“Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktına əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi”. Bunu Prezident İlham Əliyev Laçın şəhərində çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirmək istəmir: “Biz Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif etmişik. Sözdə onları qəbul ediblər, amma biz bunu əməldə görmürük. Yenə də vaxt uzatma taktikası. Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktına əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi. Hələ də tam çıxarılmayıb. Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhliz verməli idi. Bu günə qədər nəinki dəhliz verilməyib, hətta dəhlizin marşrutu bizə deyilməyib. Heç bir praktiki iş aparılmayıb. Biz isə indi dəmir yolunu Zəngilana qədər çəkmişik. Avtomobil yolunu Zəngilana qədər çəkmişik. Biz gələn ilin sonunda Ermənistan sərhədinə həm dəmir yolunu, həm avtomobil yolunu gətirəcəyik. Ancaq Ermənistan ərazisində heç bir iş görülmür və görünür ki, heç bir iş görmək istəmirlər. Yenə də vaxt uzadırlar”.
Görünən odur ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirməkdə maraqlı deyil.
- “Məsələnin digər tərəfi onunla bağlıdır ki, Qərb Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Ermənistanın 10 noyabrda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini bir sıra amillərlə əlaqələndirdi: “Ermənistan əvvəldən 10 noyabr Bəyannaməsinin bəndlərini yerinə yetirməkdən yayınır. Səbəb odur ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra yaranan geosiyasi reallığı qəbul etmək istəmir. Ermənistan cəmiyyətində, hakimiyyətində müəyyən revanşist əhval-ruhiyyə var. Vaxtaşırı bu ritorika bu və ya digər formada özünü göstərir. Nəticədə Ermənistan müxtəlif təxribatlara əl atır. Başqa bir tərəfdən, Ermənistan hər zaman çalışır Azərbaycanla birbaşa təmaslardan qaçsın. Qərb ölkələrini, xüsusən də Fransa və ABŞ-ı bura cəlb etmək istəyir. Çünki adıçəkilən ölkələr Ermənistanın maraqlarına uyğun mövqe tuturlar. Status məsələsini, Minsk Qrupunu gündəmə gətirmək istəyirlər. Bütün bunlardan çıxış edən Ermənistan vaxt qazanmaq, yenidən toparlanmaq üçün öhdəlikləri yerinə yetirmir. Maksimum vaxtı uzatmağa çalışırlar. Hesab edirlər ki, müəyyən müddətdən sonra geosiyasi vəziyyət onların xeyrinə dəyişəcək. Halbuki, bu mümkün deyil. Məsələnin digər tərəfi onunla bağlıdır ki, Qərb Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Hesab edirlər ki, Azərbaycanla yanaşı, Rusiya da bundan faydalanacaq. Ermənistan dəhliz məsələsində ona görə dirənir ki, Qərbdən dəstək alır. Qərb Ermənistandan alət kimi istifadə edərək regiona daxil olmaq istəyir. Ermənistan çalışır ki, Qərb regiona daxil olsun və proses 30 il də uzansın”.
Partiya sədri onu da qeyd etdi ki, Ermənistana təzyiq artırılmalıdır.
Vidadi ORDAHALLI