Münaqişəli ailələrin sayında artım var - DİN Azərbaycan sosioloq alimlərinə əla tədqiqat mövzusu verdi...

29 Noyabr 2022 16:26 (UTC+04:00)

Bu ilin 9 ayında Azərbaycanda 3 945 ailə münaqişəli ailə kimi qeydiyyata götürülüb. Bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev "Gender əsaslı Zorakılıqla Mübarizə üzrə 16 Günlük Fəallıq Kampaniyası Media müstəvisində” adı altında keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu il qeydə alınan cinayətlərin 6,9 faizini, yəni 1 789 faktı qadınlara qarşı zorakılıq hadisələri təşkil edib: "Bu istiqamətdə cinayətlərin qarşısının alınması istiqamətində adekvat tədbirlər davam etdirilir".

Araşdırmalara görə, Azərbaycanda son illər münaqişəli ailələrin sayı artıb. Belə ki,  2015-ci ildə Azərbaycanda 3 705 münaqişəli ailə qeydiyyata götürülüb. Eyni ildə qadınlara qarşı 2 114 cinayət faktı törədilib. 2016-cı il ərzində isə bu rəqəm daha da yüksəlib. Həmin ildə respublika üzrə 4114 münaqişəli ailə qeydiyyata götürülüb. Ümumiyyətlə, ailə münaqişələri cəmiyyətin ən aktual problemlərindən biri hesab edilir. Lakin hər ailədə olan problemdən dolayı onu münaqişəli ailə kateqoriyasına daxil etmirlər. Qeyd edək ki, münaqişəli ailələr boşanmış, zorakılıq faktları qeydə alınan, problemli ailələr hesab edilir.

Psixoloq Könül İsmayılova qeyd etdi ki, münaqişəli ailələr boşanmış, zorakılıq faktları qeydə alınan, problemli ailələr hesab edilir: “Ailə münaqişələrinə daha çox səbrsizlik səbəb olur. Yəni istər kişi, istərsə də qadın yola verməyi bacarmır. Sosial və maddi gərginlik insanları səbrsiz edir. Bu səbəbdən ailədə daha çox münaqişə baş verir. Qarşılıqlı münasibət yalnız iki tərəfin bir-birinə qarşı sevgisi olduğu zaman mümkün olur. Kənar müdaxilələr bu münaqişələrə bilavasitə yol açır. Buna görə də, ailə quracağın insana yaxşı bələd olmalısan. Əsasən dünyagörüşünə fikir vermək lazımdır. Çünki dünyagörüşünün fərqli olması ailədaxili münaqişələr zamanı ortaya çıxan əsas maneələrdən biridir. Ailə münaqişələrinin daha çox paytaxtda baş verməsi isə sosiallaşma ilə bağlıdır. Şəhərdə cəmiyyət insanları çox da sıxışdırmır. Rayonda isə vəziyyət fərqlidir. Ətraf qınağı, “insanlar nə deyər” tipli suallar bəzən ailələrin dağılmasının qarşısını alır. Vəziyyət boşanma həddinə çatıbsa, demək, artıq qadın dözmür”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, texnoloji asılılıq və ya ondan düzgün istifadə etməmə sonda ailələrdə problemlərin yaranmasına gətirib çıxarır. Həmçinin, yanlış və yersiz valideyn müdaxiləsi də xoşbəxt bir ailəni elə beşiyindəcə boğur: “Övladlarına sahiblənən valideynlər var ki, onlar cütlüyün arasında yaşanan konfliktə qarışdıqda bu, münaqişənin daha da dərinləşməsi və böyüməsinə səbəb olur. Ölkəmizdə boşanmalara səbəb olan əsas amillərdən biri ailədaxili problemlərə üçüncü, dördüncü şəxsin müdaxilə etməsidir. Bunların qarşısının alınması üçün cütlüklər evlənməzdən öncə hazırlıq keçməlidir. Onlar valideynləri ilə bağlı məsələləri öz şəxsi münasibətlərinə daşımasalar, bu cür problemlərin öhdəsindən gəlmək daha asan olar".

Psixoloqun sözlərinə görə, ailələrdə münaqişələrin yaranmasının müxtəlif səbəbləri olur: “Ailələrə kənar müdaxilələrin edilməsi, ailə üzvlərinin bir-birini başa düşməməsi, kişinin başqa qadınla, qadının başqa kişi ilə münasibətdə olması, əmlak mübahisələri, uşaqların xarici ölkələrə icazəsiz aparılması və s. səbəblər sonda ailələrdə münaqişələrin yaranmasına gətirib çıxarır. Bununla bağlı da həmin ailələr DİN tərəfindən münaqişəli ailələr kimi qeydiyyata götürülür və onlarla profilaktik iş aparılır”.

Günel CƏLİLOVA