İstedadlı sənətçinin unudulmuş yubileyi... Eldarqızı - 50

23 Sentyabr 2022 18:23 (UTC+04:00)

Şair deyir ki, əllinin əlli cür əlifbası var. Amma bu əlifbanı hərf-hərf öyrənmək də hər adama qismət olmur. Əllini hərf-hərf öyrənən və zəhmətlə, əməklə, qan-tər içində əlliyə sarı qanadlanan Zülfiyyə Eldarqızı alimdir, bədii qiraətçidir, aktrisadır, dostdur, anadır, həyat yoldaşıdır, onu tanıyanların hər birinin içini isindirən, gözlərinə işıq gətirən insandır.

Zülfiyyə Eldarqızını çoxdan tanıyıram. “Bakı-Xəbər”in bir üzvü kimidir. İllərdir ki, bizim münasibətlər heç dəyişmir, təzə-tər qalıb...Zülfiyyə xanımı tanıdıqdan, onunla bir-iki kəlmə kəsdikdən sonra əbədi olaraq dost olmaya bilmirsən. Ürəyi bulaq suyu kimi çox təmizdir, bu təmizliyinə görə də bəzən onun etibarından sui-istifadə etməyə qalxanlar tapılır.

Zülfiyyə xanımın 50 illik yubileyi haqda çoxdan yazmaq istəyirdim, amma səhhətimlə əlaqədar yaza bilmədim. Bu yazını isə Zülfiyyə Eldarqızının 50 illik yubileyinə gecikmiş yazı kimi qəbul edirəm.

Z.Eldarqızının 50 illik ömrünün kədərli günləri də, sevincli günləri də olub. İçində çox böyük bir nisgil vardı. O nisgilin adı Laçın idi. Dədə-baba yurdunun yad əllərdə qalıb yağının nəfəsini duyması Zülfiyyə xanımı çox ağrıdırdı. Amma indi onun Laçını azaddır. Z.Eldarqızı xoşbəxt sənətkardır ki, 50 illik yubileyi Laçının azadlığı ilə eyni dövrə təsadüf edib. Laçının azadlığını onu yubileyinə hədiyyə də hesab etmək olar. Laçın kimi məğrur, qürurlu, dürüst qadın olan Zülfiyyə xanımın dəftərində dosta-yoldaşa xəyanət yoxdur. O sadə, necə deyərlər, düzünəqulu adamdır, safdır, dost üçün canını verəndir.

Zülfiyyə xanım öz sənətinin aşiqidir, sözün xiridarıdır. Həm bədii qiraətçi kimi, həm aktrisa olaraq səhnəmizdə özünəməxsus izi var onun. Təbii ki, müəllim kimi Zülfiyyə xanımın fəaliyyəti çox məhsuldar olub. Neçə-neçə gözəl, istedadlı tələbələr yetişdirib.  Z.Eldarqızı bir alim kimi də uzun illər elmin çətin yollarında yorulmadan irəliləyib, lakin bir sənətkar kimi səhnə fəaliyyətini də yaddan çıxarmayıb. O, həm bir aktrisa, səhnə adamı, bədii qiraətçi, həm də bir alim ömrü yaşayıb. Bu ömrü mənasız yaşamayıb, zəngin, dolu, mənalı, məzmunlu yaşayıb, elə yaşayıb ki, arxaya baxanda güzgüdən gözlərinin içinə yaxşılıqları boylanır.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, kinoşünas, aktrisa, bədii qiraət ustası Zülfiyyə Eldarqızı (Zülfiyyə Eldar qızı İsmayılova) 1972-ci il iyunun 20-də Sumqayıtda anadan olub, əslən Laçındandır. 1989-1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu ixtisasında təhsil alıb. 1998-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Azərbaycan kino tarixi oçerkləri” (2001) dərs vəsaitinin həmmüəlliflərindən biridir. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur (2008). Mətbuatda 100-dən çox məqaləsi çap olunub.

