Avropa... Bankının Azərbaycanla bağlı müqayisələrinə inanmaq olarmı - erməni və gürcülərdən bu qədər aşağı?..

2 Dekabr 2022 16:50 (UTC+04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) "Transition Report 2022-2023" adlı hesabatını yayımlayıb. Hesabatda Azərbaycan iqtisadiyyatı ilə bağlı göstəricilərə də yer verilib. Qurum analitiklərinin fikrincə, gələn il Azərbaycan iqtisadiyyatı şaxələndirilməsə, onun sarsıntılara dayanması imkansız olacaq.

Burada diqqəti çəkən məqam odur ki, Azərbaycan üç Cənubi Qafqaz ölkəsi arasında sonuncu yerdədir. AYİB-nin Azərbaycan iqtisadiyyatının böyüməsi ilə bağlı bu ilə gözləntisi 4.5 faizdir. Qurum gələn il Azərbaycan iqtisadiyyatının daha az – 2.5 faiz böyüyəcəyini proqnozlaşdırır. Rəqabət göstəricisi ilə bağlı regionda ən yüksək göstəricini Ermənistan qazanıb – 4.81 bal. Eyni göstərici Gürcüstanda 4.71 bal, Azərbaycanda isə cəmi 4.29 bal olub. Yaxşı idarəçilik istiqaməti üzrə də Azərbaycanın topladığı bal qonşuları ilə müqayisədə daha aşağıdır. Bu istiqamətdə Ermənistan 6.35; Gürcüstan 6.29; Azərbaycan 5.66 balla qiymətləndirilib. Yaşıl iqtisadiyyatla bağlı qiymətləndirməyə gəlincə, Ermənistanda uyğun göstərici 5.70 bal, Gürcüstanda 5.33 bal olduğu halda, Azərbaycanda 5.08 bal olub. İnklüzivlik baxımından da Azərbaycan digər iki qonşusundan geri qalıb.

Maraqlıdır, niyə bir sıra göstəricilərə görə qonşu ölkələrdən geriyik?

Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov bununla bağlı bir sıra məqamlara toxundu: “Bir sıra beynəlxalq qurumların metodologiyası fərqlidir. Azərbaycan inklüziv inkişaf üzrə inkişaf etməkdə olan ölkələr arasında Dünya İqtisadi Forumunun qiymətləndirməsinə görə ən yüksək göstəriciyə malik 3 ölkədən biridir. Ona görə də AYİB-nin qiymətləndirməsi fərqli metodologiyaya əsaslanır. Bu isə o deməkdir ki, qiymətləndirmə heç də reallığı əks etdirmir. Nəzərə almaq lazımdır ki, inklüzivlik Azərbaycan üçün vacib şərtlərdən biridir. Azərbaycan praktiki olaraq inklüziv inkişafı dəstəkləyən ölkələrdəndir. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, Rəqabət Məcəlləsinin hazırlanması artıq başa çatmaq üzrədir. Məcəllə Nazirlər Kabinetindədir və yaxın vaxtlarda Milli Məclisdə təsdiq olunacağı gözlənilir. O baxımdan bütövlükdə son 5 ildə Azərbaycan iqtisadiyyatında islahatların daha da dərinləşməsini və rəqabətin güclənməsini müşahidə edirik. Təbii ki, bir sıra beynəlxalq hesabatlarda olan göstəricilər və qiymətləndirmə fərqli metodologiyaya əsaslanır. O baxımdan, bütün hallarda hesabatlarda olan məqamları da nəzərə almaqla növbəti mərhələdə ölkəmizdə islahatlar daha da dərinləşəcək. Bu zaman Azərbaycanla bağlı hesabatlarda göstəricilər fərqli olacaq. Yəni müəyyən mənada reallığı əks etdirəcək”.

Bu baxımdan millət vəkili hesab edir ki, narahatlığa elə bir əsas yoxdur.

Vidadi ORDAHALLI