KTMT-nin baş katibi Stanislav Zas deyib ki, KTMT Ermənistana yardım üçün tam tədbirlər kompleksini, o cümlədən vəziyyəti qiymətləndirmək üçün Azərbaycanla sərhədə missiya göndərməyi təklif edib:
"Vəziyyət sadə deyil, Ermənistan-Azərbaycan sərhədində, demək olar ki, hər gün atışmalar baş verir. Ümumiyyətlə, KTMT-nin Ermənistana yardım təklifi kompleksi fərqlidir: siyasi-diplomatik, hərbi, sərhədə missiyanın göndərilməsi... Bunlar vəziyyəti real olaraq dəyərləndirməyə imkan verəcək”.
Bu mövqe KTMT -nin Errmənistandakı sammitdən sonra ritorikanın, bir az da olsa, İrəvana tərəf dəyişdiyini ifadə edirmi?
Hərbi-siyasi ekspert Emin Həsənli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan açıq riyakarlıq edir: “ Onlar hər zaman riyakar siyasət yeridiblər. İndi də bunu davam eletdirirlər. Həm Avropa birliyini şantaj edirlər, həm də Rusiyanın timsalında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını. Maksimum dərəcədə çalışırlar ki, hay-küy salıb bu prosesdən öz lehlərinə istifadə edə bilsinlər. İlin sonuna kimi öhdəlik götürüblər ki, sülh müqaviləsi imzalanmalıdır. Bunun imzalanmaması üçün Ermənistan sərhəddə təxribatlar törətməkdən tutmuş, siyasi diplomatik cəbhədə bütün riyakarlıqları törətdir. Ermənistanın baş nazirinin gün ərzində, müxtəlif saatlarda verdiyi açıqlamalar bir-birilə ziddiyət təşkil edir. Xarici İşlər Nazirliyi, digər səlahiyyət sahibləri, danışıqlar prosesində iştirak edənlər olsun, hamısı müxtəlif fikirlər irəli sürürlər. Ermənistan nə istəyir? Kollektiv Müqavilə Təşkilatı bilmir ki, ən ağır müharibəni törədən Ermənistandır? Beynəlxalq hüquqda ən ağır cinayətlər, soyqırım, işğal, separatizm, terrror hadisələri törədir. Kollektiv Müqavilə Təşkilatı sözdə olsa da, beynəlxalq hüquq normalarını qorumaq üçün, sülhü və təhlükəsizliyi təmin etmək üçün fəaliyyət göstərir. Başda BMT, NATO olmaqla Avropa Birliyi, Avropa Şurası bəyan edir ki, onların əsas vəzifəsi dünyada və regionda sülhü, təhlükəsizliyi qorumaqdır.
Ermənistan isə dünyada təhlükəsizliyə təhdid olan dövlətlərdən biridir. Terroru dövlət səviyyəsində dəstəkləyən ölkədir. Ermənistan soyqırım törədib.
Ermənistan ən çox vətəndaşların hüquqları pozulan yerdi. İndi də belə fikirlər irəli sürür ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gedəcək. Hətta Ermənistanda süni mitinqlər təşkil edilir ki, Rusiya ordusu Ermənistandan çıxsın, Qərbə yaxınlaşsın. Ermənistan Qərbin qarşısında öhdəlik götürür. Onun özünün müstəqil siyasəti yoxdur. O, Fransadan, Amerikadan, İrandan və Rusiyadan asılıdır. Bu dövlətlərin də maraqları kəsişdiyi yer olduğu kimi, maraqların tərs gəldiyi yerlər də var. Ona görə də, Ermənistanın bütün manevr imkanları daralıb. Həm öz xalqının qarşısında daralıb, həm Azərbaycanla bağlı götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Azərbaycan diplomatiya məkanında hücum mövqeyindədir və haqlı tələblər edir Avropa Birliyindən, Amerikadan, Rusiyadan. Onlar da bu danışıqlarda öhdəlik götürüblər və dolayı yolla bunlar hamısı Ermənistana bu və ya digər yolla təsir edir. İkincisi, vaxt nə Rusiyanın, nə də Ermənistanın xeyrinə işləyir. Ona görə də, bütün bu proseslər onu deməyə əsas verir ki, Ermənistanda yaxın zamanlarda siyasi, hərbi böhran dərinləşəcək. Hakimiyyət böhranı ardınca da dövlət böhranına keçəcək.
Məhəmmədəli QƏRİBLİ