Bildirim ki, Z.Eldarqızı 2010-cu ildə Türkiyədə keçirilən "Türk Dünyası Bəyaz Pərdədə Buluşur" adlı Beynəlxalq Festivalda Azərbaycanı teleaparıcı, ssenarist Orxan Fikrətoğlu ilə birlikdə təmsil edib.
bir neçə  albomu işıq üzü görüb. 2006-cı ildə Əməkdar artist Ağalar Bayramovla birlikdə ərsəyə gətirdiyi "Bu sevdanın ömrü-günü bitməsin" adlı audio albomu, 2008-ci ildə torpaqlarımızın işğalına həsr olunmuş "Ah çəkdim, dedilər ahın dağlara", 2010-cu ildə isə Qarabağ müharibəsi iştirakçısı və əlili, Qırmızı Əmək Bayrağı ordenli Şahid Həbubullayevə həsr olunmuş şeirlərdən ibarət albomu və başqaları dinləyicilərin ixtiyarına verilib.
2010-cu ildə Gülşad Baxşıyevanın quruluşunda İlyas Əfəndiyevin “Büllur saray” tamaşasında Sədaqət rolunu oynayıb. 2011-ci ildə Rəsul Rza haqqında çəkilmiş “Yaşıl atlas ömründən səhifələr” adlı filmdə çəkilib. 2011-ci ildə “Ağlar-güləyən Sabirimiz” adlı tamaşada oynayıb. O, xalq yazıçısı Anarın 80 illiyinə həsr olunmuş "Qəm pəncərəsinin o üzündə" kitabını yazıb, əməkdar jurnalist Hikmət Cəmilzadə isə  Z.Eldarqızının səhnə fəaliyyətinə həsr etdiyi “Bütün gözəlliyi Tanrım o sərvinaza verib” kitabını ərsəyə gətirib. Nə yaxşı ki, Hikmət müəllim Zülfiyyə xanımın yaradıcılıq yolunu kitablaşdırıb. Əlbəttə, deyilən söz yadigardır.

Hikmət Cəmilzadə yazır: “Zülfiyyə Eldarqızının ifasında Bəxtiyar Vahabzadənin "Bir salama dəymədi", Xəlil Rza Ulutürkün "Mənim dilim", Fikrət Qocanın "Gərəyim deyil", Ramiz Rövşənin "Qədrimi bilmədi bu adam mənim", "Soğan acısı", Zəlimxan Yaqubun "Sevgi nədir görəsən?", Vahid Əzizin "Adını sildim", Huseyn Kurdoğlunun "Şuşa dərdi", Gülhüseyn Hüseynoğlunun "Məhəbbət", Şöhlət Əfşarın "Ey, nər igidlər", Gülayə Şınıxlının "Səni unutmaq üçün sevməmişəm mən" kimi şeirlər böyük bir sevgi ilə dinləyici qəlbinə yol tapıb. Zülfiyyə Eldarqızı bu ifalarında aydın diksiyası, savadı, poetik nümunəni tamaşaçıya çatdırmaq məharəti ilə minlərlə pərəstişkarının məhəbbətini qazanıb. Sevgi şeirlərindən ibarət “Bu sevdanın ömrü-günü bitmə­sin”, işğal olunmuş doğma Laçına həsr olunmuş “Ah çəkdim, dedilər ahın dağlara” və  “Şöhrət ordeni”nə la­yiq görülmüş, Qarabağ müharibəsinin veteranı, qədim mis-məişət əşyalarının məşhur kolleksiyaçısı Şahid Həbibullayevin Qarabağ savaşlarındakı döyüş həyatına həsr olunmuş “Ay Şahid”  adlı kompakt audio-disklərdə  Zülfiyyə Eldarqızı həzin, mə­lahətli, kövrək, kədərli səsi ilə minlərlə tamaşaçı qəlbinə yol tapmışdır. «Turan ellərinə salam söyləyin» kompakt audio-diskdə isə Zülfiyyə Eldarqızı Cəfər Cabbarlının müxtəlif şeirləri ilə yanaşı professor Asif Rüstəmli tərəfindən ədibin yeni tapılmış nəzm əsərlərini də ədəbi cəmiyyətə təqdim etmişdir. Beləcə, bədii qiraətçi Zülfiyyə Eldarqızı ölkəmizdə, Azərbaycanın hüdudlarından kənarda minlərlə tamaşaçının qəlbini ram etməyə müvəffəq olmuş, sözün həqiqi mənasında böyük məhəbbətlə sevilmişdir. Şair Ələmdar Quluzadənin sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraət ustası Zülfiyyə Eldarqızına ithaf etdiyi   “Adını bilmədiyim səs” ad­lı şeiri də məhz bu məhəbbətin poetik ifadəsidir:

Lalədir, beyninə qan vurub çıxıb,

Ovxarlı qəmədir, dərimi soyur.

