İşğaldan azad edilmiş ərazilər mükəmməl yaşayış məntəqələrinə çevrilir

1 Dekabr 2022 19:20 (UTC+04:00)

İşğaldan azad edilmiş Azərbaycan ərazilərində həyata keçirilən abadlıq-quruculuq işlərinin sürəti bu gün dünya miqyasında olduqca uğurlu nümunələrdən biri kimi qəbul edilməkdədir.

Sözegedən proses nəticə etibarı ilə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesini də əhəmiyyətli dərəcədə sürətləndirəcək. Özü də Azərbaycan bu kateqoriyadan olan şəxslər üçün azad edilmiş ərazilərdə ən modern tələblər səviyyəsində yaşamaq üçün müvafiq imkanlar yaradır. Bu da keçmiş məcburi köçkünlərin qayıdış prosesinə əlavə təkan verir.

Qeyd edək ki, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı  Prezident İlham Əliyev də Zəngilanın Ağalı kəndi timsalında keçmiş məcburi köçkünlər üçün yaradılan yüksək şəraitə və onların qayıdışı məsələsinə toxunub: “Əlbəttə ki, Zəngilanın Ağalı kəndi Azərbaycan xalqının iradəsinin göstəricisidir. Bir çoxları düşünürdü ki, heç kim geri qayıtmayacaq... Bakı və ya Sumqayıtda böyümüş gənc nəslin nümayəndələri öz torpaqlarında yaşamaq üçün paytaxt şəhərdən kəndə köçüblər. Bu, onu göstərir ki, Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz. Əminəm ki, keçmiş məcburi köçkünlərin mütləq əksəriyyəti geri qayıdacaq və proses başlayıb”. Məhz bu proses üçün işğaldan azad edilmiş ərazilərdə Azərbaycan genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlayıb. Bu fonda 30 il əvvəl öz evlərini tərk etmiş keçmiş məcburi köçkünlər  layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar.

Azad olunmuş bütün yaşayış məntəqələri üçün bərpa və yenidənqurma layihələri işlənir, şəhərlər üçün baş planlar hazırlanıb. Abadlıq-quruculuq işlərində dövlətlə yanaşı, özəl sektor təmsilçiləri, xarici investorlar da iştirak edir. İlk növbədə, Qarabağın azad olunması uğrunda 30 il ərzində aparılmış mübarizədə Azərbaycanın haqq işini dəstəkləmiş bütün ölkələrin şirkətləri ərazilərin bərpa layihələrinin icrasında üstünlük hüququna malikdirlər. Türkiyə, Pakistan və İtaliya şirkətlərinin artıq bir sıra layihələr üzrə fəaliyyətə başlaması qeyd edilənlərin real təsdiqidir.  Bu fonda bir mühüm məqamı da qeyd edək ki, noyabrın 16-da dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Həmin proqrama nəzər salanda bəlli olur ki, onun icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət‒özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflər ön planda yer alır. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə edilməsi də xüsusi diqqət mərkəzindədir. Eləcə də azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəmə malikdir. Bu yerlərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işləri, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturunun formalaşdırılması hökumətin qeyd edilən səpkidə uğurlu fəaliyyətinin nəticəsidir. Ümumiyyətlə, proqrmın özündə qeyd edildiyi kimi işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, prioritet istiqamətlər, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər geniş şəkidə öz əksini tapıb. Proqramda nəzərdə tutulan tədbirlər hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcək. Qeyd edilən müddətə kimi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur, iqtisadiyyat yenidən qurulacaq, sosial inkişaf, ətraf mühitin tarazlı inkişafı təmin ediləcək. Ərazilər minalardan və partlamamış hərbi sursatdan təmizlənəcək, bu yerlərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi reallaşacaq. Həmçinin yaşayış üçün rahat şərait yaradılması məqsədilə nəqliyyat-yol, rabitə, su, qaz, elektrik, istilik təmin olunacaq, o cümlədən həssas əhali qruplarının sosial müdafiəsi gücləndiriləcək. “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyaları öz həllini tapmaqla, ölkədə mənzil fondunun həcmi artırılacaq. Beləliklə, Qarabağ və Şərqi Zəngəzur 2026-cı ilə kimi təkcə Azərbaycan yox, bütün dünya miqyasında  yaşayış üçün ən cəlbedici məkanlardan birinə  çevriləcək.

Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı, onlar üçün yüksək şəraitin yaradılması Qarabağda qalan erməni əsilli Azərbaycan vətəndaşlarının seçimi üçün də böyük önəm kəsb edir. əslində, Qarabağda yaşayan ermənilər Azərbaycan dövləti tərəfindən onlara hansısa ayrıca status verilməyəcəyini artıq yaxşı başa düşürlər. Ölkəmiz ən yüksək səviyyədə bəyan edib ki, Qarabağda yaşayan ermənilərə hansısa bir statusun verilməsindən, ümumiyyətlə, söhbət gedə bilməz. Elə bu fonda Qarabağda yaşayan ermənilərlə də Azərbaycan vətəndaşları kimi münasibət sərgilənəcək. Yəni onlar Azərbaycan vətəndaşlarının  malik olduğu bütün hüquqlara malik olacaqlar. 

Azərbaycanın tolerant, multikultural ölkə olması Qarabağda qalan erməni əsilli Azərbaycan vətəndaşları tərəfindən də yaxşı sezilir. Digər tərfdən yalnız Azərbaycan onlar üçün layiqli həyat tərzini təmin etmək iqtidarındadır. Bu mənada onların bir çoxunun Azərbaycan vətəndaşlığını seçib bölgədə yaşamlarına davam etməsi gözlənilir. Məhz bu da o deməkdir ki, həmin ermənilər geri qayıdacaq Azərbaycanın keçmiş məcburi köçkünləri ilə birgə yaşama da indidən hazır olmalıdırlar. Mövcud  bütün şərtlər Qarabağda qalan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya dövrünün yetişdiyini göstərir. İnteqrasiyanın hansı formulla baş tutacağına isə prezident İlham Əliyev belə aydınlıq gətirib: “Biz Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır. Düşünürəm ki, bu, hələ Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan əsas əhali ilə tam anlayışa gətirib çıxaracaq. Çünki Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur. Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər”. Beləliklə, Azərbaycanın mövqeyi qətidir və seçim ermənilərindir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.