Bu muzeyə Azərbaycan ev sahibliyi edir. Qərar tutduğu yer dağlar diyarı Lerik rayonudur. Çünki Azərbaycanın, eləcə də dünyanın ən çox yaşayan insanları buradandır. Lerikli Şirəli baba isə 168 il ömür sürməklə birincidir.
Muzey 1991-ci ildən fəaliyyət göstərir. 2010-cu ildə ölkə başçısı İlham Əliyevin iştirakı ilə muzeyin hazırda fəaliyyət göstərdiyi binanın açılışı olub, burada 2 ekspozisiya salonu və 1200-dən çox eksponat var. Üç əsr yaşı olan ütülər, hicab və paltarla dolu sandıqlar, gümüş qablar və kasalar, incəliklə toxunmuş corablar, hələ də öz parlaqlığını itirməyən əl əməyi hesabına başa gələn xalçalar bu eksponatlar arasında yer tutur. Uzunömürlülərin şəxsi əşyaları, eləcə də fotoları ilk baxışdan diqqət çəkir. Muzeydə 168 il ömür sürmüş Şirəli Müslümov (1805-1973), 150 yaş yaşamış Mahmud Eyvazov (1809-1959), 145 ilin şahidi Məcid Ağayev (1835-1978), 134 il ömür sürmüş Qızıl Quliyeva, 113 yaşı başa vurmuş Məhbubə Fətullayeva və digər uzunömürlülər haqqında stendlər yaradılıb. Dədə-babalara məxsus etnoqrafik materialları - geyimləri, onlara yazılan məktublar, uzunömürlülük haqqında qəzet və jurnal materialları muzeydə qorunur. Şəkillər muzeyə fransalı fotoqraf Frederik Laşop tərəfindən hədiyyə edilib.
Şirəli babanın səhifələri saralmış vəsiqəsindən açıq-aşkar görmək olar ki, o 1805-ci ildə anadan olmuş, 1973-cü ildə isə dünyasını dəyişmişdir. Yer kürəsinin ən uzunömürlü sakini sayılır. Ona ad günündə göndərilmiş saysız-hesabsız məktublar arasında ən yadda qalanı Vyetnamın kommunist lideri Ho Çi Min tərəfindən göndərilib. Məktubun üzərində "əziz babam" sözləri yazılıb.
Alimlər zaman-zaman uzunömürlülüyün sirri üzərində baş sındırıb. Lerikin uzunömürlüləri ilə söhbət zamanı bir daha qənaətə gəlinib ki, burada əsas şərt genetik kodlarla əlaqəlidir. Yəni alimlər 100 il, eləcə də bundan artıq yaşayan insanların genlərinin qocalmadan güclü müdafiə sisteminə malik olduğunun görüblər. Mühit və məkanın da buna müəyyən təsiri olur. Bunlardan başqa fiziki hərəkətdə olmaq, təmiz keyfiyyətli qida məhsulları qəbul etmək, minerallarla zəngin buz kimi soyuq bulaq suyunu içmək, saf dağ havası da ömrü uzadır.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü