Azərbaycan Ərəb Dövlətləri Liqasının Sammitinə dəvət edildi

23 Sentyabr 2022 15:39 (UTC+04:00)

Əlcəzair Prezidenti Əbdülməcid Tebbun Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsində keçiriləcək Ərəb Dövlətləri Liqasının Sammitinə fəxri qonaq kimi dəvət edib.

Türkiyə mətbuatı yazır ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, Nyu Yorkda səfərdə olan Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.

Nazirliyin açıqlamada Prezident Tebbunun Qoşulmama Hərəkatının hazırkı rəhbəri kimi Azərbaycan Prezidenti İlham Əliyevi fəxri qonaq qismində noyabrda Əlcəzairdə keçiriləcək Ərəb Liqası Zirvə toplantısında iştirak etməyə dəvət etdiyi bildirilib.

Nazir Lamamranın Prezident Tebbunun dəvət məktubunu azərbaycanlı həmkarı Bayramova verdiyi bildirilən açıqlamada iki nazirin beynəlxalq gərginlikdə Qoşulmama Hərəkatının rolunun aktivləşdirilməsi ilə bağlı fikir mübadiləsi apardıqları qeyd edilib.

Tahir TAĞIYEV