İrandakı hadisələrə Azərbaycandakı “bütövçülərin” sükut reaksiyası”...

23 Sentyabr 2022 16:36 (UTC+04:00)

Məlum olduğu kimi, İranda xalq ayağa qalxıb və etiraz dalğası günü-gündən genişlənir. Mövcud proseslər 23 yaşlı Məhsa Əmininin İnqilab Keşikçiləri Korpusu tərəfindən ölkədəki ən böyük problemlərdən biri olan geyimin, çadranın İslama uyğun olmamasından ötrü döyülərək öldürülməsindən sonra başladı. Bu gün Güney Azərbaycan çalxanır, İranın digər əyalətlərində olduğu kimi, Azərbaycan şəhərlərində də ciddi etirazlar davam edir.

Çox təəssüf ki, müasir İranda baş verən hadisələrlə bağlı Azərbaycandakı millətçi təşkilatların, partiyaların səsləri çıxmır, nə bir bəyananatları var, nə bir dəstək çağırışı edirlər. Özgə vaxt, heç gərək olmayanda bu siyasilər susmur, amma bu gün onların səslərinə, dəstəyinə ehtiyac olduğu bir vaxtda susurlar. Orada soydaşlarımız kütləvi olaraq, işgəncələrə məruz qoyulur, həbs edir, qətlə yetirilir. Elə sentyabrən 22-də yayılan məlumata görə, 10 nəfər soydaşımız qətlə yetirilib.

Özünü Güney Azərbaycan sevdalısı sayanlar niyə açıq bəyanatlar vermir, münasibət bildirmirlər?

Müstəqil siyasətçi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun müxtəlif səbəbləri var. “Güneydəki proseslərin bir neçə  tərəfi var. Orda söhbət həm insan haqlarından, həm iqtisadi sıxıntılara etirazlardan, həm də milli azlıqların öz milli kimliyi uğrunda mübarizəsindən gedir. Bu mübarizəyə Azərbaycanda ümümiyyətlə münasibət çox pisdir. Hakimiyət susduğu kimi, siyasi partiyalar, qeyri-hökumət təşkilatları da susurlar, onlar hakimiyyətin mövqeyinə görə hərəkət edirlər. Hesab edirəm ki, Azərbaycanda  siyasi partiyalar yoxdur, siyasi qruplaşmalar var. Bu siyasi qruplaşmaların da mütləq əksəriyyəti, çoxluğu hakimiyyətin təsirindəndir. O cümlədən də QHT - lər. Birincisi buna görə münasibət göstərə bilmirlər ki, hakimiyyətin güney məsələsinə münasibətini bilmirlər. Düşünürlər ki, birdən bunların mövqeyi hakimiyyətin mövqeyinə uyğun gəlməz, ciddi zərbə alarlar, özlərinə qarşı narahatlıq yaradarlar. Yaxud nələrdənsə məhrum olarlar. Digər tərəfdən, ona görə göstərə bilmirlər ki, siyasi partiyaların, QHT-lərin özündə sərbəstlik, azadlıq, müstəqillik ruhu, düşüncəsi yoxdur. Hakimiyyətdən asılı olmaq başqa, bunların özünün xarakterində də müstəqillik, azadlıq yoxdur. Üçüncü isə, bunların bir çoxunun milli məsələlərə münasibəti sıfır həddindədir. Çünki bunların bir çoxu elə siyasi partiyanı sadəcə olaraq görüntü üçün, çörək pulu üçün və yaxud cəmiyyətə özünü sırımaq üçün yaradıb. Bunların bir çoxunda milli təəssübkeşlik, dövlətçilik anlayışının özü çox zəifdir. Ən nəhayət, münasibət göstərməmələrinin səbəbi İrandan qorxmaqdır. Bu siyasi partiyalar və QHT-lər İrandan çox qorxurlar”.