Sazdı, köynəyini yandırıb çıxıb,

Qopuzdu, başını sinəmə qoyur...”

Professor Qulu Məhərrəmli deyib ki, Zülfiyyə xanımın yaradıcılıq yolu çoxşaxəlidir. Bu baxımdan, onun barəsində yazarkən bir deyil, bir neçə istiqamətdə düşünmək, yazmaq lazımdır. Zülfiyyə xanım aktrisa kimi teatrda da, kino-serial sahəsində də öz sözünü deyə bilib. Amma bir məqamı qeyd edim ki, bizim rejissorlar da, teatrlar da Zülfiyyə Eldarqızının potensialından lazımı səviyyədə istifadə edə bilməyib. Bu gün Zülfiyyə xanıma uyğun obrazlar yazılmalıdır ki, onun kimi pıotensiallı, istedadlı sənət adamı özünü tamamilə ifadə edə bilsin. Fikrimcə, Zülfiyyə xanımın hələ tam olaraq kinoda və teatrda özünü ifadə etməsi üçün şərait yaradılmayıb. O, “Bakı-Xəbər”in etibarlı dostlarından, yol yoldaşlarından biridir, bizimlə uzun bir yol gəlib. 50 ilin ən azından 20-ni bu yolda xərcləyib.  
Zülfiyyə xanımın özünəməxsus şeir demək üslubu, fərqli və bənzərsiz səsi var.

Mərhum şairimiz Əlamdar Quluzadə “Ürəyindən keçəydim” kitabına daxil etdiyi, “Adını bilmədiyim səs” adlı şeirində Zülfiyyə Eldarqızının  səsinə heyranlığını gizlətmir.

..Bu səs öz sirrini, öz muradını,

Günəşə də desin, günə də desin.

Sözə könül verən səsin adını

Əgər bilən varsa, mənə də desin.

Zülfiyyə xanımın səsində sözün əsl mənasında bir hüzn var, sirli bir hüzn. Adamı çəkib aparır.

“Yaman dəyişmisən, bir bax özünə”, “Tanrı, məni bir də pozub yazarsan” və başqa şeirlər Zülfiyyə xanımın səsindən qanadlanıb. Onun repertuarında klassiklərimizdən tutmuş çağdaşlarımıza qədər çox şairlərin şeirləri var. Müəllifindən asılı olmayaraq Zülfiyyə xanım o şeirləri elə səs biçimində təqdim edir ki, adam heyranlığını gizlədə bilmir.

Zülfiyyə xanım “Nextfilm”də də çəkilib, yerli seriallarda da, kinoda da ona müraciət edilib, dediyim kimi, yüzlərlə şeirə nəfəs verib, tələbələr yetişdirib, elmi fəaliyyətlə məşğul olub. Bütün bunlar onun çox qanadlı yaradıcılığının nümunələridir. Çox təəssüf edirik ki, bu cür zəngin və səmərəli yaradıcılıq yolu keçən sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı Mədəniyyət Nazirliyi tərəfindən unuduldu. Halbuki, onun 50 illik yubileyi yaddan çıxmamalı idi. O hər zaman göz qabağında olub, dövlət tədbirlərində iştirak edib, Azərbaycanı xarici ölkələrdə keçirilən elmi və mədəni tədbirlərdə təmsil edib. Amma onu 50 illiyində yada salıb fəxri adla, yaxud başqa bir təltiflə mükafatlandırmaq aidiyyəti rəsmi qurumların yadına düşmədi. Ümid edirik ki, Zülfiyyə Eldarqızının əməyi layiqli qiymətini alacaq.

Zülfiyyə Eldarqızını 50 illik yubileyi münasibəti ilə “Bakı-Xəbər” kollektivi adından təbrik edirik. Əziz dostumuz, gözəl sənətçi yubileyin mübarək!!!

İradə SARIYEVA