Aparılan hesablamalar göstərir ki, ötən il dünyada hərbi xərclər 0.7 faiz artaraq 2 trilyon 113 milyard dollara çatıb. Hərbiyə ən çox pul ayıran ölkələr isə ABŞ, Çin, Hindistan, Böyük Britaniya və Rusiya olub. Müvafiq qlobal xərclərin 62 faizi onların payına düşür.
Cari il ərzində bu göstəricinin daha da artması istisnalıq təşkil etmir. Səbəb Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra az qala dünya ölkələrinin hamısının hərbi xərclərin artırılması istiqamətində müvafiq addımlar atmasıdır. Belə cəziyyətdə hərbi məhsullar satan şirkətlərin gəlirlərində fantastik artım müşahidə edilir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) bu haqda maraqlı hesabat açıqlayıb.
Qurum bildirir ki, təkcə 2021-ci ildə dünyada 100 ən böyük silah və hərbi xidmət şirkətinin satışı 592 milyard dollara çatıb. Bu, 2020-ci illə müqayisədə 1.9 faiz artım deməkdir. Artıq yeddinci ildir dünyada silah satışı ardıcıl yüksəlir. SIPRI-da Hərbi xərclər və silah istehsalı proqramının direktoru Lusi Bero-Sudro qeyd edir: “Davamlı təchizat problemləri olmasaydı, 2021-ci ildə silah satışında daha böyük artım baş verərdi. Həm böyük, həm də kiçik şirkətlər il ərzində satışlarının təsirləndidirini deyiblər. “Airbus”, “General Dynamics” kimi şirkətlər işçi çatışmazlığı ilə üzləşib”. Ukraynaya qarşı müharibə ilə əlaqədar Rusiya şirkətlərinin istehsalı artırması xəbərləri gəlsə də, onların yarımkeçiriciləri çətinliklə əldə etdiyi bildirilir. Həm də bu şirkətlər müharibəyə görə sanksiyalar altındadır. Məsələn, data çəlumatlar çatışmazlığına görə ilk 100-lüyə daxil olmayan “Almaz-Antey” şirkəti silah ixracının bir hissəsi üçün ödənişləri ala bilmədiyini bildirib. ABŞ Milli Kəşfiyyatının direktoru Avril Heynsin Kaliforniyada keçirilən illik Milli Müdafiə Forumunda çıxışı zamanı qeyd edib ki, Rusiya Ukraynaya zərbə endirmək üçün istifadə olunan dəqiq idarə olunan raketlərin hazırlanmasında çətinlik çəkə bilər.Onun sözlərinə görə, Rusiya istehsal etdiyi raketlərdən daha çox istifadə edir: “Hazırda konkret rəqəmlər deyə bilmərəm, lakin dəqiq idarə olunan sursatların istehlakı olduqca tez baş verir. Əldə etdiyimiz məlumata görə, onların ölkə ərazisində silah istehsal etmək imkanları yoxdur. Odur ki, Rusiya dəqiq raketlərin yaradılmasında problemlərlə üzləşəcək”. Silah satışı iləbağlı siyahıdakı 40 ABŞ şirkətinin 2021-ci ildə ümumi satışı 299 milyard dollar olub. Şimali Amerika 2020-ci illə müqayisədə silah satışında azalma baş verən yeganə regiondur. 0.8 faizlik azalma ötən il ABŞ iqtisadiyyatında yüksək inflyasiya ilə izah olunur. Amma 2018-ci ildən bəri 100-lükdəki ilk 5 şirkət ABŞ-a məxsusdur.