B.Qəmbərli onu da əlavə etdi ki, dünyada gedən prosesləri də bizim o partiyaların, qeyri hökumət təşkilatlarının çoxu düzgün oxuya və düzgün qiymətləndirə bilmir. “Azərbaycanda kütləvi-informasiya vasitələrinin çoxunun da bu məsələyə münasibəti yarıtmazdır. İnsan haqları məsələsi heç bir dövlətin daxili işi deyil. Ən azından, Azərbaycan  KİV-ləri bu məsələyə görə bir münasibət bildirə bilər ki, burda da iş yarıtmazdır…”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO başqanının müavini, siyasi şərhçi Faiq Ələkbərlinin fikrincə isə, hazırda İran adlanan ölkədə baş verənlər birbaşa Azərbaycanın Quzeyi ilə, yəni bizimlə də bağlıdır. “Çünki biz adətən Türkiyəyə və başqa türksoylu dövlətlərə münasibətdə “bir millət iki dövlət” deyə bilərik. Xüsusən də Türkiyəyə münasibətdə “bir millət iki dövlət” deyirik. Ancaq Azərbaycanın quzeyi və güneyi birdir. Biz eyni ifadəni burada işlədə bilmərik. Çünki Təbrizli qədər Bakılı, Şəkili qədər Xoylu, Naxçıvanlı qədər Urmuluyuq. İki Culfamız, iki Astaramız, iki Bilasuvarımız var. Yəni bunların hamısı birdir. Bu baxımdan, Quzey Azərbaycandakı təşkilatların, partiyaların və digər qurumların bu qədər səssiz qalması doğru deyil. Biz Bütöv Azərbaycan Ocaqları (BAO)  bu prosesi çox həssaslıqla izləyirik və orada gedən proseslərlə bağlı bilgilərimiz var.  Bununla bağlı da bir neçə bəyanat vermişik. Hətta yaxın günlərdə əgər rəsmi icazə ala bilsək İran adlanan ölkənin səfirliyinin qarşısında piket keçirməyi planlaşdırırıq. Çünki oradakılar bizim soydaşlarımızdır, qanımız-canımız birdir. Nəslimizin-kökümüzün bir hissəsi Ərdəbildədir, Zəncandadır, Təbrizdədir, Urmidadır, Tehrandadır, Həmadandadır, Xoydadır, Makudadır, onların da nəsil və köklərinin yarısı Quzey Azərbaycandadır. Ona görə də soyadaşlarımızın kütləvi şəkildə həbs edilir, Təbrizdə nəinki 10 nəfər qətlə yetirilib dəqiqləşməmiş məlumata görə, hətta 100-ə yaxın soydaşımızın qətlə yetirildiyi bildirilir. Biz BAO olaraq  bütün millətçi təşkilatlara, o cümlədən müxalif təşkilatlara, hətta dövlət qurumlarına da müraciət edirik ki, bu məsələdə mövqeyini ortaya qoysunlar. Əlbəttə, biz başa düşürük ki, məsələn, rəsmi tərəfdən İranla Azərbaycan arasında müəyyən münasibətlər var. Ancaq hesab edirəm ki, hər halda Azərbaycanın dövlət qurumlarında, parlamentdə təmsil olunanlar bu məsələlərə reaksiya verməlidir. Çünki bu  bu və ya digər anlamda eyni millətin məsələsidir. Çox təəssüflər olsun ki, ölkədəki müxalif siyasi təşkilatların da, özünü millətçi adlandıran qurumların da çoxunun bu məsələ ilə bağlı səsləri çıxmır”.

F.Ələkbərli ümid edir ki, ölkəmizdə fəaliyyət göstərən millətçi təşkilatlar və qeyri – hökumət təşkilatları, dövlət məmurları bu məsələyə reaksiya verəcək. O vurğuladı ki, İran hökuməti bununla bağlı presedent yaradıb, bu mənada ki, indiyə qədər İranın deputatları, ayətullahları, müəyyən din və siyasət adamları Azərbaycana qarşı hədyanlar səsləndirib. Belə həssas bir məqamda bizim Güneydəki soydaşlarımıza dayaq durmalı olduğumuzu qeyd edən müsahibimiz hesab edir ki, milli birliyimizi ortaya qoymalıyıq.

İradə SARIYEVA