Əminliklə demək olar ki, Paşinyanın 7 dekabr Brüssel görüşündə Makronun da şəxsi iştirakı barədə şərt qoyması ilə həm görüşün özü sıradan çıxdı, həm də ilin sonunadək sülh sazişinin imzalanması perspektivi qapandı.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Paşinyan Makronun iştirakı barədə pozucu şərtini niyə irəli sürdü? Axı buna qədər Azərbaycandan kimsə "Makron Brüsselə gəlsə, biz gəlməyəcəyik" ruhunda hər hansı bəyanat səsləndirməmişdi. Demək, Paşinyan bilirdi ki, Makronla bağlı şərt qoyan kimi Azərbaycan Prezidenti tam əsaslı olaraq Brüsseldə növbəti dördtərəfli formatdan dönüş edəcək.
Ancaq şübhəli görünən başqa məqam isə Putinlə Paşinyanın öncədən Makronun görüşdə iştirakı barədə razılığa gəlib gəlməmələridir. Məsələ burasındadır ki, Brüssel görüşünün pozulması ilə ilin sonunadək sülh sazişinin imzalanması perspektivi də pozulur ki, bu da həm Paşinyanın, həm də Rusiyanın maraqlarına cavab verir. Putin istəmir ki, ilin sonunadək sülh sazişinin imzalanması kimi Praqa layihəsi baş tutsun, digər tərəfdən, Putin hələ sülhməramlıların Azərbaycanda qalış müddəti və statusunun rəsmiləşmədiyi dövrdə sazişin imzalanmasında da qəti maraqlı ola bilməz. Sülh sazişinin ilin sonunadək imzalanması Paşinyana da gərək deyil. Demək, həm Paşinyanın, həm də Putinin marağında olan elə bir addım atılmalı idi ki, saziş perspektivi qeyri-müəyyən müddətə təxirə düşsün...
Belə bir məqamda Makron "hər ikisinin köməyinə yetdi". Paşinyan şərt qoydu ki, "mən Makronsuz Brüsselə getməyəcəm. Azərbaycan Prezidentinin isə tərəfsizlik sifəti olmayan Makronla bir masada əyləşməsi heç düzgün olmazdı.
İndi ən böyük müəmma Yerevanda Paşinyanla Putinin 7 dekabr Brüssel görüşü ilə bağlı "him-cim" oynayıb oynamamalarıdır.
Şübhələri artıran həm də odur ki, Putinin İlham Əliyevə son telefon zəngində "üçtərəfli razılaşmaların kompleks həlli üçün qarşıdakı tədbirlər" deyilən maraqlı eyham vurulub. Kompleks həll nə deməkdir? Yəqin ki, delimitasiya, iqtisadi əlaqələr və kommunikasiyalar, Naxçıvanla kommunikasiya, Qarabağda qanunsuz hərbçilər və sair kimi üçtərəfli sənədlərdə razılaşdırılmış məsələlər nəzərdə tutulur.
Bəs sülhməramlıların qəti statusu və Azərbaycanda qalma müddəti? Bunları da "kompleks həllin" içinə alsaq, yekun nəticə alınır ki, sülh sazişi qeyri-müəyyən müddətə "getdi"... Çünki bu qədər böyük işlər bir aya görülə bilməz.
İşin kökündə isə Paşinyanla Putinin "Makron kartı" üstündə sövdələşməsi dayanır...”
Tahir TAĞIYEV