Putin dediyi son addıma hansı halda gedə bilər?..

22 Sentyabr 2022 19:26 (UTC+04:00)

Ukraynanın savaş məkanında başladılan yeni mərhələ dərinləşməyə başlayıb. Rusiya savaşın davam etdiyi son yeddi ay ərzində əldə etdiyi hərbi-strateji üstünlüyü böyük sürətlə itirməyə başlayıb. Ukrayna ordusunun müdafiə taktikasını hücum strategiyası ilə əvəzləməsi Rusiyanı olduqca ağır vəziyyətə salıb.

Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.  Kreml sahibi ordu üçün önəm daşıyan hərbi ixtisaslar üzrə təcrübəsi olan Rusiya vətəndaşlarının səfərbərliyə cəlb edilməsi ilə bağlı qərar verib. O, bu qərarını Rusiyanın bütün dünya ilə savaş vəziyyətində qalması ilə izah etməyə çalışıb.

Putin həmçinin deyib ki, Rusiyanın ərazi bütövlüyünə təhlükə yaranarsa, bütün mümkün müdafiə vasitələrindən istifadə olunacaq.

Putin NATO ölkələrinin yüksək rütbəli nümayəndələrinin Rusiyaya qarşı kütləvi qırğın silahlarından istifadənin mümkünlüyü ilə bağlı bəyanatlarına münasibət bildirib:

"Rusiya haqqında bu cür bəyanatlar verənlərə xatırlatmaq istəyirəm ki, bizim ölkədə də müxtəlif məhvetmə vasitələri var. Bəziləri NATO ölkələrindən daha müasirdir".

Qeyd edək ki, Vladimir Putinin sərəncamı ilə Rusiya ordusunun strateji çəkindirmə qüvvələri fevralın 27-dən xüsusi döyüş növbətçiliyinə keçib.

ABŞ Rusiya Prezidenti Vladimir Putinin nüvə silahının istifadəsi barədə dediklərini ciddi qəbul edir. Rusiya tərəfindən nüvə silahının tətbiq olunması bu ölkə üçün beynəlxalq arenada ağır nəticələrə səbəb olacaq.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABC telekanalına müsahibəsi zamanı deyib:

“Biz bunu ciddi qəbul edirik. Rusiyanın strateji konfiqurasiyasını bacardığımız qədər izləyirik ki, ehtiyac olduğu təqdirdə öz strategiyamıza düzəlişlər edək. Hazırda buna ehtiyacın olması üçün heç bir əlamət yoxdur”.

Kirbi həmçinin xəbərdarlıq edib ki, Rusiya tərəfindən nüvə silahının tətbiqi onun özü üçün beynəlxalq aləmdə ağır nəticələrə səbəb olacaq və Rusiyanı dünya arenasında “tərk edilmiş” bir ölkəyə çevirəcək.

Vladimir Putin hansı halda nüvə silahından istifadəyə gedə və bunun sonu nə ilə nəticələnə bilər?

Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əslində bu sualın cavabını elə Putinin səsləndirdiyi fikrin içində tapmaq olar: “O deyib ki, Rusiya ərazisi təhdid qarşısında qalarsa, əllərində olan bütün vasitələrdən istifadə edəcəklər. Təbiidir ki, bütün vasitələr deyəndə, həm də nüvə silahı başa düşülür. Bunun baş verməsi bəşəriyyət üçün ciddi problem yarada bilər. Mən belə başa düşürəm ki, Putinin belə bir addım ata biləcəyi ehtimalı çox böyükdür. Çünki Avropa və ABŞ Ukraynadakı müharibə üçün Kiyevə milyardlarla pul ayırıb.

Rusiya sözün bütün mənalarında həm Avropa, həm də başqa istiqamətlərdən təklənib. Belə bir halda Rusiyanın ata biləcəyi ən təhlükəli addımların ehtimalı böyükdür. Belə bir ehtimal varsa, bu artıq işin yarısıdır. O bütün dünya ictimaiyyətinə mesaj verir ki, məni çox küncə sıxışdırmayın. Əgər məni küncə sıxarsızsa, bütün dünyanın düzənini poza bilərəm. Mən bu cavabı real hesab edirəm və düşünürəm ki, Rusiyaya qarşı dünya təşkilatlarının monolit birləşməsi var. Bu birlik Rusiya ücün gücə çevrilib. Türkiyə prezidenti Ərdoğan bu yaxınlarda demişdi ki, Putinə ciddi yanaşın və barışıq yolunu tutun. Bu, ilk növbədə ABŞ-a ciddi mesajdır”.

Məhəmmədəli QƏRİBLİ