Rusiyada səfərbərliyin əleyhdarları da, tərəfdarları da fəallaşır

23 Sentyabr 2022 18:09 (UTC+04:00)

Rusiyada qismən səfərbərlik elan edilməsindən sonra Ukrayna müharibəsinin sonunun necə olacağı indi dünyada ən əsas müzakirə mövzularından biridir. Çünki qismən səfərbərliklə Rusiya Ukraynaya əlavə 300 minlik ordu yeritməyi düşünür. Bu da Ukrayna müharibəsinin daha qanlı mərhələyə daxil olması deməkdir.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Ukraynadakı döyüşlərə yeni hərbi qüvvə cəlb etmək üçün qismən səfərbərliyin tətbiq olunduğunu elan edib. Müdafiə naziri Sergey Şoyqu bildirib ki, ehtiyatda olan 300 min nəfərin səfərbər edilməsi planlaşdırılır. Səfərbərlik tədbirləri artıq başlanıb. Belə ki, Rusiyanın bir çox regionlarının rəhbərləri artıq qismən səfərbərlik üzrə işə başladıqlarını açıqlayıblar. Sergey Şoyqu  bu fonda bildirib ki, Ukraynada altı aydan çox davam edən müharibədə Rusiyanın itkiləri təxminən 6000 nəfər təşkil edib. Onun qeyd etdiyi rəqəm müstəqil mənbələrin təsdiqlədiyi itkilərdən bir neçə dəfə azdır. Şoyqu isə bildirib ki, Rusiyanın 25 milyon nəfərlik böyük səfərbərlik ehtiyatı var. Amma onun bu sözləri  çoxlarını təəccübləndirir: həm Rusiya itkilərinin azlığına, həm də bu qədər az itki ilə daha yüz minlərlə insanı çağırmaq lazım olduğuna görə. Onu da xatırladaq ki, Rusiyanın müxalif siyasətçiləri və hərəkatları rusları səfərbərliyə etiraz etməyə və bunun qarşısını hər yolla almağa çağırıblar. Ancaq müharibə tərəfdarları “xüsusi əməliyyat”dan qlobal qarşıdurmaya çevrilsə belə, qələbəyə qədər mübarizə aparmaq lazım olduğunu deyirlər. Burada həmin qüvvələr iddia edir ki, qismən səfərbərlik barədə qərar Rusiyanın NATO-nun hərbi potensialı ilə üz-üzə qalması ilə əlaqədar qəbul edilib. Kremlin sözçüsü Dmitri Peskov isə  Kreml Prezident Administrasiyasının əməkdaşlarının da səfərbərliyə alınıb-alınmayacaqlarını nəzərdən keçirəcək. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də deputatların və Duma aparatının əməkdaşlarının mümkün səfərbərliyini müzakirə edəcəyini bildirib.

Putinin səfərbərlik haqqında fərmanına ilk reaksiya verənlər öz bölgələrində səfərbərlik təşkil etməli olan qubernatorlar olub. Bir çox qubernatorun özü çağırış komissiyalarına rəhbərlik edir və yekdilliklə Putinin qərarını dəstəkləyirlər. Onlardan biri olan Nenets Muxtar Dairəsinin rəhbəri Yuri Bezdudnı bildirib ki, Rusiyanın əsas məqsədi Donbası “Kiyev təcavüzkar rejimi”ndən azad etməkdir: "Mən neonasistlərin özlərindən sonra Mariupolda qoyduqları dəhşəti öz gözlərimlə gördüm. Bu şəhərin azad edilmiş sakinlərindən isə minnətdarlıq sözləri eşitdim. İşğaldan azad edilmiş ərazilərdə yaşayan insanların əksəriyyəti neonasistlərin boyunduruğu altında qalmaq istəmir”. Çelyabinsk vilayətinin başçısı Aleksey Teksler də “Rusiyanın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyü”nün müdafiəsi və “Donbas xalqlarına” dəstək üçün səfərbərliyin zəruriliyini açıqlayıb: “Bizi zəiflətmək, parçalamaq və məhv etmək olmaz. Regionumuz ölkənin bütün digər subyektləri kimi vətəndaşların hərbi xidmətə çağırılmasını təmin etməyə borcludur". Ulyanovsk qubernatoru Aleksey Russkix isə bildirib: “Ulyanovsk vilayətinin zavodları həmişə dövlətimizin təhlükəsizliyinin keşiyində dayanıb və indi də durmaqda davam edir, rayonumuzdakı müdafiə zavodlarının məhsulları yüksək qiymətləndirilir”. Ancaq müxalifət fərqli düşünür.

Müxalifətdə duran “Vesna” hərəkatı ümumrusiya etiraz aksiyasına çıxmağı təklif edir. Ciddi rejimli koloniya həbsində olan müxalifətçi Aleksey Navalnı da səfərbərliyə münasibət bildirib:

“Mən bir şeyi başa düşə bilmirəm. Ordu milyon nəfər, qvardiya 350 min nəfərdir, Daxili İşlər Nazirliyi daha bir yarım-iki milyon nəfərdir, bax, Federal Penitensiar Xidmətdə bu qədər adam var. Nə üçün onlar mülki şəxsləri çağıracaqlar? Yəni beş milyon təbəə ölkə boyu ora-bura qaçacaq. Və bir milyon polis səfərbərliyə almaq üçün  onların arxasınca düşəcək. Aparılan müharibə cinayətkardır, getdikcə pisləşir, dərinləşir və Putin bütün bunlara mümkün qədər daha çox insanı cəlb etməyə calışır. O, yüz minlərlə insanı bu qana bulaşdırmağa çalışır”.Navalnının digər yaxın silahdaşı Leonid Volkov total səfərbərliyin “qismən səfərbərlik” altında gizləndiyi tezisini irəli sürür: “Sadəcə, kasıb və depressiyaya uğramış bölgələrdə onlar kvotanı nisbətən asanlıqla doldura biləcəklər, amma daha asudə bölgələrdə basqınlar və digər mümkün hər şey olacaq: onlar, sadəcə, əllərinə keçən hər kəsi tutacaqlar. Çünki könüllü yoxdur”. Onu da qeyd edək ki, Moskvada qismən səfərbərliyə qarşı keçirilən etiraz aksiyasında saxlanılanlara polis bölmələrində hərbi komissarlığa çağırışla bağlı vərəqə verilib. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu bildirir ki, Vladimir Putinin ölkədə qismən səfərbərlik elan etməsi Kremlin Ukraynada üzləşdiyi problemlərin təzahürüdür: “Bu göstərir ki, Moskva yaxın aylarda bu problemləri həll edə bilməyəcək. Putin, eyni zamanda, nüvə müharibəsi və ilhaq referendumları barədə danışıb. O, nitqi zamanı bu mövzuları bir-biri ilə əlaqələndirməməyə çalışdı. Halbuki, bu məsələlər bir-biri ilə bağlıdır. Putin Rusiyanın nüvə silahından istifadəsini Qərbin təhdidləri konteksindən şərh edib. Bu fikirlər Kremlin əvvəlki açıqlamalarından fərqlənmir. Kremlin rəsmi mövqeyi bundan ibarətdir ki, guya NATO Ukraynanı müharibəyə sövq edir”.

Nahid SALAYEV