı ilə bağlı bir məsələdir. Gətirib 10 qat baha qiymətə dərman satmaq çox mənfi haldır. İnsanların əldə dərman gətirməsinin qadağan edilməsi birbaşa dərman bazarındakı monopoliyaya xidmət edir. Bu bəzi şəxslərin, bəzi şirkətlərin, idxalçıların mənafeyinə xidmət edir. Halbuki, insanlar hazırkı əməkhaqqı, pensiya ilə həmin dərmanları bizim apteklərdən ala bilmirlər. Bu ağır bir sosial vəziyyətə gətirib çıxarır, insanların sağlamlığına ziyan vurur, orta ömür həddini azaldır. Xəstə insanlar dərman ala bilmir. Sosial şəbəkələrdə görürük ki, dərman pulu üçün necə kampaniyalar başlayırlar, küçələrdə insanlar əllərində resept gəzirlər. Dünyada belə hal yoxdur. Bu biabırçılığa son qoyulmalıdır. Belə bir siyasət aparılır ki, daha ucuz və daha effektli dərmanlar qəsdən bazara buraxılmır, insanları onların 10-20 dəfə baha analoqlarını almağa məcbur edirlər. Bununla yanaşı, həkimlərin dərman firmaları ilə işbirliyi nəticəsində, lazım oldu-olmadı, bahalı dərmanların kütləvi yazılması insanlara çox böyük problemlər yaradır”.
Bu məsələlərin tənzimlənməli olduğunu deyən E.Bayramlının sözlərinə görə, səhiyyə sistemi sosial, humanitar sahədir, iqtisadi biznes sahəsi deyil, şirkətlər bura insanların sağlamlığı üzərindən qazanc mənbəyi kimi baxmamalıdır. Bunun necə tənzimlənməsi işi ilə əlaqədar Milli Məclisdə qanuna əlavə və dəyişikliklər ediləməli olduğunu deyən E.Bayramlı hesab edir ki, dərman sektoru dövlət nəzarətində olmalıdır, firmalar buradan kənarlaşdırılmalıdır. Bu məsələni, dərman idxalını dövlət öz üzərinə götürməlidir, çünki keyfiyyətlə bağlı da problem var. Kiçik firmaların xarici ölkələrdən keyfiyyəti dəfələrlə zəif dərmanları alıb gətirib əhaliyə satdıqlarını deyən E.Bayramlı qeyd etdi ki, heç kəs də buna görə məsuliyyət daşımır, amma bu məsələ dövlət səviyyəsində tənzimlənsə daha yaxşı olar. “Dövlət dünya şirkətləri ilə müqavilıə bağlayıb o dərmanları ölkəyə idxal etsə münasib qiymətə sata bilər”-deyə E.Bayramlı qeyd etdi. Bizim özümüzdə dərman istehsalının yox vəziyyətdə olduğunu deyən E.Bayramlı qeyd etdi ki, biz idxaldan asılıyıq, bu da idxalçı şirkətlərin əlindədir. “Guya dərman tənzimlənməsi qaydaları var, amma biz yenə də dərmanların müxtəlif apteklərdə fərqli qiymətlərə satıldığını görürük. Dərman istehsalı, idxalı, satışı dövlətin balansına keçirilməlidir. Dövlət bu işlə məşğul olmalıdır”-deyə E.Bayramlı vurğuladı.
E.Bayramlı deyir ki, bunlar olmasa, bu sahədə daha ciddi problemlər baş verəcək və vəziyyət daha da acınacaqlı olacaq.
Leyla QARAXANLI