ABŞ dolları qəsdlə bahalaşdırıldı, milli valyutalar çökür, manatımız necə olacaq...

23 Sentyabr 2022 16:23 (UTC+04:00)

Məlum olduğu kimi, ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,75 faiz artırıb. Bununla da uçot dərəcəsi 3-3,25%-ə çatdırılıb.

Məlumata görə, ABŞ-dakı infilyasiyaya görə atılan bu addım dünyada dolların kursunu möhkəmləndirəcək, avro və digər valyutaların isə dollara nisbətdə dəyər itərəcəyi gözlənilir.

Xatırladaq ki, son bir aydan etibarən, avronun tarixi ərzində ilk dəfə məzənnəsi dollardan aşağı səviyyəyə düşüb.

Qeyd edək ki, FED-in qərarı birjalara təsirsiz ötüşməyib. Avro minimuma qədər ucuzlaşıb, ABŞ dolları  isə dünyada ən yüksək məzənnə ilə  alınıb-satılır. Bu vəziyyət Azərbaycana necə təsir edəcək, Azərbaycanda da dollar bahalaşa bilərmi?

Millət vəkili Vüqar Bayramov bildirdi ki, FED uçot dərəcəsini 0,75% artıraraq 2,50%-dən 3,25%-ə yüksəldib: "Bu, 1994-cü ildən bəri ən yüksək artımdır. İnflyasiyanı tənzimləmək üçün FED faizləri yüksəltməkdə israrlı görünür. FED-in qərarı birjalara təsirsiz ötüşməyib. Avro 20 illik minimuma qədər ucuzlaşıb. FED-in kəskin artım qərarı birjaları silkələməkdə davam edir. Antiinflyasiya aləti kimi istifadə edilən uçot dərəcəsi ABŞ puluna dəyər gətirsə də, Birləşmiş Ştatlar qiymət artımlarını hələ də optimallaşdıra bilməyib. ABŞ-da illik inflyasiya 8,3%-dək yüksəlib ki, bu da son 40 ildə ən pis göstəricidir".

Millət vəkililinin sözlərinə görə, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir: "Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da, təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutaların məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir. Bütün bunlarla yanaşı, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankın qərarından asılıdır. Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, dolların faiz dərəcəsinin belə sürətlə artmasının müsbət və mənfi tərəfləri var və bu addım hələ bir müddət dünya iqtisadiyyatında ciddi əks-səda doğuracaq: “Əslində, dünyada Mərkəzi Banklar və hökumətlər çox çətin vəziyyətlə üzləşiblər. Obrazlı desək, Mərkəzi Banklar və hökumətlər pislə çox pis arasında seçim qarşısında qalıblar. Çox pis odur ki, infilyasiya hər gün artır və ciddi qiymət artımı sosial etirazları da özü ilə birlikdə gətirir. Bu proseslə mübarizədə də uçot dərəcəsini artırmaq lazımdır. Kreditləri bahalaşdırmaq, tələbləri azaltmaq lazımdır və hazırda bunu FED və digər Mərkəzi Banklar edir. Pis tərəf isə ondan ibarətdir ki, bu, iqtisadi aktivliyin zəifləməsinə, hətta resessiyaya gətirib çıxara bilər. İş yerləri qapana bilər, iqtisadi aktivlik zəifləyə bilər və deyim ki, bu proses artıq başlayıb. Xüsusən Avropada və dünyada qazın qiymətinin ən yüksək həddə çıxması vəziyyəti daha da pisləşdirir. Enerji qiymətlərinin artması həm istehsala, həm də istehlaka mənfi təsir edir və biz artıq Avropada sosial yönlü etirazlara şahid olmaqdayıq. Buna görə də qiymətlərin qarşısının alınması vacibdir. Təbii ki, dolların faiz dərəcəsinin belə sürətlə artmasının müsbət və mənfi tərəfləri var. Ona görə də, bu addım hələ bir müddət dünya iqtisadiyyatında ciddi əks-səda doğuracaq”.

Günel CƏLİLOVA