XX əsr və ondan əvvəlki dövr xəritələri delimitasiyada Azərbaycana hansı üstünlüklər təmin edəcək...

22 Sentyabr 2022 18:41 (UTC+04:00)

“Biz bütün xəritələri hazırlamışıq. Həm XX əsrin xəritələrini, həm əvvəlki dövrün xəritələrini və delimitasiya işləri bu xəritələr üzrə aparılmalıdır”. Bunu Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan müharibədən dərhal sonra qarşı tərəfə sülh təklif etdi: “Bu da dünya hərb tarixində bəlkə də nadir hallardan biridir ki, 30 il ərzində torpağımız işğal altında olsun, insanlarımız əzab-əziyyət içində yaşasın, tarixi-dini abidələrimiz dağıdılsın, şəhərlərimiz dağıdılsın, milyondan çox mina döşənsin, buna baxmayaraq, biz sülh təklif etdik. Ancaq yenə də görürük ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır. Biz təklif etdik ki, delimitasiya prosesinə start verək. Bunu təxminən bir ildən çox müddət ərzində uzatdı. İndi isə bu proses başlasa da, sırf formal xarakter daşıyır, mahiyyət üzrə heç bir danışıqlar aparılmır, xəritələr üzrə heç bir müzakirə aparılmır. Biz bütün xəritələri hazırlamışıq. Həm XX əsrin xəritələrini, həm əvvəlki dövrün xəritələrini və delimitasiya işləri bu xəritələr üzrə aparılmalıdır”.

Maraqlıdır, XX əsr və ondan əvvəlki dövrün xəritələrinə Azərbaycan nə dərəcədə istinad edə bilər? Həmin xəritələr delimitasiyada Azərbaycana hansı üstünlüklər təmin edəcək?

Məsələyə münasibət bildirən AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyevin fikrincə, sözügedən xəritələrin Azərbaycan üçün əhəmiyyəti böyükdür: “Ona görə ki, həmin xəritələr tarixi sənədlərdir. Onların əsasında sübut olunacaq ki, ötən əsrin əvvəllərində tarixi Azərbaycan əraziləri qanunsuz olaraq ermənilərə verilib. 1918-ci ildə Ermənistan yaradılanda ərazisi 9 min kvadrat kilometr idi. Sonra bölşeviklər 1920-ci ildə Azərbaycanı işğal etdilər. Ondan sonra Zəngəzur Ermənistana peşkəş edildi. Ondan sonrakı dövrlərdə də qanunsuz olaraq otlaq sahələri adı altında ərazilər ermənilərə verildi. Delimitasiya və demarkasiya işləri sürətləndirilsə, o zaman mütləq həmin dövrlərdəki xəritələrə istinad olunmalıdır. Bu da danışıqlarda Azərbaycanın mövqeyini gücləndirir. Özü də orada müxtəlif dövrlərə aid xəritələr var. XIX əsrə aid xəritələr belə var. XX əsrin əvvəllərində, ortalarında tərtib olunmuş xəritələr var. Erməni əli dəyməyən bütün xəritələrdə ərazilərin Azərbaycana aid olması öz əksini tapıb. Coğrafiaşünaslar, tarixşünaslar o ərazilərin bizə məxsus olduğunu yaxşı bilirlər. Ancaq məsələ ondadır ki, Rusiyanın apardığı imperiya siyasəti üzündən sövet dönəmində bu barədə danışmırdılar. Daha dəqiq desək, açıq müzakirələr aparılmırdı. Moskvanın təzyiqi ilə 1969-cu ilin mayında müəyyən ərazilərimiz Ermənistana verildi. Lakin iyul ayında Heydər Əliyev ölkəyə rəhbərlik etdikdən sonra həmin qərar təstiq olunmadı. Elə ərazilər var ki, müvəqqəti örüş sahəsi kimi Ermənistana verilib. Ancaq bunlar o qədər həyasızdılar ki, onu özününküləşdirmək istəyirlər. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər işğal olunandan sonra Ermənistan fürsətdən istifadə edərək müxtəlif istiqamətlərdə qanunsuz olaraq sərhədləri irəli çəkib. Halbuki, bunun heç bir hüquqi və siyasi əsası yox idi. Məhz bu və digər məsələlərin həllində Prezidentin sadaladığı xəritələr vacib rol oynayacaq. Ən vacib məqamlatdan biri də ondan ibarətdir ki, XIX-XX əsrlərdə tərtib olunan xəritələrdə bir dənə erməni toponimi yoxdur”.

Bir sözlə, professor hesab edir ki, Tbilisi, Moskva, Sankt-Peterburq arxivlərində olan orijinal xəritələr delimitasiya prosesində istifadə olunsa, bu, Azərbaycanın xeyrinə olacaq.

Vidadi ORDAHALLI