Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli razılaşmalarının kompleks icrası nə deməkdir... Putinin zəngində maraqlı detal...

28 Noyabr 2022 19:57 (UTC+04:00)

Noyabrın 26-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların kompleks şəkildə həyata keçirilməsi üzrə qarşıdakı addımlar müzakirə edilib, regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının praktiki məsələləri vurğulanıb.

Hansı praktik məsələlərdən söhbət gedə bilər?

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, noyabrın 26 - da Rusiya Prezidenti Putinin Azərbaycan Prezidentinə etdiyi zəng son həftə ərzində ikinci zəngdir: “Bundan əvvəl İrəvana, KTMT sammitinə yola düşərkən Rusiya Prezidenti Azərbaycanın dövlət başçısına zəng etmişdi və müəyyən məsələlər barədə onu məlumatlandırmışdı. Həmin zəng zamanı da üçtərəfli razılaşmaların icrası da müzakirə olunmuşdu. Burada söhbət nədən gedir? Birinci növbədə Zəngəzur dəhlizinin açılması məsələsi. Məlumdur ki, Ermənistan dəmir yolları 30 il müddətinə Rusiyaya icarəyə verilib. Bu gün dəmiryol xəttinin işə salınması Rusiyanın üzərinə düşür. Rusiya da Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu dəfələrlə göstərib. İkincisi, avtomobil yolu işə salınmalıdır ki, bu nisbətən daha rahat olmalıdır. Burada təhlükəsizlik məsələləri də var. Bundan əvvəl Rusiya höküməti Ermənistan hökümətinə müraciət edərək, həmin 46 km-lik məsafəni dəmir çərçivələrlə bağlamağı tələb etmişdi. Zəngəzur dəhlizi kənardan müdaxilənin olmaması üçün bağlansın və Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərinə təhvil verilsin. İkinci məsələ isə delimitasiya  və demarkasiya məsələləridir. Bu sahədə də Ermənistanın təqsiri ucbatından elə bir ciddi addım atılmayıb. Halbuki, bunu sürətlə icra etmək mümkündür və Paşinyan özü də demişdi ki, biz ilin sonuna qədər bu işi görə bilərik. Ən azından delimitasiya işi görülə bilər. Demarkasiya, məlumdur ki, bir az vaxt aparan  məsələdir. İmkan vermək olmaz ki, Ermənistan bundan sonra da bu prosesi ləngitsin. Nəhayət, gələk sülh sazişi məsələsinə. Məlumdur ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi İqor Xovayev bugünlərdə Bakıya gəlmişdi və Azərbaycan Prezidenti onunla görüsdü. Sonradan məlum oldu ki, təklif Azərbaycanın qəbul edəcəyi təklif deyil. Bu dəfə dövlət başçımızın İqor Xovayevi qəbul etməsi müəyyən ümidlər yaradıb ki, bəlkə Rusiya nəyisə anlayıb. Sülh sazişində Azərbaycanı qane etməyən məsələləri oradan çıxartmaq qərarına gəlib. Hələ ümid edirik ki, Rusiya son hadisələrdən, Valday Formundan sonrakı dövrdə baş verən həm Soçi görüşündən, həm KTM - nin İrəvan sammitindən lazımi nəticələri çıxaracaq, nüfuzunun hansı vəziyyətdə olduğunu, reallıq hissini itirəndə hansı vəziyyətə düşdüyünü anlayacaq. Putinin bunu anlaması üçün kifayət qədər əsas verildi. Bundan sonra Ermənistana təzyiqlər artırılacaq. Azərbaycan Prezidenti Makronu Avropa ittifaqanın təşəbbüsü ilə keçirilən görüşlərə yaxın buraxmamaqla nə qədər qətiyyətli, prinsipial olduğunu göstərdi. Rusiya da anlamalıdır ki, Azərbaycanı hər hansı güzəştə məcbur etmək qeyri-mümkündür və bu yoldan nə qədər tez çəkilsə, o qədər işlər sürətlə gedə bilər”.

Məhəmmədəli QƏRİBLİ