İlk 100-lüyün 27 şirkətinin qərargahı Avropada yerləşir. Onların cəmi silah satışı 2020-ci illə müqayisədə 4.2 faiz artaraq 123 milyard dollara çatıb. Hərbi aerokosmik sahə üzrə ixtisaslaşmış Avropa şirkətlərinin çoxu 2021-ci ildə təchizat zəncirində pozuntulardan dolayı itkilərlə üzləşdiklərini deyiblər. Ötən il Asiya və Okeaniyadan 21 şirkətin ümumi satışı 136 milyard dollar olub. Bu, 2020-ci ildəkindən 5.8 faiz çoxdur. Siyahıdakı səkkiz Çin şirkətinin ümumi satışı 6.3 faiz artaraq, 109 milyard dollar təşkil edib. İlk yüzlükdə Rusiyanın altı şirkəti var, onlar 2020-ci ildəkindən cəmi 0.4 faiz çox, 17.8 milyard dollarlıq silah sata biliblər. Ümumilikdə ötən il Rusiyanın silah sənayesində durğunluq əlamətləri müşahidə olunub. Ötən il Türkiyə, Ukrayna, Hindistan şirkətlərinin satış gəlirləri ümumi satışın 1 faizindən də azını təşkil edir. İlk yüzlükdə Yaxın Şərqdən beş şirkət var və onların ötən il silah satışından ümumi gəliri 15 milyard dollar olub. Bu şirkətlər əsasən yüksək ixtisaslaşmış hərbi məhsullar buraxırlar. Onların gəlirinin 92 faizi hərbi sektordan qaynaqlanır. İlk 100-lükdə təmsil olunan Cənubi Koreya şirkətlərinin ümumi satışları 2020-ci illə müqayisədə 3,6 faiz artaraq 7,2 milyard dollar təşkil edib. Bu, əsasən “Hanwha Aerospace”dən silahların tədarükü ilə bağlı olub. O, həcmini 7,6 faiz artıraraq 2,6 milyard dollara çatdırıb. Ukraynadakı münaqişə fonunda Polşa ilə böyük sövdələşmə bağlayan bu şirkətin növbəti illərdə satışlarının daha da artacağı gözlənilir. Siyahıda 38-ci yerdə olan “Israel Aerospace Industries”in satışı isə 1.9 faiz artıb. Siyahıdakı üç İsrail şirkətinin cəmi gəliri 11.6 milyard dollar olub ki, bu da 2020-ci ildəkindən 3.0 faiz çoxdur. Elə Azərbaycanın da silahı əsasən İsraildən aldığı bildirilir. Türkiyənin “Turkish Aerospace” siyahıda 84-cüdür, silah satışında 62 faizlik artım qeydə alınıb. “Turkish Aerospace” və ASELSAN (56-cı yerdədir) şirkətlərinin cəmi gəliri 3.4 milyard dollar təşkil edib. Qeyd edək ki, Azərbaycan İsraildən başqa, Türkiyə şirkətlərinin də hərbi məhsullarının əsas alıcıalrından biridir. Həm İsrail, həm də Türkiyə silahları ümumiyyətlə, dünyada getdikcə daha çox tələb olunur. Lakin heç də hər ölkə bunu əldə edə bilmir. Azərbaycan üçün isə qeyd edilən istiqamətdə heç bir problem yoxdur.
Silahla bağlı qlobal miqyasda diqqət edilən daha bir məqam nüvə arsenalı ilə bağlıdır. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu bildirir ki, dünyada nüvə silahı olan doqquz ölkə, o cümlədən Birləşmiş Ştatlar və Rusiya növbəti on il ərzində döyüş başlıqları arsenalını böyüdəcək və müasirləşdirəcək, bu isə narahatedici tendensiyadır. Qurum bildirir ki, ötən il döyüş başlıqlarının sayında cüzi azalmaya baxmayaraq, növbəti 10 il ərzində arsenalların böyüyəcəyi gözlənir: “Doqquz nüvə ölkəsi – Birləşmiş Ştatlar, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreya nüvə arsenallarını modernləşdirməyə davam edirlər. 2021-ci ilin yanvarından 2022-ci ilin yanvarınadək nüvə silahlarının ümumi sayında cüzi azalmaya baxmayaraq, bu sayın növbəti onillikdə artacağı gözlənir”. SIPRI-nın hesablamasına görə, 2022-ci ilin əvvəlində nüvə ölkələrinin cəmi 12 min 705 döyüş başlığı olub. Onun 9 min 440-ü isə potensial istifadə üçün hazır vəziyyətdədir. 3 min 732 döyüş başlığı raketlərə və təyyarələrə yerləşdirilib, 2 minə yaxını yüksək əməliyyat hazırlığı vəziyyətinə gətirilib. Bunların demək olar, hamısı Rusiyaya, yaxud ABŞ-a aiddir. ABŞ və Rusiyaya məxsus döyüş başlığı inventarları 2021-ci ildə azalmağa davam edib. Ancaq SIPRI qeyd edir ki, bu daha çox hərbi xidmətdən çıxarılan döyüş başlıqlarının sökülməsi ilə əlaqədardır. Bu iki ölkə qlobal nüvə silahlarının 90 faizinin sahibidir.
Tahir TAĞIYEV